Siyasət

Deputat: "Prezident İlham Əliyev bütün fəaliyyəti ilə xalqın tam etimadını qazanıb"

11 Fevral 2018 08:36
Baxış: 899

Yeni Azərbaycan Partiyasının (YAP) qurultayında partiyanın sədri, cənab Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi xalq tərəfindən çox müsbət qarşılanır. Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

O bildirib ki, dövlət başçısı İlham Əliyev bütün fəaliyyəti ilə yenidən prezident seçilmək üçün xalqın tam etimadını qazanıb:

"Eyni zamanda, cənab Prezidentin xarici siyasəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gördüyü işlər xalqın ürəyincədir. Tarix göstərir ki, işğalçı dövlət öz siyasətindən əl çəkməsə, onun gələcəyi yoxdur. Bu gün Ermənistan tam dalana dirənib, orada iflasa uğramış bir siyasi rejim var, çünki bu siyasi rejimin özü əslində cinayətkar, terrorçu rejimdir. Ona görə də Azərbaycan öz torpaqlarını azad edəcək və ərazi bütövlüyünü tam təmin edəcək".

Deputat qeyd edib ki, Azərbaycan dövlətinin təhlükəsizliyini təmin edəcək qüdrətli ordusu var və onun da qurucusu ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevdir: "Mən əminəm ki, xalq bu siyasəti bu gün də, sabah da tam qətiyyətlə müdafiə edəcək və necə ki cənab Prezidentin referenduma çıxardığı təşəbbüsü xalq yekdilliklə dəstəklədi, bu seçkidə də İlham Əliyevin namizədliyini dəstəkləməklə xarici düşmənlərə öz sərt cavabını verəcək. Azərbaycanı bu ədalət və demokratiya yolundan heç kim döndərə bilməz".

Qeyd edək ki, fevralın 8-də YAP-ın VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.