Siyasət

Dövlətləri dağıdan bəla - Nə etməli?

22 Noyabr 2017 10:27
Baxış: 3 229

"Noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə "Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir" mövzusunda keçirilən Beynəlxalq Forumda  Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çıxışı, hər şeydən öncə hazırda, demək olar ki, bütün dünya üçün aktual olan bir məsələnin - terrorizm və seperatizimin nə qədər təhlükəli olduğunu aktuallaşdırmaqla yanaşı, Azərbaycanın bu bəladan uzun illərdir nə qədər əziyyət çəkdiyinin diqqətə çatdırılması ilə də yadda qaldı".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, eləcə də Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, siyasi elmlər doktoru Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan prezidentinin köməkçisi çıxışında bir sıra mühüm məqamlara toxunub:

 

"Forumun "Yeni dünya düzənində separatizm dalğası: Problemi necə həll etməli? Separatizmə məruz qalmış ölkələrin təcrübəsi" adlanan ilk panelində Qarabağ münaqişəsi və beynəlxalq separatizm məsələlərinə toxunan Əli Həsənov beynəlxalq münasibətlərin hazırkı vəziyyətində terrorizmin və etnik seperatçılığın az qala bütün dünya ölkələrinin ərazi bütövlüyünü təhdid etdiyini bildirdi. Hindistandan başlamış Şimali Avropaya, Avroatlantikadan tutmuş Latın Amerikasına qədər olduqca geniş bir geosiyasi məkanda çoxsaylı dövlətlərin belə problemlə üz-üzə qaldığını xatırladan prezidentin köməkçisi vaxtında Azərbaycanda baş qaldıran etnik seperatizmə qarşı beynəlxalq birliyin və beynəlxalq təşkilatların biganə qalmasının, yaxud problemə ikili standart siyasətilə yanaşmalarının da bu dəhşətli bəlanın geniş yayılmasında olan rolunu önə çəkdi. Postsovet məkanında az qala kütləvi şəkildə baş qaldıran etnik seperatizmin Avropanın dərinliklərinə qədər irəliləməsində bu problemin vaxtında həll edilməsi üçün yetərli cəhdlərin göstərilməməsi səbəblərdən biri kimi diqqətə çatdırıldı".

Millət vəkili hesab edir ki, əgər Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna kimi ölkələrdə baş qaldıran etnik seperatizmə qarşı vaxtında qətiyyətli mübarizə aparılsaydı, sonrakı mərhələdə Balkanlarda, Şimali və Qərbi Avropada, nəhayət, İspaniyada seperatçılıq bu həddə gəlib çatmazdı: "Məsələ ondadır ki, seperatizm və terrorozm biri digərini bəsləyən iki radikal vasitə kimi bu gün milli dövlətlərin dağılmasına qədər gedib çıxan dəhşətli dağıdıcı proseslərə səbəb olur. Terror hazırda hibrid müharibə vasitəsinə çevrilməklə müsəlman Şərqində və Şimali Afrikada çox sayda ölkələrin funksional dövlət aparatını dağıdıb, tarixdə görünməmiş vəhşətlərə və miqrasiyaya səbəb olub. Bu gün isə vaxtilə Avropadakı bəzi mərkəzlər tərəfindən dəstəklənərək üçüncü ölkələrə ixrac edilən terrorizm və  seperatizm şiddətlə Avropanın öz qapısını döyməyə başlayıb. Əli Həsənov haqlı olaraq qeyd etdi ki, bu problemə qarşı mübarizə birgə səylər tələb edir. Əgər beynəlxalq hüquq tərəfindən dəstəklənən "dövlətlərin ərazi bütövlüyü prinsipi" sözdə deyil, əməldə müdafiə olunarsa, o zaman seperatizmə qarşı effektiv mübarizə aparmaq, hətta qısa müddətdə müsbət nəticələr də əldə etmək olar".

H.Babaoğlunun qənaətincə, separatizm kimi təhlükəli problemin birdəfəlik həllinin dövrü artıq çatıb:

 

"Azərbaycan artıq uzun illərdir ki, seperatizmdən və terrordan əziyyət çəkir. Ərazilərimizin 20 faizindən çoxu Ermənistan tərəfindən işğal edilib. Problemin həlli üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vaxtı çoxdan çatıb. Ona görə də hazırkı dövr belə problemlərin həlli mərhələsi olmalıdır. Əks təqdirdə bu gün əgər dünyada 50-dən çox belə problem mövcuddursa, gələcəkdə onların sayı yuzlərlə ola bilər. Çünki dünyanın hər yerində, xüsusilə Avropada potensial seperatizm ocaqları həddindən artıq çoxdur. Əgər onların hamısı birdən aktiv fazaya keçsə, onda hazırkı dünya nizamından əsər-əlamət qalmaz. Bundan ən çox əziyyət çəkən isə məhz elə terrorizmə və seperatizmə dəstək verən ölkələr olacaq. Ona görə də belə ölkələr imperialist ambisiyaları bir kənara qoyaraq dağıdıcı seperatizmə qarşı ciddi mübarizə aparmalıdırlar. Məhz Azərbaycanın bu cür qlobal problemi aktuallaşdıraraq dünya ictimaiyyətinin diqqətini buna cəlb etməsi xüsusi qiymətləndirilməli bir hadisədir. Düşünürəm ki, ölkəmizin təşəbbüsü ilə başladılan bu beynəlxalq proses dostlarımızın və tərəfdaşlarımızın sayını artırmaqla Qarabağ probleminin həllinə də öz töhfəsini verəcək".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.