Siyasət

Bosniya və Hersoqovina rəhbəri üçüncü dəfə Qlobal Bakı Forumunda iştirak edəcək

21 Fevral 2018 14:32
Baxış: 603

Bosniya və Hersoqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç üçüncü dəfə Diasporla İş üzrə Dövət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumunda iştirak edəcək.

Milli.Az xəbər verir ki, Komitədən Trend-ə verilən məlumata əsasən, Mladen İvaniç Forumun "Çoxluqlar milli azlıqlara qarşı" mövzusuna həsr olunan panel iclasında əsas çıxışçıdır. O, mövzu ilə bağlı ölkəsinin və digər Balkan ölkələrinin təcrübəsini paylaşacaq, bu məsələyə dair fikir və təkliflərini səsləndirəcək.

Bildirək ki, Bosniya və Herseqovina hökuməti ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında bir neçə ildir səmərəli əməkdaşlıq əlaqələri mövcuddur və birgə əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilib. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniçin dəstəyi ilə 2016-cı ilin noyabrında Sarayevoda Mərkəzin IX ali səviyyəli toplantısı, fevralda isə "Dinlərarası Dialoq və Ekstremizmə Cavab" movzusunda xüsusi toplantı baş tutub. Həmin toplantı çərçivəsində NGBM üzvləri ilə Bosniya və Herseqovinanın Prezident Şurasının üzvləri arasında görüşlər də keçirilib. 2017-ci il noyabrın 20-də isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Lagumdzijanın rəhbərliyi ilə "Balkanların Avropa gələcəyi" movzusunda konfrans təşkil olunub.

Qeyd edək ki, 15-18 mart tarixində keçirləcək VI Qlobal Bakı Forumunda Albaniya Respublikasının Prezidenti İlir Meta, Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç, digər ölkələrin indiki və keçmiş prezidentləri, baş nazirləri, nazirləri, görkəmli siyasətçiləri, ziyalıların iştirakı gözlənilir. "İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması" mövzusuna həsr olunan forumda Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda hazırkı və gələcək vəziyyət, Çinin xarici siyasəti kimi bir sıra qlobal məsələlərin müzakirəsi planlaşdırılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.