Siyasət

Sarkisyan yenə sərsəmlədi, Minsk qrupundan isə...

17 Oktyabr 2017 20:57
Baxış: 1 686

Ötən gün İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi.

Görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatı yayıldı. Bəyanatda görüşün konstruktiv mühitdə keçdiyi, prezidentlərin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdığı bildirildi.

Uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqların digər təfərrüatları məlum olmasa da, görüşdən sonra Serj Sarkisyanın ənənəsinə sadiq qalaraq sərsəmləməsi gözləntiləri alt-üst etdi.

Sarkisyan bəyan etdi ki, Ermənistan rəhbərliyi üçün münaqişənin yeganə həll yolu Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmamasıdır. O bildirdi ki, heç bir erməni rəhbəri heç vaxt belə qərar qəbul edə və onu icra edə bilməz.

Sarkisyanın işğal etdikləri Azərbaycan ərazilərində yaratdıqları qondarma rejimin təhlükəsizliyini poza biləcək həll yolunu qəbul etmədiklərini vurğulaması isə Ermənistan rəhbərliyinin bu tezliklə ətraf rayonları da qaytarmayacağını söyləməyə əsas verir. Çünki rəsmi Yerevan "Dağlıq Qarabağın təhlükəsizliyi"ni məhz ətraf rayonlarımızı da işğalda saxlamaqla təmin etdiyini düşünür.

Bu bəyanat bir daha göstərir ki, Ermənistan qoşunları Azərbaycan torpaqlarından öz xoşu ilə çıxan deyil və artıq işğalçı ilə onun başa düşdüyü dildə danışmaq lazımdır.

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun timsalında rəsmi Bakı Sarkisyanın bəyanatına münasibət bildirdi:

"Təəssüflər olsun ki, Serj Sarkisyan yenə öz ampluasındadır. Adətinə uyğun olaraq, danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır. Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, yenə də sözünün üstündə durmadı... Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir.

Lakin o bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq. Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq..."

Bununla belə, qeyd olunmalıdır ki, bundan əvvəl münaqişənin Ermənistanla Azərbaycan arasında deyil, qondarma rejimlə Azərbaycan arasında olduğunu bəyan edən, danışıqlar prosesində qondarma rejimin tərəf kimi çıxış etməsində israr edən rəsmi Yerevanın siyasəti Cenevrə görüşü ilə əslində puça çıxdı: Sarkisyan danışıqlar masasına qayıtmağa məcbur edildi, özü də münaqişə tərəfi kimi. Sual yaranır: əgər Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində "artsax" adı qoyduqları qondarma rejimin "müstəqilliyi"ni özü belə tanımırsa, hətta münaqişənin məhz həmin qondarma rejimlə Azərbaycan arasında olduğunu bəyan edirsə, o zaman nə adla danışıqlar prosesində iştirak edir? Bu, Sarkisyan administrasiyasının danışıqları pozmaq, Dağlıq Qarabağ münaqişəsində status-kvonu uzun müddət saxlamaq üçün dəridən-qabıqdan çıxdığını, bir-birini təkzib edən bəyanatlar verdiyini, sözü ilə əməlinin düz gəlmədiyini göstərir.

20 ildən çoxdur sadəcə müşahidə etməklə məşğul olan ATƏT-in Minsk qrupundan isə artıq nəsə gözləməyə dəyməz.

Bəxtiyar Hacıyev - Trend:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.