Siyasət

Prezident İlham Əliyev: Azərbaycanda həyata keçirdiyimiz layihələr Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə yaradıb

15 Fevral 2018 20:59
Baxış: 675

Azərbaycanda həyata keçirdiyimiz layihələr Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə yaradıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir: "Biz enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya yatırmışıq, bununla da iqtisadiyyatımızın uzunmüddətli davamlı inkişafını təmin etmişik. Sözsüz ki, bizim əvvəlki illərdə Azərbaycanda həyata keçirdiyimiz layihələr Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə yaradıb. Bizim enerji strategiyamız müstəqilliyimizin bərpasından bir qədər sonra başlanıb və artıq 3 il sonra - 1994-cü ildə Azərbaycan BP-nin rəhbərliyi ilə dünyanın aparıcı neft şirkətləri konsorsiumu ilə müqavilə imzaladı və layihənin və investisiyaların həcmini nəzərə alaraq bu müqavilə dərhal "Əsrin müqaviləsi" adını aldı. Ötən ilin fevralında Bakıda sonuncu görüşümüzdən sonra keçən dövr ərzində biz eyni yataqla bağlı "Əsrin müqaviləsi"nin uzadılmasına dair yeni müqavilə imzaladıq. Hazırda layihənin müddəti 2050-ci ilədək uzadılıb. Qarşıdakı onilliklər ərzində biz dünyanın ən böyük neft yataqlarından biri olan "Azəri-Çiraq-Günəşli"də sabit və davamlı inkişafdan faydalanacağıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.