Siyasət

Vatikan rəsmisi Azərbaycanda tolerantlıq səviyyəsini yüksək qiymətləndirib - FOTO

12 Fevral 2018 13:34
Baxış: 322

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi (xarici işlər naziri) Pol Riçard Qallaqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafından məmnun olduqlarını ifadə ediblər. 24-27 sentyabr 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin və 6 mart 2015-ci il tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vatikana rəsmi səfərlərinin, eləcə də Roma Papası II İoan Pavelin 2002-ci il mayın 22-də və Papa Fransiskin 2016-cı il oktyabrın 2-də ölkəmizə həyata keçirdikləri tarixi səfərlərin Azərbaycan-Vatikan əlaqələrində yeni mərhələ açdığı xüsusilə qeyd olunub.

Azərbaycanın tarixən müxtəlif mədəniyyətlər və dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı məkan olduğunu bildirən nazir E.Məmmədyarov Azərbaycanın milli tolerantlıq ənənələri əsasında dünyada sülh şəraitində birgə yaşayış, qarşılıqlı hörmət və multikulturalizm ideyalarını təşviq etdiyini diqqətə çatdırıb. Bu xüsusda, ölkəmizin təşəbbüsü ilə keçirilən Beynəlxalq Humanitar Forum və Mədəniyyətlərarası və Dinlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb.

Ölkəmizdə olmasından məmnunluğunu bildirən P.R.Qallaqer Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını bildirib. Azərbaycanda katolik icmasına göstərilən dəstək və qayğıya görə öz təşəkkürünü bildirən arxiyepiskop ölkəmizdə tolerantlıq səviyyəsini və digər dini icmalara hörməti yüksək qiymətləndirib.

2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunduğunu bildirən E.Məmmədyarov Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransın keçirildiyini və Vatikan nümayəndəsinin sözügedən konfransda iştirakını təqdirəlayiq bir hal kimi qiymətləndirib.

Müqəddəs Taxt-tacın Mədəniyyət üzrə Pontifik Şurası ilə Heydər Əliyev Fondu arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən tərəflər bu sahədə əməkdaşlığın daha da inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna rolunu qeyd etdilər. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Vatikanda bir sıra tarixi abidələrin, ələlxüsus katakombaların bərpası məsələsi yüksək qiymətləndirilib.

Ölkəmizin orta əsr tarixi ilə bağlı Vatikanın arxivlərində çoxlu sayda qiymətli sənədlərin mövcud olduğunu xatırladan nazir sözügedən yazıların üzə çıxarılmasında göstərdiyi dəstəyə görə Vatikana öz dərin təşəkkürünü bildirib və bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüş əsnasında E.Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verib. Həmçinin Ermənistan tərəfindən Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsinə toxunan nazir bildirib ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Nazir Ermənistanın işğalı nəticəsində bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qaldığını diqqətə çatdırıb.

Görüşdə bu gün dünyada artmaqda olan rasizm, ksenofobiya, etnik və dini zəmində nifrət meylləri, münaqişələrə dini don geyindirmək cəhdlərinə münasibətdə qarşılıqlı narahatlıq ifadə edilib.

Həmçinin tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafı, yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsi kimi məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.