Siyasət

Yüz minlərlə insan ziyarət etdi - FOTO

20 Yanvar 2018 20:28
0 Şərh     Baxış: 1 174

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın müasir tarixinə şanlı səhifə yazıldı. 20 Yanvar faciəsi qan yaddaşımızda hüzn və kədər, qürur və qəhrəmanlıq simvolu kimi yer alıb. Xalqımız həmin gecə şəhid olan qəhrəman oğul və qızlarının xatirəsini daim əziz tutur və ehtiramla yad edir. Bu günlər Qanlı Yanvar hadisələrinin 28-ci ildönümü ilə əlaqədar Bakıda, eləcə də respublikamızın hər bir bölgəsində izdihamlı anım mərasimləri keçirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  yanvarın 20-də səhər tezdən başlayaraq axşamadək paytaxtımızdakı Şəhidlər xiyabanına axışan on minlərlə insan şəhid məzarları önündən keçərək onların xatirəsini dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Zaman keçdikcə 20 Yanvarın tariximizdəki yeri və rolu daha aydın dərk olunur. Həmin hadisələr Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi, azadlığa gedən yolumuzun başlanğıcı kimi dəyərləndirilir. Bu yolda ilk cığırları məhz 20 Yanvar şəhidləri açıblar. Dövlət müstəqilliyimizin bərpası və suverenliyimiz üçün ilk növbədə onlara borcluyuq.

Bu fikirləri Şəhidlər xiyabanını ziyarət edən hər kəsin dilindən eşitmək olardı. Onlar deyirdilər ki, Qanlı Yanvar faciəsinin səhəri günü ümummilli lider Heydər Əliyevin öz həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi, sovet rəhbərliyinin Bakıda törətdiyi qanlı qırğını qətiyyətlə pisləməsi xalqımıza təpər və güc verdi, ona böyük dayaq oldu.

Sonradan Ulu Öndər şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ardıcıl addımlar atdı. Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər xiyabanı vahid kompleks kimi yenidən quruldu, "20 Yanvar" dairəsində şəhidlərin memorial abidə kompleksi ucaldıldı. Şəhid ailələri, 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillər dövlətimizin başçısının hərtərəfli qayğısı ilə əhatə olunub.

AZƏRTAC-ın müxbirləri 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Bakıda və respublikamızın bölgələrində keçirilən anım tədbirlərinin iştirakçılarından müsahibələr alıblar. Müsahibələri təqdim edirik.

Azər Nəbiyev (Bakı sakini, şəhidlərin dəfn komissiyasının üzvlərindən biri): Şəhidlər xiyabanına tez-tez gəlirəm. Hər dəfə də o günləri yenidən xatırlayıram. Həmin qanlı hadisələrin canlı şahidiyəm. Tankların altında əzilən insanların iniltisi hələ də qulağımdan getməyib. Şəhidlərin bir çoxu tanınmaz hala salınmışdı və onları dəfn etmək çox ağır idi. Lakin bu dəhşətli qırğın xalqımızı sarsıtmadı. İnsanlar üzərinə gələn tankların, avtomatlı əsgərlərin qabağından qaçmadılar. Əksinə, xalqımız yumruq kimi birləşdi, mübarizə yolundan dönmədi və nəhayət, yenidən müstəqilliyə qovuşdu.

Həmin gecə şəhidlərimiz öz qanları ilə şərəfli bir tarix yazdılar. 20 Yanvar hadisəsi itkilərimizə görə faciə hesab edilsə də, bütövlükdə millətimizin tarixinə qızıl hərflərlə yazılmış şərəfli və qəhrəmanlıq tarixidir. Biz bu günü heç vaxt unutmayacağıq. Şəhidlərin xatirəsi hər zaman müqəddəs tutulacaq.

Aidə Tomuyeva (Bakı sakini, 20 Yanvar hadisələrinin şahidi): Şəhidlərimizin xatirəsini yad etmək üçün ailəliklə Şəhidlər xiyabanına ziyarətə gəlmişik. Gənc nəslin bu faciə barədə məlumatlandırılması çox önəmlidir. Ona görə də mütəmadi olaraq uşaqlarımızı Şəhidlər xiyabanına gətiririk.

Dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Həmin gecə zirehli texnika və tankların dinc sakinləri, təcili tibbi yardım maşınlarını necə əzib keçdiyi hələ də gözümün qabağındadır. Nəsillər dəyişəcək, lakin şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq. Onlar bizim azadlığımız, müstəqilliyimiz və firavan həyatımız uğrunda canlarını qurban veriblər. 20 Yanvar hadisələri xalqımızın qan yaddaşına əbədi həkk olunub.

Nayidə Nuriyeva (şəhid Bəhruz Nuriyevin anası): 20 Yanvar istiqlal yolumuzda ilk zirvə, milli mənlik şüurumuzun oyanış günüdür. Bu hadisələr, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq gənc nəslin vətənpərvər ruhda yetişməsinə böyük təsir göstərib.

Mən şəhid anasıyam. Oğlum Bəhruz Nuriyev Qarabağ döyüşlərində qəhrəmancasına həlak olub. O, 1993-cü il iyulun 17-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirildi, son nəfəsinədək düşmənlə döyüşdü. Mənim, eləcə də bütün şəhid analarının yeganə təsəllisi işğal altındakı torpaqlarımızın qaytarılması olardı.

Şəhidlərimizin Azərbaycanın müstəqilliyi, azadlığı və firavan gələcəyi uğrunda tökülən qanları hədər getməyib. Hər birimiz Şəhidlər xiyabanına gələrkən istər istəməz kədərlənirik. Geri qayıdanda isə bu kədər qürur hissi ilə əvəz olunur. Əminəm ki, qədirbilən xalqımız azadlıq və torpaq naminə canlarından keçmiş qəhrəman övladlarını heç vaxt unutmayacaq.

Gülnarə Qəmbərova (Nərimanov rayonunun 212 saylı orta məktəbin müəllimi): Hər il 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar paytaxt məktəblilərinin, şagird və müəllimlərin Şəhidlər xiyabanına ziyarəti təşkil edilir. Bu, onlar üçün əsl vətənpərvərlik dərsidir. Hər il olduğu kimi, bu il də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan oğul və qızlarımızın məzarlarını öz şagirdlərimlə, onların valideynləri ilə birlikdə gəlmişik. Bu, uşaqların yaddaşında daim qalacaq və onlar şəhidlərimizi heç vaxt unutmayacaqlar.

20 Yanvar haqqında danışanda kövrəlirəm. Bir müəllim kimi, 20 Yanvar günü xalqımızın başına gətirilən müsibəti şagirdlərimə çatdırmağa çalışıram. Şəhidlər xiyabanına gələn şagirdlər xalqımızın azadlıq yolunda böyük itkilər verdiyinin şahidi olurlar. Burada mərd Vətən övladlarının uyuduğunu görürlər. Bu ağrı-acını Azərbaycan xalqı bu gün də xatırlayır və daim qəlbində yaşadır.

Sultan Əzimzadə (20 Yanvar İctimai Birliyinin sədri): Özlərinə əbədiyyət heykəli ucaldan 20 Yanvar şəhidləri xalqımızın qəlbində həmişə yaşayacaq. Şəhidlər hər cür hörmət və ehtirama layiqdirlər. Həmin faciə zamanı şəhid olanların ailələri və hadisə zamanı yaralananlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Son beş ildə şəhid ailələrinə və əlillərə 78 mənzil və 107 minik avtomobili verilib. Bundan başqa, Prezidentin Fərmanına əsasən, 20 Yanvar şəhidi fəxri adı alanların ailələrinə 300 manat, həmin hadisələri zamanı əlil olanlara isə əlillik dərəcəsindən asılı olaraq 110 manatdan 165 manatadək aylıq təqaüd təyin edilib. Həmçinin 20 Yanvar şəhidlərinin vaxtilə yaşadıqları bina və mənzillərə onların barelyefi vurulub. 20 Yanvar İctimai Birliyi də şəhid ailələrinin qayğı və problemlərin həllində yaxından iştirak etməyə, onlara lazımi kömək göstərməyə çalışır.

Aybəniz Əliyeva (Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyalar İnstitutunun elmi işçisi): Mən 20 yanvar hadisələrini öz gözü ilə görənlərdən biriyəm. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən Bakıya qoşun yeridildi. Yüzlərlə vətəndaşımız amansızlıqla qətlə yetirildi. İmperiya əsgərləri paytaxtımızda, eləcə də bölgələrimizdə 147 nəfəri qəddarcasına qətlə yetirdi. Mənfur sovet rəhbərliyi elə düşünürdü ki, bununla xalqımızın gözünü qorxudacaq, onu azadlıq mübarizəsindən çəkindirəcək. Amma unudurdular ki, bu torpaq tarix boyu qəhrəmanlar yetişdirib. Xalqımızın igid övladları tankın, avtomatlı əsgərlərin qabağına qaçmadılar. Onlar öz canları, qanları bahasına xalqı müstəqillik arzusuna çatdırdılar.

Yaxşı yadımdadır, fövqəladə vəziyyət rejiminə baxmayaraq, 20 Yanvar şəhidlərinin dəfnində yüz minlərlə insan iştirak etdi, onlar son mənzilə böyük ehtiramla yola salındı. Bu, həm kədərli, həm də qürurverici səhnələr idi.

Erkan Özoral (Türkiyənin Azərbaycandakı səfiri): Azərbaycanın müstəqilliyi yolunda ilk cığırı 20 Yanvar şəhidləri açıblar. Bu danılmazdır. 28 il əvvəl tarixin ən qanlı hadisələrindən biri yaşanıb. 20 Yanvar tarixə qara gün olaraq yazılıb. İllər keçsə də, bu ağrı ürəklərdə yaşayır. Biz həmin gün qardaşlarımızı itirdik, onlar vətənləri, inandıqları doğru yol uğrunda canlarını fəda etdilər. Eyni zamanda, Azərbaycanın müstəqilliyinə yol açdılar. Yanvarın 20-də Azərbaycanda xalqın iradəsini, xalqın istəyini susdurmağa, bu istək və iradənin qarşısını almağa çalışanlar elə xalqın birliyi nəticəsində əzildilər. Yanvarın 20-də insanlığa qarşı ağır cinayət işlənib. Bizim üzərimizə düşən borc şəhidlərimizin xatirəsini hər zaman yad etmək, keçmişdən dərs götürərək bu cür hadisələrin bir daha yaşanmaması üçün əlimizdən gələni etməkdir. Yəni düşmənlərimiz qarşısında hər zaman güclü olmalı, onların məkrli addımlarını dəf etməliyik.

İnsanlıq, düzgünlük, ədalət, haqq və vətən sevgisi heç zaman qarşısına sədd çəkilməyəcək çox güclü bir hissdir. Türk millətinin tarixində bir daha belə günlərin yaşanmaması üçün tariximizi bizdən sonrakı nəsillərə ən düzgün və geniş şəkildə çatdırmaq lazımdır.

Yusif Abdullayev ("20 Yanvar" İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədri): Ötən əsrin 80-ci illərinin sonları və 90-cı illərin əvvəllərində Bakıda olduğu kimi, ölkəmizin bölgələrində də milli azadlıq hərəkatı geniş vüsət almışdı. Həmin günlər Lənkəranda sovet hakimiyyətinə, onun ermənipərəst mövqeyinə qarşı etiraz mitinqləri keçirilirdi. Sovet ordusu azadlıq mücahidlərinin səsini boğmaq üçün 1990-cı il yanvarın 20-də Bakıda qırğın törətdikdən sonra Azərbaycanın bölgələrinə tanklar yeritdi. Yanvarın 24-də Cəlilabad rayonunda həbslər başlandı, yanvarın 25-də Neftçala rayonunda iki nəfər qəhrəmancasına həlak oldu. Bundan iki gün sonra sovet imperiyası Lənkəran şəhərinə qoşun yeritdi. Sovet hərbçilərinin burada törətdiyi vəhşiliklər nəticəsində 6 sakin şəhid oldu. Sonra Haftoni meşəsində 5 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi.

Həmin hadisələr zamanı qardaşım Tariyel Abdullayev də şəhid oldu. O, Lənkərandan Bakıya helikopterlə aparılan 45 nəfərdən biri idi. Qardaşımın aqibətini yalnız fevralın 8-də Respublika Dəfn Komissiyası vasitəsilə öyrənə bildik. Məlum oldu ki, qardaşım Bakıya aparılarkən məftillə boğulub və paytaxtda "Salyanski kazarma"nın yanında kimsəsiz kimi küçəyə atılıb. Yanvarın 31-də Şəhidlər xiyabanında "Əli" adı ilə dəfn olunub. Bunu öyrəndikdən sonra fevralın 11-də Bakıda qardaşımın dəfn mərasimini keçirdik.

Taleh Hüseynov (Xaçmaz sakini, 20 Yanvar şəhidi Rahib Hüseynovun oğlu): Atam Rahib Hüseynov şəhid olan zaman mən keçmiş sovet ordusunun sıralarında xidmət edirdim. O vaxt bizim Azərbaycanda baş verən hadisələrdən, ümumiyyətlə, xəbərimiz yox idi. Mərkəzi televiziyalarda, radioda bu barədə heç nə deyilmirdi. Atamın şəhid olmasını yalnız hərbi xidməti başa vurub qayıtdıqdan sonra bildim. Evimizə dönəndə atamın il mərasimi idi.

Eşitdim ki, atamın olduğu avtomobili "Salyanski kazarma" deyilən yerdə atəşə tutublar. Yaralanmış atamı ağır vəziyyətdə xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. O, Quba şəhər qəbiristanlığında dəfn edilib.

Bu gün azad, müstəqil olmağımızda 20 Yanvar şəhidlərinin böyük rolu var. Onlar xalqımızın mübarizlik simvoluna çevriliblər. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, azadlığı uğrunda həlak olan şəhidlər qəlbimizdə daim yaşayacaq.

X X X

Xalqımızın müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanına insan axınının ardı-arası kəsilmir, şəhid məzarları al qərənfillərə qərq olurdu. Burada yaşanan izdiham qəhrəman Vətən övladlarının əziz xatirəsinə bəslənən sonsuz hörmət və ehtiramı bir daha nümayiş etdirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.