Siyasət

Yatağa düşən Azərbaycan müxalifəti: xəstəlik ağırdır

8 Mart 2018 12:14
Baxış: 6 978

... Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində ABŞ-ın Klivlend Klinikasında səksən yaşında ürək çatışmazlığından yerli vaxtla səhər saat 10-da dünyasını dəyişəndə AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər sevinclərini gizlədə bilmir, əslində gizlətmək də istəmirdilər.

Müsavat başqanının yaxın adamlarından biri o zaman deyirdi ki, dekabrın 13-də, səhər saatlarında İsa Qəmbər deyibmiş: "Öldü! Azərbaycan hakimiyyətinin ölümüdür bu! Hakimiyyət can üstədir".

Əli Kərimli həmin günlərdə "Azərbaycan hakimiyyəti siyasi insult və infarkt keçirdi" söyləmişdi.

2017-ci ildir. Azərbaycanın siyasi qüvvələr düzənində dəyişən, sadəcə, AXCP və Müsavatın daha da miskin duruma düşməsidir - hakimiyyətsə əksinə, son 14 ildə mövqelərini daha da güclü edib, ölkəni inkişaf etdirir.

Bloqer Əli Kərimlinin ədəbiyyata maraq göstərməyə başlamış skautlar dərnəyini xatırladan AXCP partiyası cəmiyyətdə sayğısını tam itirib, Müsavat isə illər əvvəl sıravi müsavatçıların xəyallarına belə gətirə bilməyəcəyi adamın, Arif Hacılının idarəsinə çevrilib.

Azərbaycanın radikal müxalifəti indi fiziki və mənəvi baxımdan ağır xəstədir.

Müsavatın sabiq başqanı İsa Qəmbər Ankarada müalicə olunur, AXCP sədri və müxalifətçi bloqer Əli Kərimli isə oğlunun əyləncələrinə haqq qazandırmaq üçün verbal müalicə yolları arayır, letargiya yuxusunun yatağında olduğunun fərqinə varmır...

İsa Qəmbərin insultu: deyilənlər və olanlar

"Musavat" partiyasının keçmiş başqanı, Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər indi Türkiyənin paytaxtı Ankarada, Hacettepe Universitetinin klinikasındadır.

Yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.

İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya yerləşdirilib. Xəstəxanadan bildirilib ki, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil, o, ümumi stasionar şöbəyə yerləşdirilib.

Fevralın 28-də isə İsa Qəmbər Müsavat Partiyasının başqanı Arif Hacılı və Mərkəzi Klinik Xəstəxananın həkimi müşayiəti ilə Türkiyəyə, müayinə və müalicəyə yollanıb.

Dörd gün əvvəl  3 gün əvvəl İsa Qəmbər hərarəti yüksəldiyindən profilaktik məqsədlə reanimasiya bölümünə keçirilib.

"Xəstədə tənəffüs sıxıntısı, nəfəs darlığı oldu. Pnevmoniyası ağırlaşmasın deyə, reanimasiyaya alındı. Amma reanimasiyada elə bir sıxıntı yaşamadığımız üçün təkrar palataya aldıq", - Xəstəxananın həkimləri deyiblər.

İsa Qəmbərin xanımı Aida Qəmbər, daha sonra isə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı açıqlamalar verərək "İsa Qəmbər insult keçirməyib, deyilənlər yalandır" söylədilər.

Gülağa Aslanlı hətta öz ampluasına, danışıq tərzinə sadiq qalaraq demişdi: "Bu məlumatı yayanlar qələt edir, başlarını divara vururlar! İsa Qəmbər insult keçirməyib və beyninə də qan sızmayıb. Hazırda vəziyyəti stabildir".

"Divara vurulan baş"ların kimin qafası olması, çözün açığı, mübahisə mövzusudur.

Çünki Gülağa Aslanlı az qala matros Jeleznyak kimi çılğın, siyasətçiyə yaraşmayan - əslində, Gülağa Aslanlının siyasətçi olub-olmaması da sual doğurur - ifadələrlə təhqirə keçsə də, fakt faktlığında qalır: İsa Qəmbərin sağlıq durumu onun "silahdaş"larının və sipəhsalarının söylədiyi kimi deyil.

Çox istərdik ki, belə olmasın, İsa Qəmbərin səhhətində heç bir problem yaşanmasın və onun həyat yoldaşı Aida Qəmbər də pərişan qalmasın.

Fəqət...

İsa Qəmbər insult, yəni beyin qanaması keçirib və bu, faktdır. Amma hemorragik insult, yəni yüksək arterial qan təzyiqi nəticəsində beyin damarlarının dəlinməsi Ankarada yox, Bakıda olub.

Bunu Hacettepe Universitetinin klinikasının nevrologiya bölməsinin həkimləri də etiraf ediblər və söyləyiblər: "Beyin qanaması böyükdür, amma vəziyyəti stabildir. Bütün nevroloji müayinələri normaldır. Danışır. Bilinci yerindədir. Yeməyini yeyir. Hərəkətdədir. Beyin qanaması ilə bağlı hər hansı nevroloji defisiti yoxdur. Həftə içində Bakıdakı hər hansı xəstəxanaya köçürməyi düşünürük".

Türk nevroloqlar və kardioloqları anlamaq olar - onlar pasiyentin sağlıq durumu barədə nikbin danışırlar, əslində, belə də olmalıdır.

Amma onlar İsa Qəmbərin Bakıda müalicəsinin evdə yox, stasionar şəkildə, yəni xəstəxanada davam etdirilməsinin zərurətini dilə gətirməyiblər. Halbuki bu, şərtdir.

Çünki beyinin parenximasına hipertonik qan sızması olan hemorragik insult beyində qan dövranında çox ciddi fəsadlar yaratmaqla yanaşı, beyinin zədələnmiş hissəsinin funksiyasının itməsi, nüvədə və nüvə ətrafında, yəni perifokal zonada patogenezin inkişafı ilə müşayiət olunur.

Və bütün hallarda insult sonradan ağır nevroloji simptomlar yaradır.

İsa Qəmbərin xəstəxanada müalicəsinin davam etdirməsi istisnasızdır. Əks təqdirdə onun beynində lobar və lateral qan sızmalarının, beyinciyin və beyin lüləsinin medial hematoması yaşanacaq.

Hazırda durumu ağır olan İsa Qəmbərin müalicəsində selektiv beta-blokator preparatlar olan "Atenolol,", "Karvidelol", "Metoprolol", "Reoqlyuman", "Elenium", "Betaksolol", "Bisoprolol", "Nebivolol", "Deksametazonzon", "Asebutolol" kimi preparatlardan istifadə olunduğu iddia edilir.

Bu preparatlar çox ciddi təsirə malikdir və hemorragik insultun ağır formalarında istifadə olunur.

Atasını da ötən oğul

Son illərdə siyasi təşkilat rəhbərindən daha çox bloqer funksionallığına qapılan AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlinin Britaniyanın paytaxtı Londonda cah-cəlallı həyatı, eyş-işrət məclislərinə aşina olması barədə çox deyilib və yazılıb.

Azərbaycanın əleyhinə yönəlmiş çoxsaylı kampaniyalarda zaman-zaman mövqeləri Ermənistanın və Dağlıq Qarabağdakı erməni separatçılarının bəyanatlarındakı ifadələrlə üst-üstə düşən, "Məhsul" stadionunda azsaylı tərəfdarlarının toplaşdığı mitinqlərdə və Facebook səhifəsində pafoslu çıxışlar edən Əli Kərimli iddia edir ki, məmləkətin xilası az qala, sadəcə, onunla bağlıdır.

Bu adam, oğlu Türkel Kərimli Londondakı dəbdəbəli və bahalı gecə klublarında əylənən, eyş-işrət məclislərində "stress atan" psevdosiyasətçi AXCP-çi 20 ildən bəri məhkum etdiyi dalanda özünü əla hiss edir.

Niyə də olmasın?! Xaricdən gələn qrantlar hesabına partiyanın sıravi üzvlərindən fərqli olaraq, çox əla həyat sürən, villa və bahalı avtomobilini danmağa çalışsa da, alınmayan Əli Kərimlinin oğlunun bu günlərdə ölkə mediasında "əyləncə" fotoları da yayıldı.

Türkel Kərimli subaydır, Londonda yaşayır və orada işləyir. Əli Kərimlinin "rəsmi" versiyası belədir.

"Tovariş Əli"nin tərəfdarları da özlərinə əl qataraq yazır və söyləyirlər ki, bəs Türkel cavan oğlandır, subaydır, klublarda əylənir, qızları və ya qaradərili dostunu qucaqlayıb şəkillər çəkdirir, normaldır.

İlk baxışdan belədir və ən azı hər kəsin asudə vaxtı necə keçirməsi onun seçimidir.

Amma Türkel Kərimli elə atasının ambisiyalarına görə, "hər kəs deyil".

Belədirsə, suallar var və çətin ki, Əli Kərimli həmin suallara məntiqi, inandırıcı cavab versin.

Türkel Kərimli Londonda çalışırsa belə, bahalı klublarda əylənmək üçün vəsaiti haradan tapır? Axı belə "bohem, qlamur" həyat çox böyük məbləğdə xərclər tələb edir.

Məsələn, Türkel Kərimlinin əyləndiyi klubların ən "təvazökar stilli"isinə giriş haqqı 120 funt, orada Əli Kərimlinin oğlu sayaq əylənməyin xərci isə minimum 2500 funt-sterlinqdir.

Türkel isə belə "bohem" həyatı sevir və deməli, sadə kalkulyasiyalara görə, onun, sadəcə, "asudə vaxt" xərclərinin minimal həcmi ayda 10 min funtdan az olmamalıdır.

Əli Kərimli iş adamı deyil, valideynlərin yüklü miras almayıb və and-qəsəmlərinə inansaq, "adi, sadə həyat" yaşayır.

" "Millət vəkili olarkən yüksək maaş almışam, amma bundan sonra iş imkanım yoxdur. Həyat yoldaşıma da belə bir iş imkanı tanımayıblar. Beləliklə, bizim son illərdə pul qazanmaq imkanlarımız yoxdur. Mənim qohumlarım, yaxınlarım bu məsələlərdə həmişə mənə kömək ediblər. Oğlum İngiltərədə ali təhslini bitirib, artıq işləyir. Nüfuzlu bir təşkilatda çalışır və kifayət qədər yüksək maaş alır. Lakin buna baxmayaraq, oğlumun evi yoxdur, heç özünə avtomobil də almayıb. O, əksəriyyət kimi ictimai nəqliyyatdan istifadə edir, bizim ailəmizə və bacısının təhsilinə kömək edir", - "oğul maaşına möhtac ata" obrazı yaratmağa çalışan  Əli Kərimli az qala ağlamsınaraq demişdi və yazmışdı.

Amma bu "zavallı insan portreti"nin arxasında Əli Kərimlinin əsl, gerçək siması var.

Bu "portret"də əks olunan simanın altında hansı xətlərin, neçə formada xislətin gizləndiyini hər kəs bilir. Başqa sözlə, axşama kimi xarici ölkələrin Azərbaycandakı səfirliklərinin qarşısında pul üçün yatan Əli Kərimlinin oğlu Türkel Kərimlinin öz maaşından ayırıb göndərdiyi 5-10 manat pula möhtac olmadığını hər kəs bilir. Lakin "Yurd" sədri maddiyyata elə bağlı insandır ki, oğlunu da "obşak"a bağlayar.

Əbülfəz Elçibəy Kələkidə olarkən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üçün ayrılmış pulları mənimsəyərək partiyaya qənim kəsilən Əli Kərimlinin tamahı sonrakı illərdə də səngiməmişdi. Partiyanın maliyyə vəsaitinə nəzarəti tamamən ələ keçirən "Yurd" sədri məhz sərhədsiz tamahına görə nüfuzlu siyasətçilərin AXCP-dən getmələrinə səbəb olmuşdu.

AXCP-ni çirkin oyunlarla parçalayan, partiyanın sıravi üzvlərini maddi məhrumiyyətlərə düçar edən, partiyadaşlarının belə, ciblərinə qənim kəsilən, bir ara sabiq nazir Fərhad Əliyevlə kuluar əlaqələr quran Əli Kərimli şəstlə "AXCP-nin əsgərləri" adlandırdığı sıravi üzvləri ona dəstək verən muzdsuz könüllülər dəstəsi sayır.

Bakının bir neçə yerində evi olduğu, avtomobil biznesi ilə belə, "muşqulat etdiyi" iddia edilən Əli Kərimlinin 2013-cü ildə absurd "Milli Şura" layihəsi ilə bağlı şimal və cənub qonşularımızdan külli miqdarda "ianələr" aldığı da vurğulanır.

Oğlu Türkelin İngiltərədən ona "dolanışıq və məişət problemlərini həll etmək üçün" göndərdiyi pullara gəlincə, bu, heç onun bahalı avtomobilinin benzin pulu etməz.

Əli Kərimli belə iddialarla çox cılız, zavallı təsir bağışlayır.

Ən azı ona görə ki, iki il əvvəl ABŞ Konqresinin Tom Lantos adına insan haqları komissiyasındakı dinləmələri, Əli Kərimlinin həmin vaxt oğlu Türkeli siyasi səhnədə sınamaq fikrinə düşməsi unudulmayıb.

T.Kərimli sözügedən dinləmələrdə Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçisi Bako Saakyanın oğlu Armen Saakyanla eyni cəbhədən çıxış etmişdi.

Sözün bütün mənalarında öz yerinə oğlunu hazırlayan Əli Kərimli isə yenə də suallara hərcai cavablar verərək "Xalqı mitinqə çağırıram!" deyir.

Xalqın ona münasibətini isə Əli Kərimli hələ də dərk etmək istəmir.

Vicdanın səsini dərk etməyi bacarırsa təbii...

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.