Siyasət

İlham Əliyev: "Azərbaycan xalqı çox yaxşı bilir ki, bu gün özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur"

14 Noyabr 2017 17:50
Baxış: 848

"Azərbaycan xalqı çox yaxşı bilir ki, bu gün özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur".

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda bundan sonra da bütün azadlıqlar təmin ediləcək: "Biz demokratik cəmiyyət qururuq. Yeni Azərbaycan Partiyasının yaradılması demokratiyanın təzahürü idi. Buna baxmayaraq, o vaxt hakimiyyəti dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat cütlüyü ən antidemokratik addımlar atmağa hazır idi ki, bu partiyaya əngəllər törətsin. Ancaq Yeni Azərbaycan Partiyası o vaxt ölkədə siyasi sistemin yaradılmasına da çox böyük töhfə vermişdir. Bu gün biz demokratiya yolu ilə gedirik".

İlham Əliyev qeyd edib ki, Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir: "Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb. Qeyri-konstruktiv hərəkətləri, aqressiv davranışları onlara xalqın nifrətini birə-on artırır.

Xüsusilə indiki şəraitdə, internet dövründə nəyisə gizlətmək mümkün deyil. Azərbaycan xalqı çox yaxşı bilir ki, bu gün özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur. Onlara xaricdən komandalar verilir. O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər".

Prezident əlavə edib: "Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin - beşinci kolonun ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək.

Metodologiya da çox bəsitdir, çox sadədir. Xaricdə bir yalan uydurulur, bir şər-böhtan kampaniyasına rəvac verilir. Ondan sonra bu yalan, böhtan xarici mətbuatda dərc edilir. Daha sonra bunun əsasında da müəyyən tərpənmə, - mən canlanma deməzdim, - müşahidə olunur. Bu tərpənmə bir-iki mitinqdə özünü göstərir. Həmişə olduğu kimi, axırıncı mitinq onun təşkilatçıları üçün məyusedici olur, bununla da məsələ qurtarır. Yəni, bu gün siyasi mübarizəni bu formada aparmaq istəyən dəstəyə, - bunlara heç qüvvə də demək olmaz, - heç nə dərs olmur. Vaxt dəyişir, insanlar dəyişir, Azərbaycan dəyişir, siyasi mübarizə metodları dəyişir, onlar isə hələ də köhnə təfəkkürlə yaşamaq istəyirlər və öz mənasız həyatlarını bu işlərə sərf edirlər.

O ki qaldı bütün azadlıqlara, Azərbaycanda heç bir məhdudiyyət yoxdur. Sərbəst toplaşma azadlığı, söz azadlığı, bütün digər azadlıqlar Azərbaycanda tam şəkildə təmin edilir və təmin ediləcəkdir. Demokratiyaya bizim bağlılığımız hansısa təşkilata xoş gəlmək üçün deyil, biz bunu şüurlu surətdə edirik ki, ölkəmiz hərtərəfli şəkildə inkişaf etsin. Çünki iqtisadi islahatlar siyasi islahatlarla paralel aparılmalıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.