Siyasət

Sizin simanız varmı, cənab Yaqland?

29 Noyabr 2017 12:28
0 Şərh     Baxış: 2 714

Əgər Rusiya təşkilatımızın sıralarını tərk edərsə, Avropa Şurasına böyük zərbə dəyəcək. Buna görə də Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması məsələsini müzakirə edirik.

Avropa Şurasının baş katibi Turbyorn Yaqland The Financial Times-a verdiyi müsahibəsində belə deyib.

Onun sözlərinə görə, 1949-cu ildə imzalanmış İnsan haqları konvensiyası və Avropa Məhkəməsi Rusiya vətəndaşları üçün çox vacibdir. Bu səbəbdən Avropa Şurasının nümayəndələri insan haqlarının Rusiyada, Krımda, Avropanın istənilən məkanında insan haqlarının müdafiəsini nəzərdə tutan təşkilatın mandatını nəzərə almalıdırlar.

Bununla belə, Yaqland bildirib ki, Avropa Krımın Rusiya tərəfindən ilhaq edilməsi barədə mövqeyini dəyişmək niyyətində deyil.

T.Yaqland müsahibəsində daha sonra deyib ki, Rusiyanın Avropa Şurasını tərk etməsi çox pis olardı: "Rusiyanın təşkilatın sıralarını tərk etməsi Avropa üçün mənfi hadisədir, çünki Rusiyasız Avropa ilə qarşılaşacağıq. Bu, Avropa üçün geriyə addım olardı".

Tyorbyorn Yaqlandın "qəflətən" Rusiyanın maraqlarını müdafiə etməsinin səbəbləri var.

Rusiya 2016-cı ildən bəri Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin akkreditasiyası üçün sənədləri quruma yollamır. Çünki 2014-2015-ci ildə Rusiya AŞPA qurumlarının işində iştirak və səs vermək hüququndan məhrum edilib. Səbəbsə Krım məsələsidir.

Rəsmi Moskva problemin həlli üçün indiyədək dəfələrlə cəhd göstərib, böhranın çözülməsinə çalışıb, amma AŞPA heç bir addım atmayıb.

Bu ilin iyun ayında Rusiyanın XİN başçısı Sergey Lavrov Avropa Şurasının baş katibi T.Yaqlanda xəbərdarlıq edərək bildirmişdi ki, ölkənin AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri tam, bütünlüklə bərpa olunana qədər Rusiya təşkilata üzvlük haqqının 2017-ci il üçün ödənişlərinin əhəmiyyətli hissəsini donduracaq.

AŞPA-nın 450 milyon avroluq büdcəsinin təqribən 33 milyon avrosu isə Rusiyanın ödənişləridir.

Bu, məsələnin maliyyə tərəfidir.

Siyasi tərəf odur ki, AŞPA Rusiyanı qurumdan kənarlaşdırmaqla postsovet məkanındakı proseslərə təsir imkanlarını minimuma endirib.

Ukrayna, Gürcüstan, Ermənistan, Moldova və ya Qazaxıstanla AŞPA arasında birbaşa əlaqələr Rusiyanın narazı qaldığı şəraitdə heç bir halda normal sayıla bilməz, çünki Moskva bu və digər şəkildə MDB ölkələrinin istisnasız olaraq hamısına təsir imkanlarına malikdir.

Məsələnin hüquqi, daha doğrusu, insan hüquqlarının və vətəndaş haqlarının təminatı ilə bağlı yönü isə odur ki, Rusiyanı AŞPA-dan kənarlaşdırmaqla Avropa, əslində, Rusiya vətəndaşlarının şikayət imkanlarını əlindən alıb.

AŞPA Rusiyada insan haqlarının təminatı ilə bağlı məsələlərə indi heç bir təsirə malik deyil və bu, təbii ki, demokratiyanın inkişafı ilə güclənməsi istiqamətində atılmış addım deyil.

Rəsmi Moskva AŞPA-nın təzyiqlərinə boyun əymək niyyətində olmayıb. Əksinə, belə təzyiqlər və aşkar pressinq başlayandan sonra Rusiya bəyan etdi ki, əgər ölkənin nümayəndə heyətinin statusu və hüquqları bərpa olunmasa, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını tanımayacaq, legitim saymayacaq.

Üstəlik, Rusiyanın Konstitusiya Məhkəməsi ölkə qanunvericiliyinin AİHM qərarlarından və hökmlərindən üstünlüyü barədə qərar da qəbul edib.

Ukrayna çılğına dönüb

"Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Gürcüstandan sonra Ukrayna vətəndaşları üçün də Avropa Birliyinə turist səfərləri üçün viza məhdudiyyəti aradan qaldırılanda rəsmi Kiyev eyforiyaya qapılmışdı. Ukrayna prezidenti Petro Poroşenko bunu az qala ölkənin Avropa Birliyinə üzvlüyünə bir addımlıq məsafə kimi dəyərləndirdi.

Kiyevdə biometrik pasportlar almaq üçün uzun-uzadı növbələr tutan ukraynalılar da artıq özlərini Avropa Birliyinin bir parçası sayırdılar.

Əməllicə ekstaz vardı Ukraynanın siyasi dairələrində.

"Avropa Birliyinə üzv olmağımıza az qaldı. Üstəlik, Avropa Rusiyaya göstərdi ki, Krımın ilhaqını bağışlayan deyil və Rusiya Ukraynadan əl çəkməyincə sanksiyaldar aradan qalxmayacaq, Rusiya da AŞPA-da təmsil olunmayacaq", -  Kiyevin meri V.Kliçko bu sətirlərin müəllifinə demişdi.

V.Kliçko Ukrayna iqtidarındakı digər şəxslər kimi tam əmin idi ki, AŞPA və xüsusilə də Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Rusiya ilə bağlı tutduqları mövqeləri əsla yumşaldan deyillər.

Adamlar yanıldılar.

Ukrayna prezidenti Petro Poroşenkonun sədr olduğu "Petro Poroşenkonun "Həmrəylik" Bloku"ndan olan deputat Vladimir Aryev son günlərdə Facebook-da çox sinirli statuslar yazır, qəzəbli müsahibələr verir, T.Yaqlandın mövqeyindən kəskin narazılığını gizlətmir.

Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin faktiki rəhbəri olan V.Aryev bu gün bəyan edib: "Tyorbyorn Yaqlanda xəbərdarlıq edərək onu Rusiya ilə bağlı düşünülməmiş açıqlamalar verməkdən və qərarlar qəbul etməkdən çəkinməyə çağırıram. Əfsuslar olsun ki, T.Yaqlandın maskasının altında Pedro Aqramunt gizlənir. Yaqland heç bir şərt və anlaşma olmadan Rusiyanı AŞPA-ya qaytarmaq istəyir. Açıqlamaları, mövqeyi və ideyaları ilə AŞPA-nı çoxdan diskreditasiya etmiş T.Yaqlandın bu mövqeyini AŞPA deputatlarının dəstəkləməyəcəyinə ümid edirəm".

V.Aryev mövqeyini Milli.Az-ın əməkdaşı ilə söhbətində də təsdiqlədi.

Ukraynanın AŞPA-dakı daimi nümayəndəsi Dmitri Kuleba isə bəyan etdi ki, AŞPA-nın Rusiya ilə hər hansı formada "barışması" bu təşiklatın Ukrayna ilə yanaşı, bütün postsovet məkanı və Şərqi Avropa ölkələrində imicinə ağır zərbə olacaq.

"T.Yaqland istəyinə çatarsa, niyyətini gerçəkləşdirərsə, Ukrayna Avropa Şurası ilə münasibətlərinə yenidən baxmalı olacaq".

Beləliklə, Ukrayna gec də olsa, anladı ki, AŞPA üçün demokratiya, insan haqları və s. kimi məqamlar, sadəcə, siyasi maraqların təminatı üçün vasitədən başqa heç nə deyil.

AŞPA "insan haqları pozulur, vətəndaş cəmiyyəti prinsiplərinə zərbə vurulur, siyasi məhbuslar var" tipli çığır-bağırını mütləq qaydada hədəfi seçəndən sonra təzyiq vasitəsi qismində seçir.

Yaqland, sizin neçə simanız var?

Avropa Şurasının baş katibi T.Yaqland israrla bildirir ki, 47 ölkənin təmsil olunduğu AŞPA-dan 140 milyonluq əhalisi olan Rusiyanın kənarlaşdırılması yolverilməzdir, məntiqsizdir, zərərlidir.

Avropa Şurası Avropa Birliyindən asılı olmayan, fərqli təşkilatdır və bu qurum İnqsna Haqları Bəyannaməsi, habelə Avropa İnsan Haqları Məhkəməsi ilə birlikdə "qoca qitə"də demokratiyanın əsas dayaqlarından biri sayılır.

1996-cı ildə Rusiyanın AŞPA-ya qəbul olunmasını isə "soyuq savaş"dan sonra Qərbi Avropanın ən ciddi uğurlarından biri sayılır.

AŞPA-nın qərəzli, subyektiv qərarları tək Rusiyanın səbr kasasını daşdırmayıb.

Türkiyə də bu quruma üzvlük haqlarının ödənişlərində ciddi ixtisarlara başlayıb.

Azərbaycana gəldikdə isə, son aylarda AŞPA toplantılarında və bu qurumun kuluarlarında ölkəmizə qarşı aparılan, bir mərkəzdən idarə olunduğu artıq şübhə doğurmayan kampaniyanın əsas fiqurlarından biri T.Yaqlanddır.

Əvvəlcə The Guardian qəzetində, sonra BBC-də, Aftenposten-də, Spiegel-də, habelə Rusiyanın "liberal" mediasında yer alan məqalələrdə və müəlliflərinin məramlarının araşdırılmasına zərurət duyulduğu "araşdırma"larda Azərbaycanda demokratiya, insan hüquqları ilə bağlı "kritik vəziyyət"dən bəhs olundu, REAL-ın rəhbəri İlqar Məmmədov azad edilməyəcəyi təqdirdə Azərbaycanın AŞPA-dakı üzvlük məsələsinə baxılacağı vurğulandı.

T.Yaqlanda da həmin "araşdırma"ların mərkəzi fiquru, Azərbaycana qarşı yeni siyasi səlib yürüşünün müəlliflərindən biridir.

İndi Rusiyanı AŞPA-ya qaytarmaq üçün az qala dəridən-qabıqdan çıxan, Avropa Birliyi ölkələrinin paytaxtlarını dolaşaraq hakimiyyətləri dilə tutan və Rusiya ilə bağlı mövqeləri yumlatmağba çalışan T.Yaqlandı narahat edən sırf maliyyə problemidir. Daha doğrusu, Rusiyanın AŞPA büdcəsinə ödənişləri.

T.Yaqlandın davranışı AŞPA-nın indiki rəhbərliyinin prinsiplərini ortaya qoyur. Onların dediklərindən belə məlum olur ki, bir var dəyər, bir var dəyərlər.

Demokratiya, insan haqları, siyasi məhbuslar və ilaxırla bağlı fasiləsiz müzakirələr, ittihamlar iddialar T.Yaqland üçün dəyərlərdir.

Avro, dollar, funt-sterlinq isə dəyər.

Azərbaycanda seçkilərin keçirilmə mexanizmlərindən, demokratiya standartlarından permanent bəhs edən, Bakıya qarşı ən müxtəlif absurd suçlamalar səsləndirən T.Yaqland AŞPA-nın öz standartlarına çoxdan əməl etmədiyinin fərqindədirmi?

Əgər AŞPA-nın yeninə almayan, AİHM-in qərarlarını Rusiya qanunvericiliyinin fövqündə durmadığını qanuniləşdirən Rusiyanın nümayəndə heyətinin statusunun bərpası, sadəcə, pulla bağlıdırsa, onda AŞPA, ümumiyyətlə, hansı statusa malikdir və bu status nədən ibarətdir?!

Əgər AŞPA-nın israrla vurluğadığı "Avropanın ümumi dəyərləri" puldan asılıdırsa və bir zamanlar sabiq Sovetlər Birliyinin DTK-nın agenti olduğu söylənən T.Yaqland təlaşı ilə bunu sübut edirsə, deməli, pul, maliyyə vəsaiti, siyasi məramlar və geosiyasi məqsədlərə çatmaq üçün "gərəkli" sayılan vasitələr AŞPA üçün istəniləni dəyərdən üstünmüş.

Nüvə dövləti, dünya miqyasında supergüc və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyaya meydan oxuyan AŞPA-nın baş katibi T.Yaqland indi Moskvanın kölgəsinə yaxınlaşaraq az qala zingildəyir.

Səbəb?

Trivialdır, cənablar. AŞPA və bu qurumun çoxsaylı strukturlarında işləyən avroməmurlar rahat, lüks yaşamlarını təmin edən maaşlarından, pullu səfərlərindən, külli miqdarda vəsaitin həzm-rabedən keçirilməsinə asudə imkanlar yaradan qruplar, komissiyalar, habelə müzakirələr, panellər və diskussiyalardan məhrum olmaq istəmirlər.

Onlar Fransanın Strasburq şəhərindəki mənzillərini, avtomobillərini, bonuslarını, aldıqları ödənişləri itirməkdən qorxurlar.

AŞPA indi yeni baş katib seçməyə hazırlaşır. T.Yaqland isə bu postdakı biabırçı, yarıtmaz fəaliyyətini dayandırmaq, absurd və sərsəm açıqlamalara son qoymaq, heç olmasa normal gedişlə yadda qalmaq əvəzinə əzilmiş köhnə qaloş assosiasiyasını yaradır.

T.Yaqlandın yerinə Litvanın Kaunas şəhərinin meri Emanuelis Zingerisin seçiləcəyi təxminlənir.

60 yaşlı E.Zingeris qatı anti-Rusiya mövqeləri ilə tanınsa da, T.Yaqlanddan fərqli olaraq isterikalara qapılmayan, böhtanları gerçək kimi qələmə verməyə aludə olan insan təsiri bağışlamır.

Ümid edirik ki, T.Yaqland və onun "sağ əli" sayılan T.Koksdan fərqli olaraq, E.Zingeris 140 milyonluq Rusiya ilə 10 milyonluq Azərbaycanın vətəndaşlarının AŞPA-nın nəzərində bərabər hüquqlu şəxslər olduğunu anlayır.

Rusiyanın maraqlarının müdafiəçisinə və Azərbaycana qarşı qərəzli mövqe tutan siyasətçiyə çevrilmiş T.Yaqlandın siyasi məntiqlə diplomatiyadan çox kənar açıqlamalarının fəsadları AŞPA-nın çözmək məcburiyyətində qaldığı problemlər arasındadır.

Həmin problemlərdən biri də Avropa Şurasının mövcudluq tarixində ilk dəfə (!) olaraq Avropa Konvensiyasının 46.4 maddəsində nəzərdə tutulmuş xüsusi prosedurun Azərbaycana qarşı tətbiq olunması ilə bağlı T.Yaqlandın canfəşanlığıdır.

Yəni bu prosedurla Azərbaycanı AŞPA-dan kənarlaşdırmaq istəyirlər, çünki, sən demə, rəsmi Bakı AİHM-in, sadəcə, bir (!) qərarını, İ.Məmmədovla bağlı hökmünü ica etmir.

Bunun bir adı var - sarsaqlıq!

Nədən ki, AİHM-in son 5 ildə 7354, 10 ildə isə 12547 qərarı və hökmü ica olunmayıb.

Britaniya AİHM-i, ümumiyyətlə, tanımaq istəmir, ABŞ qurumu rədd edir, Belarus "o təşkilat nədir?" deyir; Moldova, Rumıniya, İtaliya, Serbiya, İspaniya, Monteneqro, Fransa və Almaniya isə 4342 qərarın icrasını mücərrəd zamanlara, qeyri-müəyyən gələcəyə saxlayıb.

Belə vəziyyətdə Azərbaycanı bir qərarın icrasını ləngitdiyinə görə AŞPA-dan kənarlaşdırmaq üçün edilən cəhdləri, bu həyasız tragifarsı necə adlandırmalıyıq?!

... Azərbaycan AŞPA-dakı marioenetlərin bütün cəhdlərinə rəğmən, Avropa strukturları ilə qarşılıqlı əlaqələrini gücləndirir, inkişaf etdirir.

Rəsmi Bakının Avropa Birliyi, NATO və "Euronest"lə təmasları, çoxtərəfli və ikitərəfli münasibətlərin intensivləşməsi 2002-ci ildən bəri Avropada siyasi anaxronizmə, geosiyasətin mənasız atavizminə çevrilmiş AŞPA-nın funksionallığının zəiflədiyi dönəmdə Azərbaycana qarşı hücumların artmasının effektiv olacağını düşünənləri pərişan edib.

Onları qarşıda yeni "təəssüf vəsilə"ləri gözləyir və bu, T.Yaqland təki çoxmaskalı, siyasi simasını çoxdan itirmiş insanları narahat edir.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.