Siyasət

Ermənistan Gürcüstanı özünə tərəf dartır - Gürcülər kimi seçəcək?

28 Dekabr 2017 13:37
0 Şərh     Baxış: 2 881

"Ermənistan prezidenti Serj Sarkisyan dekabrın 25-27-də Gürcüstanda rəsmi səfərdə oldu. Bu səfər Azərbaycanda diqqətlə izlənildi. Çünki Ermənistan-Gürcüstan münasibətlərinin hansı həddədək inkişafı məsələləri Azərbaycan hakimiyyətini, ekspert dairələrini və cəmiyyətini narahat edir".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Sarkisyanın Tbilisiyə səfərində bir neçə məqsədi var idi. Onlardan birincisi odur ki, Ermənistan hakimiyyəti Gürcüstanla nəqliyyat yollarından maksimum istifadə etməyə çalışır:  "Rusiya strateji müttəfiqi Ermənistanla quru yolla ancaq Gürcüstan üzərindən əlaqə saxlaya bilər. Bu isə indiki şərtlər daxilində hələ ki, mümkün deyil. Çünki Gürcüstanla Rusiya arasındakı münasibətləri normal deyil, iki ölkə arasında diplomatik münasibətlər də bərpa olunmayıb. Buna baxmayaraq, İrəvan çox çalışır ki, Gürcüstan üzərindən Rusiya ilə əlaqəni bərpa edə bilsin. Qış aylarında vəziyyət bir az daha gərginləşir. Nəqliyyat yolları buz bağladığından və daima dağ uçqunları olduğundan Rusiya ilə Gürcüstan arasından sərhəd keçid məntəqəsindən malların daşınması çətinləşir. Dəmir yolunu isə işə salmaq mümkün deyil. Gürcüstan dəmir yolunun işləməsinə razılıq versə, bu tanınmayan və işğal altında olan Abxaziya ilə rəsmən əlaqənin qurulması mənasına gələcək. Gürcüstan müxalifəti də bu məsələdə daima hakimiyyəti tənqid edir və iqtidar bu tənqidlə hesablaşmaq məcburiyyətindədir.

Serj Sarkisyanın səfərindən öncə gürcü rəsmilər dəmiryolunun işə başlaya biləcəyinə işarə vurdular. Ancaq bu məsələsinin tezliklə həll olunacağı problematikdir. Dəmiryolunun bərpası üçün texniki və lojistik məsələlər həll olunmalıdır. Bu məsələlərin həlli daha çox Ermənistana lazımdır, nəinki Gürcüstana. Digər tərəfdən, rəsmi Tbilisi Rusiya-Ermənistan dəmiryolunun açılması məsələsində Azərbaycanın da mövqeyini nəzərə almaq məcburiyyətindədir. Azərbaycan öz torpaqlarının işğalına görə Ermənistan ətrafında iqtisadi blokadanın zəifləməsində maraqlı deyil. Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycanın əsas enerji layihələrində Gürcüstan yer alıb, boru xətləri bu ölkədən keçir. Bundan başqa Azərbaycan Gürcüstana böyük həcmdə investisiyalar yatırıb, kreditlər verib. Bunların heç birini Ermənistan Gürcüstan üçün etməyib, edə də bilməz, çünki maliyyəsi yoxdur".

Politoloqun fikrincə, ikinci məqam odur ki, Serj Sarkisyanın Gürcüstan hakimiyyətinə Avrasiya İqtisadi Birliyinin (AİB) imkanlarından istifadə etməyi, eləcə də Ermənistan üzərindən İrana bazarına çıxış təklifləri ilə bağlıdır: "Sarkisyan buna misal olaraq Ermənistan-İran sərhəddində yaradılan azad iqtisadi zonanı göstərib. Gürcüstanın Ermənistan prezidentinin bu təklifindən istifadə edəcəyi də problematikdir. Gürcüstan Rusiya ilə diplomatik münasibətlərin olmamasına baxmayaraq, bu ölkənin bazarına birbaşa çıxmağa çalışır, mineral sular və şərab məhsulları satır. Gürcüstan üçün AİB-nin imkanlarından yararlanmaq faydalı deyil. Digər tərəfdən, bu Birliyin özündə hələ həll olunmamış məsələlər var, işlək quruma çevrilməyib. Gürcüstan İran bazarına çıxışı isə Azərbaycan üzərindən həyata keçirə bilər. Bakı-Tbilisi-Qars və Şimal-Cənub dəmir yolu ilə bölgənin və dünyanın malları Azərbaycan üzərindən rahat şəkildə İrana çatdırıla bilər".

Mərkəzi rəhbəri qeyd edib ki, üçüncü məqam odur ki, Sarkisyanın Tbilisidə olarkən gürcü həmkarı Georgi Marqvelaşvili ilə birgə mətbuat konfransında deyib ki, guya Ermənistan heç zaman Gürcüstanın maraqları əleyhinə sənədlərə imza atmayıb: "Bu kökündən yalandır və çətin ki, Gürcüstanda buna inanan tapılsın. Ermənistan BMT-də dəfələrlə Gürcüstanın ərazi bütövlüyünə zidd sənədlərə imza atıb. Elə tək Abxaziya və Cənubi Osetiya ilə bağlı səsvermələrdə Ermənistan Rusiyanın mövqeyinə uyğun səs verib.

Sarkisyan ona görə Tbilisini sakitləşdirməyə çalışır ki, gələcəkdə Gürcüstan bölgədə Ermənistanın da maraqlarını nəzərə alsın. O, belə bir ifadə işlədib: "Ermənistan və Gürcüstan həssas mövzularda bir-birlərinin maraqlarını nəzərə almalıdır". Bu sözlər ondan xəbər verir ki, İrəvan Azərbaycan-Gürcüstan əməkdaşlığının miqyasından və Dağlıq Qarabağ münaqişəsinin həllində Tbilisinin Bakıya verdiyi dəstəkdən narahatdır. Ermənistan bu əməkdaşlığın qarşısını ala bilməz. Azərbaycan Gürcüstan üçün dəfələrlə vacib və faydalı tərəfdaşdır. Gürcüstan Ermənistanla əlaqələr olmadan yaşaya bilər. Ancaq Gürcüstan Azərbaycansız zəifləyər. Bunu rəsmi Tbilisi də anlayır".

Bu baxımdan ekspert hesab edir ki, Ermənistan prezidentinin Gürcüstana rəsmi səfəri effektli olmayıb: "Bunu erməni ekspertlər də qeyd edirlər. Gürcüstanın baş naziri Georgi Kvirakişvili dekabrın 1-də Ermənistana səfər etməli idi. Ancaq bu səfər təxirə salındı. Erməni ekspertlər hələ də bu səfərin hansı səbəblərdən təxirə salınmasını müzakirə edirlər. Yəni Ermənistan siyasi və ekspert dairlərinə də aydındır ki, Ermənistan Gürcüstan üçün Azərbaycanı əvəz edə bilməyəcək. Digər tərəfdən, Ermənistan hakimiyyəti Gürcüstana separatçı mövqeli diplomatı səfir təyin etmək istəyirdi. Gürcüstan Xarici İşlər Nazirliyi həmin şəxsə haqlı olaraq aqreman vermədi. İrəvan məcbur qalıb namizədini dəyişdi. Bütün bu amillər Gürcüstan-Ermənistan münasibətlərində inkişafın mümkünlüyünün zəif olduğunu göstərir".

Buna baxmayaraq, E.Şahinoğlu hesab edir ki, Azərbaycan həmişə Gürcüstan-Ermənistan münasibətlərini diqqətlə saxlamalı, bu əlaqələrin monitorinqini aparmalı və Azərbaycanın maraqlarının nəzərə alınması amillərini daim gürcü rəsmilərin diqqətinə çatdırmalıdır.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.