Siyasət

Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO

22 Yanvar 2018 23:40
Baxış: 1 415

23:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda "CISCO" şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer ilə görüşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycanın bir çox dövlət qurumları ilə "CISCO" şirkəti arasında səmərəli əməkdaşlığın olduğu qeyd edildi. Bu şirkətin ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin icrasında iştirak etməsinin əhəmiyyəti vurğulandı. "CISCO" şirkəti tərəfindən Azərbaycana ən müasir texnologiyaların gətirilməsində ölkəmizin maraqlı olduğu bildirildi.

---------

23:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda "Royal Phillips" şirkətinin baş icraçı direktoru Frans van Houten ilə görüşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Frans van Houten Azərbaycandakı fəaliyyətləri barədə danışaraq ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi. O, işıqlandırma sistemləri və tibb avadanlıqlarının istehsalı üzrə Azərbaycanda bir sıra layihələr həyata keçirdiklərini məmnunluqla vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan ilə "Royal Phillips" şirkəti arasında əməkdaşlığın razılıq doğurduğunu qeyd etdi. Söhbət zamanı küçə işıqlandırılması ilə bağlı enerjiyə qənaət üzrə yeni texnologiyaların tətbiqinə dair əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda "Mastercard" şirkətinin idarə heyətinin üzvü Tim Mörfi ilə görüşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tim Mörfi son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu islahatlar nəticəsində elektron ticarətin və elektron ödənişlərin inkişafı ilə bağlı tədbirlərdə "Mastercard" şirkətinin də iştirak etdiyini və müxtəlif layihələr reallaşdırdığını məmnunluqla bildirdi. Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında "Mastercard"dan geniş istifadə edildiyini deyən Tim Mörfi Mərkəzi Bankla, həmçinin digər bank və ödəniş sistemləri ilə əməkdaşlığın uğurlu olduğunu vurğuladı.

Prezident İlham Əliyev son illərdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda nağdsız ödənişlərin həcminin artırılması barədə müvafiq orqanlar qarşısında vəzifələr qoyulduğunu bildirdi. Dövlətimizin başçısı bu layihələrdə "Mastercard"ın yaxından iştirak etməsinin əhəmiyyətli olduğunu vurğuladı.

----------

21:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda "Chevron" şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer ilə görüşü olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Cey Prayer "Azəri-Çıraq-Günəşli" yataqlarının birgə işlənilməsini nəzərdə tutan müqavilənin müddətinin uzadılması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. "Chevron" şirkəti ilə Azərbaycan arasında tərəfdaşlığın yüksək səviyyədə olduğunu deyən Cey Prayer bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını, ölkəmizin etibarlı tərəfdaş olduğunu bir daha vurğuladı.

---------

21:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın "LUKOİL" şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə "LUKOİL" şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti müzakirə olundu. Bu şirkətin 20 ildən çoxdur ki, ölkəmizə sərmayələr qoyduğu qeyd edildi. "LUKOİL"-SOCAR əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi və gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıldı.

----------

20:44

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın ən böyük investisiya qurumu olan ABŞ-ın "Black Rock" şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink ilə görüşü olub. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Lourens Fink rəhbərlik etdiyi şirkət barədə Prezident İlham Əliyevə məlumat verdi. O, hazırda 30-dan çox ölkədə 70-dən artıq ofisi olan "Black Rock" şirkətinin 6,3 trilyon ABŞ dolları investisiya portfeli ilə dünyanın ən böyük investisiya şirkəti olduğunu bildirdi.

Azərbaycanda qeyri-neft sektorunun inkişafının, bu sahədə həyata keçirilən islahatların maraqla izlənildiyini deyən Lourens Fink ümidvar olduğunu bildirdi ki, yaxın illərdə Azərbaycan Respublikası "Black Rock" şirkətinin təkcə investor qismində deyil, həm də investisiya hədəfi qismində də çıxış edəcək. Lourens Fink yaxın zamanlarda Azərbaycana səfər edəcəyini və ölkəmizin investisiya imkanları ilə bir daha tanış olacağını məmnunluqla bildirdi.

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondu ilə "Black Rock" şirkəti arasında yaranan əməkdaşlığın məmnunluq doğurduğunu bildirdi. Dövlətimizin başçısı son illər ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən səmərəli islahatlardan danışdı. Prezident İlham Əliyev Azərbaycanın liderliyi və təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr, o cümlədən Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Ələt azad ticarət zonası layihələrindən danışdı, bu layihələrin investisiya qoyuluşu üçün çox səmərəli olduğunu bildirdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.