Siyasət

"Erməni əsirliyində: işgəncə və qətl antologiyası" kitabının təqdimat mərasimi keçirilib - FOTO

15 Fevral 2018 12:40
Baxış: 1 339

Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən Azərbaycan və ingilis dillərində nəşr edilmiş "Erməni əsirliyində: işgəncə və qətl antologiyası" adlı kitabın təqdimat mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əvvəlcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olmuş soydaşlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov kitabın Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-leytenant Mədət Quliyevin nəzarəti ilə tərtib edildiyini diqqətə çatdırıb.

Komissiya katibi qeyd edib ki, "Erməni əsirliyində: işgəncə və qətl antologiyası" adlı kitabla tanış olarkən əsir-girovlara qeyri-adi üsullarla verilmiş işgəncə faktları əlbəttə ki, oxucunu dəhşətə gətirə bilər: "Ancaq insanlıq adına təəssüf edirik ki, bunlar danılmaz faktlardır və hadisə qurbanlarının şahid ifadələridir".

O bildirib ki, kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan hərbçiləri və erməni separatçı, terrorçu-quldur dəstələri tərəfindən əsir-girov götürülmüş azərbaycanlılara, о cümlədən digər xalqların nümayəndələrinə qarşı adi insani dəyərlərin və beynəlxalq humanitar hüquq normalarının pozulması faktları toplanıb: "Kitab müxtəlif yaşa məxsus insanların xatirələri əsasında tərtib edilib. Bunlar adi xatirələr deyil, insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət əməllərini təsdiq edən ifadələrdir. Xatirələr qadın, uşaq, qocalara, eyni zamanda, həm mülki şəxslərə, həm də hərbçilərə aiddir. Kitabda əsir-girovluqdan azad edilmiş 339 nəfərin ifadəsi öz əksini tapıb".

Sonra mədəniyyət və turizm nazirinin müavini, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Ədalət Vəliyev, Milli Məclisin deputatları - AMEA Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı, Mətbuat Şurasının sədri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Əflatun Amaşov, "Azərbaycan" qəzetinin baş redaktoru, Dövlət Komissiyasının üzvü Bəxtiyar Sadıqov, AMEA Şərqşünaslıq İnstitutunun professoru, tarix elmləri doktoru, Solmaz Rüstəmova-Tohidi, AMEA Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçiləri - Rizvan Hüseynov və Moisey Bekker, "İki sahil" qəzetinin baş redaktoru, Dövlət Komissiyasının üzvü Vüqar Rəhimzadə çıxış edərək kitabda əksini tapmış hadisələri sadəcə humanitar hüquq normalarının pozulması faktı deyil, ermənilər tərəfindən insanlığa və bəşəriyyətə qarşı törədilmiş müharibə cinayəti kimi qiymətləndiriblər.

Çıxışçılar dünyada ikili standartların hökm sürməsinə baxmayaraq, hazırda Ermənistanda yüksək dövlət vəzifələri daşıyan müharibə canilərinin nə vaxtsa beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verəcəklərinə inam ifadə ediblər. Bu baxımdan kitabın zəngin informasiya mənbəyi olduğunu və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Tərtibçilər adından çıxış edən Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov kitabda əksini tapmış faktların müxtəlif vaxtlarda əsir-girovluqdan azad edilmiş şəxslərdən alınaraq arxivləşdirildiyini bildirib. Ermənilər tərəfindən törədilmiş qeyri-insani əməlləri, işgəncə və zorakılıq hallarını insan ləyaqəti, şərəf və əxlaq, milli-mental deyərlər baxımından kitabda tam çılpaqlığı ilə verməkdən çəkindiklərini bildirən tərtibçi bu vəhşiliklərin insanlıq adına ləkə olduğunu qeyd edib. O, ermənilərin bu cür işgəncə və zorakılıq metodlarını hələ XIX əsrin ortalarından etibarən bölgənin türk-müsəlman əhalisinə qarşı tətbiq etdiklərini bildirib.

E.Səmədov faşizmin, ksenefobiyanın, dini və irqi dözümsüzlüyün, ayrı-seçkiliyin Ermənistanda milli dəyər və etiket səviyyəsinə yüksəldiyini, erməni etnopsixologiyasına hakim kəsildiyini qeyd edib.

Komissiya katibi əsir-girovlara münasibətdə insanlıq əleyhinə cinayətlər törətmiş ermənilərin işğalçı dövlətdə hazırda tutduqları mövqe və vəzifələrdən asılı olmayaraq beynəlxalq hüquq müstəvisində cəzalarını alacağına inam ifadə edib.

Sonda Dövlət Komissiyasının katibi İ.Axundov nəşr edilən kitabın Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində yürütdüyü işğalçılıq və terror siyasətinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması sahəsində fəaliyyətlərinin bariz nümunəsi olduğunu vurğulayıb və tədbir iştirakçıları adından ölkə rəhbərliyinə bu sahədə verdiyi dəstəyə və qayğıya görə təşəkkürünü bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.