Siyasət

Yaqub Mahmudov: "Azərbaycan tarixi yenidən yazılır"

13 Yanvar 2018 23:56
1 Şərh     Baxış: 1 684

Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir.

AMEA-nın Tarix İnstitutundan Milli.Az-a verilən məlumata görə, bunu institutun direktoru, akademik Yaqub Mahmudov "Azərsun Holdinq" şirkətinin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr etdiyi diskdəki "Ön söz"də bildirib.

Yaqub Mahmudov vurğulayıb ki, Prezident İlham Əliyev dövlətçilik tariximizin parlaq səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə xüsusi Sərəncam imzalayıb. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv etdi. Bütün vətəndaşların hüquq bərabərliyi təmin olundu. Qadınlara kişilərlə bərabər seçki hüququ verildi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı qəbul olundu, himni və gerbi hazırlandı. Ana dili dövlət dili elan olundu. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk müasir universiteti təsis olundu, təhsil milliləşdirildi, tarixi adlar bərpa edildi. Xarici ölkələrlə qarşılıqlı əlaqələr yaradılmasına başlandı, humanist və sülhsevər siyasət yürüdüldü.

"Ön söz"də deyilir: "Xalqımız müstəqil dövlətini öz varlığında, ruhunda yaşatdı. Azadlıq mübarizəsini dayandırmadı. Əsrin əvvəllərində itirdiyimiz müstəqilliyimiz əsrin sonunda - 1991-ci ildə yenidən bərpa olundu. Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını özünə qaytardı, müstəqillik arzularının gerçəkləşməsinə və möhkəmlənməsinə zəmin yaratdı. İstiqlal Bəyannaməsinin elan edildiyi 28 may ölkəmizdə Respublika Günü kimi qeyd olunur".

Yaqub Mahmudov bildirib ki, dövlətimizin başçısının tapşırığı ilə Azərbaycanın tarixi yenidən yazılır. Ümummilli lider Heydər Əliyevin "Azərbaycan xalqının milli sərvəti" adlandırdığı Azərbaycan Milli Elmlər Akademiyası dirçəliş dövrünü yaşayır. Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib.

Qeyd edək ki, "Azərsun Holdinq" şirkəti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təqvimlər, bloknot və disk çıxarıb. Təqvimin hər bir ayı Cümhuriyyətin qurulmasında xüsusi xidmətləri olmuş ayrı-ayrı şəxsiyyətlərə həsr edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.