Siyasət

"Türkiyənin Azərbaycana Dağlıq Qarabağ münaqişəsilə bağlı dəstəyi beynəlxalq hüquqa uyğundur"

13 Yanvar 2018 14:17
0 Şərh     Baxış: 1 105

Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi dəstək beynəlxalq hüquq normalarına uyğundur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Türkiyə mətbuatına deyib.

Diplomat "Daily Sabah"a müsahibəsində bildirib:"Bir çox insanlar yanlış olaraq düşünürlər ki, Türkiyə beynəlxalq arenada Azərbaycanı yalnız iki ölkənin qardaş olduğu üçün dəstəkləyir. Bəli, bu həqiqətdir. Biz qardaşıq, amma insanlar unudurlar ki, Türkiyə haqlı olaraq beynəlxalq hüquqa əsaslanan qərarlar qəbul edir və siyasət yürüdür. Türkiyə beynəlxalq qanunlara ciddi əməl edir. Türkiyə məsul bir beynəlxalq oyunçu kimi böyük bir rol oynayır".

Xəzər İbrahim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin aydın mövqeyə malik olduğunu vurğulayıb:

"Türkiyənin mövqeyi bundan ibarətdir ki, münaqişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən ədalətlə həll edilməlidir, erməni qoşunları Azərbaycan torpaqlarından çıxarılmalıdır".

Səfirin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycanın ərazisinin 20 faizinin işğalı bütövlükdə region üçün problemdir:

"Bu, tam regional əməkdaşlığa imkan vermir və təhlükəsizliyi pozur. Bu həm də qlobal məsələdir".

Diplomat qeyd edib ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə dair siyasəti hər bir beynəlxalq platformada nəzərə çarpır:

"Türkiyə bu siyasəti hər yerdə, istər İslam Əməkdaşlıq Təşkilatı (İƏT), istərsə də BMT-də aktiv şəkildə həyata keçirir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.