Siyasət

Lvovda azərbaycanlı generalın qəbirüstü abidəsi yenidən quruldu - FOTO

1 Dekabr 2017 16:11
Baxış: 1 984

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) daxili işlər nazirinin müavini olmuş general-mayor Məhəmmədsadıq bəy Ağabəyzadənin Ukraynanın Lvov şəhəri qəbiristanlığındakı qəbürüstü abidəsinin yenidən qurulmasından sonra açılış mərasimi olub.

Milli.Az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin təşəbbüsü və Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbərliyinin dəstəyi ilə Məhəmmədsadıq bəy Ağabəyzadənin Lvovda baxımsız vəziyyətdə qalan abidəsi yenidən qurulub.

Açılış mərsimində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, diaspor fəalları və Lvov şəhərinin ictimai fəalları iştirak ediblər.

Bu abidənin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə töhfə olduğunu deyən səfir A.Xudiyev çıxışında bildirib ki, Məhəmmədsadıq bəy Ağabəyzadənin həm peşəkar hərbçi, həm alim kimi Azərbaycan dövləti, xalqı qarşısında böyük xidmətləri olub. Bu cür şəxsiyyətlərin adının əbədiləşdirilməsi olduqca önəmlidir:

"Ağabəyzadə ömrünün bir hissəsini Lvov şəhərində yaşayıb və burada da dəfn olunub. O 1927-ci ildən Lvov universitetinin fəlsəfə fakultəsində işləyib, türk, fars və ərəb dillərini tədris edib. Tanınmış şərqşünaslar, alimlər Teofil Volodarski, Olqa Bak, Tadeuş Levitsin, Ziqmunt Smoqojevski, Kotviç və başqaları həmyerlimiz, general-professor Məhəmmədsadıq bəy Ağabəyzadənin yetirmələri olub".

Xatırladaq ki, Məhəmmədsadıq bəy Ağabəyzadə 1865-ci il mart ayının 15-də Bakı quberniyasının Göyçay şəhərində dünyaya gəlib. 1883-cü ildə Bakı real məktəbini bitirdikdən sonra Peterburq şəhərində II Konstantinov hərbi məktəbinə daxil olub.

1886-cı ildə, Qafqazda podporuçik (çar ordusunda hərbi rütbə) rütbəsində xidmət etməyə başlayıb. 10 il keçdikdən sonra, Baş ştab nəzdində, Sankt-Peterburq şəhərində Şərq dilləri institutuna qəbul olunub. Həmin institutu bitirdikdən sonra, 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilib. 1913-cü ildə Məhəmmədsadıq bəy xəstəliyinə görə General-mayor rütbəsində istefaya çıxıb.

Lakin I Dünya Müharibəsi onun həyatını dəyişib. Məhəmmədsadıq bəy andına sadiq qalaraq müharibəyə könüllü yollanib. Qafqaz, sonra isə Ukrayna cəbhəsində döyüşlərdə iştirak edib. 1918-ci ilin 23 oktyabrında, Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə Məhəmmədsadıq bəy Daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə o 1919-cu ilin dekabr ayına qədər fəaliyyət göstərib.

1927-ci ilin fevral ayında Ziqmunt Smoqojevskinin dəvəti ilə Lvov şəhərinə köçüb.

Faşist işğalı zamanı hitlerçilər qocaman alimi öz mənzilindən çıxarıblar. O, şəraitsiz vəziyyətdə yaşamalı olub. 1944-cü il oktyabrın 9-da Lvov azad ediləndən sonra vəfat edib. Məhəmməd bəy Ağabəyzadə Lvovda, Liçakovski qəbiristanlığının 84-cü sırasında dəfn edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.