Siyasət

Putin çox danışdı, amma... - FOTO

15 Dekabr 2017 14:04
1 Şərh     Baxış: 1 798

"Rusiya prezidenti Vladimir Putin ildə bir dəfə geniş mətbuat konfransı keçirir. V.Putin bu yolla mətbuata və ictimaiyyətə açıq olduğunu sübut etməyə çalışır. Putin növbəti geniş mətbuat konfransını dekabrın 14-də keçirdi. Həmişəki kimi zalda Rusiyadan və xarici ölkələrdən mindən çox jurnalist iştirak edirdi. Lakin budəfəki mətbuat konfransı maraqsız idi. Bunu qeyri-rəsmi söhbətlərdə zalı tərk edən jurnalistlərin əksəriyyəti etiraf edib".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti sonuncu mətbuat konfransında yeni heç nə deməyib, faktiki ötən il dediklərini təkrarlayıb: "Doğrudur, müxalif fikirli bir neçə jurnalistin sualına şərait yaradıldı, ancaq ya prezidentin cavabları tam olmadı, ya da onların səsini yaltaq suallar hesabına boğdu. Məsələn, Putin ukraynalı jurnalistin Rusiyanın Donbass separatçılarına verdiyi dəstəklə bağlı sərt sualına cavab vermədən əvvəl hakimiyyətin nəzarəti altında olan "RİA-Novosti" agentliyinin sualını eşitmək istədi. Putin ikisinə, eyni zamanda, verdiyi cavabda yenə bütün günahı Ukrayna hakimiyyətinin üzərinə yıxdı və yenidən keçmişdə Ukrayna adlı dövlətin olmadığına eyham vurdu. Onun bu fikirlərində də yeni heç nə yox idi".

 

Politoloq qeyd edib ki, mətbuat konfransında iştirak edən jurnalistərdən birinin "Atlas" Araşdırmalar Mərkəzinə verdiyi məlumata görə, bir xeyli jurnalist Qüds ətrafında yaranmış vəziyyətlə bağlı sual vermək istəyib, ancaq Putin bu mövzuda heç bir suala cavab verməyib, çünki o, Qüds məsələsində ehtiyatlı mövqeyini qoruyur.

Ekspertin fikrincə, mətbuat konfransında diqqəti çəkən digər məqamlardan biri erməni jurnalistlərin çoxluğuna baxmayaraq, onların da Rusiya prezidentinə sual verə bilməmələri idi: "Görünür, Ermənistanın Avropa İttifaqı ilə imzaladığı saziş Rusiyanın hakimiyyət dairələrində birmənalı qarşılanmayıb. Halbuki, Moskva İrəvanın Brüssellə saziş imzalamasına etiraz etməmişdi. Buna baxmayaraq, saziş imzalandıqdan sonra Rusiya hakimiyyətinin nəzarətində olan televiziya kanalları Ermənistanı sərt tənqid etdilər, bu ölkənin Avrasiya İqtisadi Birliyinin üzvü olmasına rəğmən, Avropa İttifaqı ilə saziş imzalamasının yanlış olduğunu bildirdilər".

E.Şahinoğlunun qənaətincə, Vladimir Putin mətbuat konfransında söylədiyi fikirləri aşağıdakı belə qruplaşdırmaq olar: "Birincisi, Putinin sözlərindən anlaşıldı ki, Donbass separatçılarına dəstək davam edəcək. Putinin bu fikri diqqət çəkdi: "Ukrayna hakimiyyəti Donbasın liderləriylə dialoq qurmalıdır. Dünyanın heç bir münaqişəsi qarşıduran tərəflərin dialoqu olmadan həll olunmur". Bu cavabla Putinin Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışını da müəyyənləşdirmək olar. Belə çıxır ki, Putin Qarabağ münaqişəsinin həllində də rəsmi Bakının məhz Qarabağdakı separatçılarla dialoqunu vacib sayır. Halbuki, əgər Donbass separatçılarının arxasında Rusiya dayanırsa, Qarabağ separatçılarının da arxasında Ermənistan dayanır. Necə ki, Ukrayna hakimiyyəti bu faktora görə Donbass separatçıları ilə dialoq aparmır, eləcə də Azərbaycan hakimiyyəti Qarabağ separatçılarının kənardan idarə olduğunu bildirir və bu səbəbdən onlarla müzakirələr aparmır.

İkincisi, Putin dedi ki, müxtəlif mövzularda ABŞ-la dialoqu genişləndirməyə hazırdır, ancaq Vaşinqton vəziyyəti daha da gərginləşdirməkdə davam edir. Vaşinqtonun mövqeyi bəllidir: Rusiya Krımdan imtina edəcəyi halda Rusiya ilə genişmiqyaslı dialoq bərpa olunacaq. Putin Krımdan imtina etməyəcək. Bu isə o deməkdir ki, Putinin Vaşinqtonla arzuladığı dialoq baş tutmayacaq.

Üçüncüsü, Putin yenə də Rusiya iqtisadiyyatının inkişaf etdiyini, sosial durumun yaxşılaşdığını bildirdi. Halbuki, jurnalistlərin suallarından da aydın idi ki, Rusiya iqtisadiyyatında, bank sistemində və sosial həyatında hələ xeyli problemlər var.

Putin mətbuat konfransında bircə dəfə aqressivlik nümayiş etdirdi. Ona Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili haqqında sual verildikdə Putin onun ünvanına sərt ifadələr işlətdi. Putin Saakaşvilini şəxsi düşməni hesab edir. Ancaq onun bu fikirlərində də yeni heç nə yox idi. Rusiya prezidenti əvvəlki mətbuat konfranslarında da Mixail Saakaşvili haqqında ən sərt ifadələr işlətmişdi".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.