Siyasət

Rauf Əliyev: "Mehriban Əliyeva Birinci vitse-prezident kimi ona həvalə olunmuş vəzifələri uğurla həyata keçirib"

23 Fevral 2018 11:34
Baxış: 1 058

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasının 1 ili tamam oldu. Keçən bir il ərzində Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi ona həvalə olunmuş vəzifələri uğurla həyata keçirib".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, eyni zamanda Gənclər və idman komitəsinin üzvü, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının (UGFF) prezidenti Rauf Əliyev bildirib.

Millət vəkilinin sözlərinə görə, Mehriban xanım Əliyeva ölkədə aparılan sosial siyasətin müəyyənləşdirilməsində və təsdiq olunmuş sosial layihələrin həyata keçirilməsində Birinci vitse-prezident kimi xüsusi rola malikdir: "Təsadüfi deyil ki, 2017-ci ilin ən mühüm, yaddaqalan hadisələri barədə sorğu keçirilən zaman Mehriban xanımın Birinci vitse-prezident vəzifəsinə təyin olunması ilin ən mühüm hadisələrindən biri kimi qeyd olunmuşdur. Bu vəzifəyə təyin olunana qədər Mehriban xanım Xəzər rayonundan 3-cü çağırış Milli Məclisə deputat seçilmişdi. Bu illər ərzində Mehriban xanımın təşəbbüsü ilə Xəzər rayonunda həyata keçirilən sosial-iqtisadi layihələrin nəticəsində rayonun qəsəbələri tanınmaz dərəcədə dəyişmiş, geniş miqyaslı tikinti-abadlıq işləri həyata keçirilmişdir. Rayonun qəsəbələrində 42 yeni məktəb binası, 24 uşaq bağçası-körpələr evi, 16 internat evi və məktəbi inşa edilmiş və əsaslı təmir olunmuş, 10 idman, 28 mədəniyyət obyekti, 7 məscid binası tikilmiş və təmir olunmuşdur. Hal-hazırda bu istiqamətlərdə işlər yenə də davam etdirilir".

R.Əliyev qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidentinin dövlətimiz və xalqımız qarşısında digər mühüm xidmətləri də var: "Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ümumimilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsində, yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə olunmasında, təhsil, səhiyyə, mədədəniyyətimizin bütün sahələrində müxtəlif layihələrin həyata keçirilməsində, misilsiz rola malikdir.

Mehriban xanımın çoxsahəli fəaliyyətinin bir istiqməti də idmanla bağlıdır. Təşkilat komitəsinin sədri kimi onun rəhbərliyi ilə Bakıda keçirilən I Avropa Oyunları və 4-cü İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil olunmuş və bu Oyunların Azərbaycan standartları müəyyənləşdirilmişdir.

Mehriban xanımın təşəbbüsü ilə Avropanın, eləcə də dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyəti, incəsənəti təbliğ olunur. Belə tədbirlərin keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə daha yaxından tanınmasında böyük rol oynayır.

O, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ən yaxın silahdaşıdır. Tam əminliklə demək olar ki, Mehriban xanım bundan sonra da dövlət başçısı ilə birlikdə Azərbaycan xalqının və Azərbaycan dövlətinin qarşısında duran bütün  vəzifələri şərəflə yerinə yetirəcəkdir".

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.