Siyasət

Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş yoxdur: bu, kimin xeyrinədir?

22 Fevral 2018 19:24
1 Şərh     Baxış: 1 782

Müəllif: Gülşən Paşayeva (Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini )

Bu il fevralın 9-da Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası keçirilib. İclasın gündəliyində hələ də həllini tapmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla, bir sıra ciddi məsələlər var idi.

1994-cü ilin mayında bu münaqişənin tərəfləri arasında atəşkəs razılaşması əldə olunub. O vaxtdan keçən 20 ildən artıq bir dövrdə Azərbaycanın 2, Ermənistanın isə 3 prezidenti münaqişəsinin sülh yolu ilə həlli danışıqlarında iştirak edib. Lakin problem hələ də həll olunmayıb.

Hər bir sülh razılaşmasının imzalanması üçün ən vacib şərt ümumi gələcək naminə aydın planın hazırlanmasıdır. Məsələn, vaxtilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev ilə Levon Ter-Petrosyan belə etmişdilər. 1997-ci ildə onlar Dağlıq Qarabağ münaqişəsini mərhələli həll yolu ilə sona çatdırmağa hazır idilər. Amma Ermənistan hökumətinin təzyiqləri üzündən dövlət başçısı 1998-ci ilin fevralında istefa vermək məcburiyyətində qaldı. Bunda bir neçə həftə sonra Robert Koçəryan Ermənistan prezidenti seçildi. O vaxtadək Koçaryan ölkənin baş naziri və qondarma "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" olmuşdu.

Sonralar ermənistan təxminən 20 il ərzində Robert Koçəryanla Serj Sarqsyan tərəfindən idarə olundu. Onların hər ikisi qondarma "Dağlıq Qarabağ Respublikası"nı təmsil edirlər.  

Onlar hakimiyyətə gələr-gəlməz Dağlıq Qarabağın Azərbaycana tabe olmasına razılıq verməyəcəklərini bəyan ediblər. Məhz bu üzdən bütün ötən dövrdə danışıqlar prosesində uğur əldə etmək mümkün olmayıb. Beləliklə, illər ərzində danışıqların nəticə verməməsi, həmçinin təmas xəttinin hərbiləşməsi münaqişə tərəflərinin mövqeyinin daha da sərtləşməsilə nəticələnib.

2014-cü ildən etibarən təmas xəttində gərginlik daha da artıb. 2016-cı il aprelin əvvəllərində isə tərəflər arasında son illərin ən dəhşətli və genişmiqyaslı hərbi əməliyyatı baş verib. Həmin vaxt Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən bəri ilk dəfə işğal altında olan strateji yüksəkliklərinin bəzilərini azad edib.

Bundan sonra Rusiyanın səyilə tərəflər arasında atəşkəs bərpa olunub və danışıqlar prosesi gücləndirilib. Az sonra Azərbaycan və Ermənistanın dövlət başçıları arasında yüksək səviyyəli görüşlər də keçirilib. İki ölkə prezidentləri 2016-cı ilin mayında Vyanada, həmin ilin iyununda Sankt-Peterburqda, 2017-ci ilin oktyabrında isə Cenevrədə görüşüblər.

Bundan başqa, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə 2017-ci il dekabrın 6-da Vyanada, 2018-ci il yanvarın 18-də Krakovda danışıqlar aparıb.

Bir sözlə, son dörlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda müəyyən müsbət dinamika müşahidə olunurdu. Məsələn, dövlət başçılarının Cenevrə görüşü konstruktiv ab-havada keçib. Onlar danışıqlar prosesinin gücləndirilməsi, təmas xəttində gərginliyin azaldılması məqsədilə əlavə addımların atılması haqda razılığa gəliblər.

Lakin S.Sarqsyanın Cenevrə görüşündən sonra, yəni oktyabrın 16-da ölkəsinin İsveçrədəki səfirliyində erməni icmasının üzvləri ilə görüşü zamanı veriyi bəyanat danıqlar prosesinə öz mənfi təsirini göstərib. Ermənistan prezidenti deyib ki, "bizim üçün problemin məqbul sayılacaq yeganə həll yolu Qarabağın Azərbaycanın tərkibdən çıxmasıdır və heç bir erməni lider başqa həll yolunu qəbul edə, onu həyata keçirə bilməz". Bu yanaşma Qarabağda anadan olmuş Ermənistan prezidentinin sərt mövqeyini, onun kompromisə hazır olmadığını bir daha nümayiş etdirir.

S.Sarqsyan yanvarın 23-də Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri ilə görüşündə, yanvarın 24-də isə Avropa Şurası Parlament Assambelyasının plenar iclasında da bəyan edib ki, "Dağlıq Qarabağ xalqı azadlığı və müqəddəratını təyin etmə hüququ uğrunda mübarizə aparır və Azərbaycan "Artsax"ın müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşmalı, onu qəbul etməlidir".

Bu bəyanat iki ölkənin xarici işlər nazirlərinin Krakov görüşündən sonra səsləndirilib. Nazirlər həmin görüşdən sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi ilə bağlı konseptual sənədlər haqda razılığa gəldiklərini bəyan etmişdilər. Onlar hazırda masa üzərində olan həssas məsələlər haqda da fikir mübadiləsi aparmışdılar.  

Digər tərəfdən, Dağlıq Qarabağ əsilli Ermənistan prezidenti hesab edir ki, müqəddəratı təyinetmə hüququ yaxşı vasitədir və bundan gələcəkdə regionun Azərbaycandan ayrılması üçün hüququ əsas kimi istifadə etmək olar. Lakin aydındır ki, müqəddəratı təyinetmə hüququ bir neçə obyektiv səbəbə görə Dağlıq Qarabağa tətbiq oluna bilməz.

Birincisi, təhlükəsizlik məsələləri üzrə avropalı ekspertin - Popyanevskinin də dediyi kimi, Azərbaycan Dağlıq Qarabağ regionunda yaşayan ermənilərin hüquqlarını müntəzəm olaraq pozmayıb. Halbuki, bu regionda və onun hüdudlarından kənarda yaşamış azərbaycanlıların hüquqları artıq 25 ildən artıqdır ki, erməni separatçıları tərəfindən pozulur.

İkincisi, müasir beynəlxalq hüquq normalarında göstərilmiş ənənəvi dövlətçilik meyarlarına əsasən, bu regionda yeni dövlət yaradıla bilməz. Çünki Dağlıq Qarabağ 1933-cü ildə qəbul olunmuş Montevideo Konvensiyasının 3 əsas prinsipinə uyğun gəlmir: onun sabit sərhədləri, daimi əhalisi və ən əsası, effektli və müstəqil idarəçiliyi yoxdur.

Üçüncüsü, nə Sovet İttifaqı Konstitusiyasını, nə də bu ölkənin bölünməsi haqda 1990-cı ildə qəbul olunmuş qanunu Dağlıq Qarabağın Azərbaycandan ayrılması hüququnun dəstəklənməsi kimi şərh etmək olar. Dağlıq Qarabağ ermənilərinin Azərbaycan daxilində müqqədəratı təyin etmə hüququ var, Azərbaycan da öz ərazisi daxilində bu regiona yüksək səviyyəli özünüidarə hüququ verməyə hazırdır.

Ermənistanın birinci prezidenti Levon-Ter Petrosyan hesab edirdi ki, Azərbaycanla Dağlıq Qarabağla bağlı kompromisin əldə olunması onun ölkəsinin uzunmüddətli strateji maraqlarına uyğundur. Lakin görünür, ondan fərqli olaraq S.Sarqsyan bunu anlamır. Onun üçün Dağlıq Qarabağın maraqları Ermənistanın maraqlarından üstündür. Buna görə də S.Sarqsyan status-kvonu qorumağa çalışır. Lakin Ermənistan prezidentinin hazırkı status-kvodan fayda əldə edəcəyi şübhə doğurur. Çünki bu, ona baha başa gəlir.

ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya, həmçinin bu qrupun daimi üzvləri olan Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə və Belarus bu münaqişənin siyasi həllinin sürətləndirilməsi üçün lazımi addımlar atmalıdır.

Popyanevskinin qeyd etdiyi kimi, ortaya Dağlıq Qarabağ və ona bitişik rayonların Ermənistan tərəfindən işğal edildiyinə dair vahid, ciddi mövqe qoyulmalıdır: "Bu, təkcə Ermənistan hərbi birləşmələrinin regiondan çıxarılması ilə nəticələnməyəcək, həm də regiondakı hazırkı vəziyyətin müvəqqəti olduğunu göstərəcək. Bu məsələdə əsas hədəf Azərbaycanın ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin regiona qayıdışını təmin etməkdir. Bu mövqe regionda işğalçı qüvvə olan Ermənistanın humanitar öhdəliklərinə də aydınlıq gətirəcək".

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.