Siyasət

Bir sıra sosial təyinatlı obyektlərdə tikinti və əsaslı təmir işlərinin başa çatdırılması üçün vəsait ayrılıb

13 Fevral 2018 19:04
Baxış: 678

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrinin sosial rifahının yüksəldilməsi, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində son illərdə mühüm addımlar atılmış, bu qəbildən olan insanların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, ödənişsiz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunması uğurla həyata keçirilmişdir. Xüsusən bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunmuş, sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə uşaq bərpa mərkəzləri yaradılmışdır.

Sərəncamda qeyd edilir ki, bir sıra sosial təyinatlı obyektlərdə (siyahı əlavə olunur) tikinti və əsaslı təmir işlərinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.10.8-ci yarımbəndində göstərilmiş məbləğin 15 297 900 (on beş milyon iki yüz doxsan yeddi min doqquz yüz) manatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılsın.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Milli.Az 

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.