Siyasət

Azərbaycana düşmən kəsilən siyasətçiyə "tərs şapalaq" - Facebook səhifəsini bağladı

30 Noyabr 2017 11:33
0 Şərh     Baxış: 3 036

Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Facebook-dakı səhifəsini qapadıb. Son aylarda sosial şəbəkələrdə həddən ziyadə fəallaşan T.Yaqland vətənində, bir zamanlar XİN başçısı olduğu Norveçdə yaşanan olayları, xüsusilə də siyasi prosesləri aktiv şərh edirdi.

Norveç Fəhlə Partiyasının sabiq sədri, 67 yaşlı T.Yaqland 2000-2001-ci illərdə XİN başçısı işlədiyi hökuməti, yəni Yens Stolteberqin o dönəmdəki iqtidarını belə, tənqid edəcək qədər absurd "demokratik"liyə yol verdiyindən, partiysındakı sabiq dostları belə, onu "iyrəniləcək dərəcədə çətin insan" adlandırırlar.

Şərhlərindən birində isə o, İspaniyanın Kataloniya bölgəsindəki separatçılara dəstək verərək yazmışdı: "Barselonadakı polis zorakılığı ilə bağlı Norveç hökuməti çox passiv mövqe tutub".

İspaniyadan ayrılmağa çalışan və "müstəqillik referendumu" keçirən katalon separatçılara belə "həlim" yanaşma, təbii ki, Norveçin hakimiyyət dairələrinin səbr kasasını doldurub.

Norveçdə hakimiyyətdə olan mühafizəkarları sürəktli tənqid edən T.Yaqlandın belə davranışı rəsmi Oslonu sinirləndirib.

Norveçin baş naziri Erna Solberq isə deyib: "Cənab Yaqland mövqeyimizi yanlış başa düşüb, gəldiyi nəticələrdə səhvə yol verib. O, üzr istəməlidir"

Norveç XİN-ni bununla bağlı rəsmi mövqeyini açıqlayandan və T.Yaqlandın "naqqal"lığını vurğulayandan sonra Avropa Şurasının baş katibi Facebook-dakı səhifəsini qapadıb.

T.Yaqland Norveç iqtidarı və siyasətçilərlə yanaşı, mediasını da qıcıqlandırıb. Özü də səbəblərdən biri məhz Azərbaycanla tutduğu idiotik dərəcədə qərəzli mövqedir.

Məsələn, Aftenposten qəzeti Azərbaycanın Avropa Birliyindəki sabiq səfiri, indi "müxalifətçi, millət xilaskarı"na çevrilmiş Arif Məmmədovla müsahibə dərc etmişdi. Həmin müsahibəsində A.Məmmədov Avropa Şurasının baş katibini "rəsmi Bakı ilə bağlı konkret, operativ mövqe tutmayıb gərəkli qərarlar qəbul etməmək"də suçlamışdı.

Az sonra T.Yaqland Facebook-dakı səhifəsində yazmışdı: "Arif Məmmədov müsahibəsində o qədər böhtanlara və iftiralara yol verib ki, nə deyəcəyimi bilmirəm. Aftenposten-in bu müsahibəni dərc etməsi də qəzetin obyektivlikdən uzaq mövqe tutmasını göstərir".

Bu açıqlamadan sonra Aftenposten-lə bahəm, Norveçin nüfuzlu media strukturları T.Yaqlandı faktiki olaraq boykot etdilər.

Məşhur norveçli bloqer Erik Stefansen isə T.Yaqlandı "Avropa Şurasının baş katibi postunda mürgü vurub şayiələrlə oynayan, sosial şəbəkələrdə isə bloqerə çevrilən insan" adlandırdı.

Bir qədər keçdi, Norveç XİN-i Avropa Şurasına məktub yollayaraq T.Yaqlandı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçladı.

Norveçin xarici işlər naziri Börge Brendenin sözlərinə görə, T.Yaqland vəzifəsindən yararlanaraq Norveç siyasətində aktiv rol oynamağa çalışır: "Əfsuslar olsun ki, cənab Yaqlandın sosial şəbəkələrindəki aktivliyi Norveçdəki proseslərlə bağlı yanlış, qərəzli şərhlərdən ibarət məsələ kimi də dəyərləndirilə bilər. NATO-nun baş katibi Yens Stoltenberq də Norveç vətəndaşıdır, amma tutduğu postdan istifadə edərək Norveçdəki situasiyaya kənar təsirlərə əl atmağa çalışmır".

Avropa Şurasının mətbuat katibi Deniel Holtgen də T.Yaqlandın Facebook-dakı səhifəsini qapatdığını təsdiqləyib.

Tyorbyorn Yaqlandın xanımı Hannne Qrotyotrd ərinin Facebook səhifəsini bağladığını deyib. Dünənsə Ş.Qrotyord Facebook-dakı səhifəsini "Yalnız dostlar baxa bilər" tipli edib. Bu isə səhifənin baxışlar üçün faktiki olaraq qapanması deməkdir.

Azərbaycana qarşı həddən artıq qərəzli, az qala düşmən mövqe tutan T.Yaqlandın Norveçin XİN başçısı olduğu, xüsusilə də Nobel Komitəsinə başçılıq etdiyi dövrəlrlə bağlı araşdırmaların başlanacağı da gözlənilir.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.