Siyasət

"Məhsul"da quraqlıq: radikalların daha bir uğursuzluğu

28 Oktyabr 2017 18:16
Baxış: 3 098

Sabah Qərb ölkələrində "Hellouin" bayramı qeyd olunacaq.

Bakıda isə bu gün "Məhsul" meydanında AXCP və "Milli Şura" mitinq keçirdi.

Bugünkü mitinqdə "Milli Şura"nın lideri Cəmi Həsənli, bir də "Meydan TV"-nin saytında və Facebook səhifəsində canlı yayım yoxdu.

Tribunada çıxışlar başa çatan kimi mitinq iştirakçıları meydanı tərk etməyə başlayıblar.

"Məhsul"dakı daha bir müxalifət fiaskosu beləcə, başa çatıb.

Qədim irland və kelt ənənələrindən qaynaqlanan "Halloween"in digər adı "All Hallows Eve", yəni "Bütün müqəddəslər axşamı"dır. Hellouin bayramında qorxunc maskalar taxılır, içi ovulub şam qoyulmuş, "Cek fənəri" adlandırılan balqabaqlarda bədheybət maskalar çəkilir.

Skeletlər, həyulələr, zombilər, qorxulu obrazlar -bunlar Hellouin maskalarıdır.

"Məhsul"dakı mitinq də sanki ölkədəki radikal müxalifətin mini-Helluoini idi: tribunada köhnə maskalar, siyasi zombilər, yığışanları qorxutmaq üçün çıxarılan səslər, heybətli vədlər və ən başlıcası, özlərini "müxalibət məbədinin müqəddəs"ləri sayan personajlar...

1992-ci ildən bəri heç bir real, konkret, miqyas və məzmunundan asılı olmayaraq məntiqi aksiyası ilə yadda qalmayan, daha doğrusu, belə aksiyalara potensialı olmayan Azərbaycan müxalifəti bu gün də "hələ məhv olmamışıq" ruhlu mitinq keçirdi.

Eyni simalar, eyni çıxışlar, eyni şüarlar, eyni patetika, demaqogiya, "Qərb bizə yardım edəcək!" çağırışlarının "Eşit səsimizi, Qərb!" pərişanlığına qarışdığı küskünlük və ən başlıcası - tribunada dəyişməyən "danışan başlar".

AXCP və özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran yığnaq yenə də efemer ümidlərə, illüziyalara qapılaraq nəyisə dəyişə biləcəyini deyirdi.

Təbii, istənilən normal cəmiyyət dəyişikliklərlə yaşayır və bu, qaçılmazdır.

Amma cəmiyyətin normallaşdırılması çağırışları siyasəti anormallaşdıran insanların şüarçılığıdırsa - bu, ən böyük absurd və eybəcərlikdir.

AXCP sədri Əli Kərimli və "Milli Şura"nın lideri Cəmil Həsənli kütləyə xitab etdiklərini vurğulayırlar. Hansı kütləyə, necə xitab?

Cəmil Həsənli siyasi marionetka olduğunun fərqinə hələ də varmır, vara bilmir və "Milli Şura" adlı kvazitəşkilatın strukturunun, fəaliyyət planlarını Bakıda yox, ölkədən xaricdə hazırlandığını pərdələməyə çalışır.

Halbuki "Milli Şura"nın təməlinin Moskvada qoyulduğu, rəhbəri postuna da "qəflətən" - yəni göstərişlə - prezidentlik iddiasına qapılmış Rüstəm İbrahimbəyovun təyinatı nə tez unuduldu?

"Milli Şura"ının fiaskosundan və R.İbrahimbəyovun da siyasətdə piyada, çağırışlarla bəyanatlarının isə saxtakarlıq və riyakarlıq olduğu aşkarlanandan sonra bu qurumun üzvlərinin tələsik Tiflisə yollanaraq başlarına çarə aramaları, Qərbə fövqələdə sədaqət andı içmələri, Rusiya izini itirmək üçün "Şura rəhbərliyi"ndəki bir sıra şəxslərdən qurtulmaları yaddan çıxdı?

Ölkə müxalifətinin bəlli təmsilçiləri olan bir neçə partiyanın yığışdığı "İctimai Palata"nı darmadağın edərək "Milli Şura" adlı sintetik, bütünlüklə Azərbaycanın dövlətçiliyinə və müstəqilliyinə qarşı yönələn təşkilata qatılanlar Rusiya vətəndaşına "biət" edəndə nə düşünürdülər?

Azərbaycanın dövlət müstəqilliyini hərraca çıxarmaq, yad dəyərləri ölkə mənəviiyatına pərçimləmək, diqtə olunmuş prinsipləri "demokratiya və liberalizm" adı ilə ölkə siyasətinə yeritmək istəyi müxalifətçilik yox, destruktivizmdir, ziyanvericilikdir.

AXCP sədri Əli Kərimli də siyasi puçluq baxımından nəinki Cəmil Həsənlidən geri qalmadığını, hətta primitiv siyasətçilikdə onu üstələdiyini bu gün də göstərdi.

Hakimiyyət davası döyən Ə.Kərimli bu gün də cəsarətdən, mətinlikdən, iradədən və qətiyyətdən danışdı.

Halbuki, məhz onun mənsub olduğu komanda hakimiyyəti qoyub qaçmışdı, Surət Hüseynovun "Sizi Azadlıq Meydanında asacam!" hədəsindən sonra susmuşdu.

Əli Kərimli də həmin vaxtlar o susqunlar arasında idi.

Bu gün o, yenə tərəfdarlarına minnətdarlıq etdi. O kəslər ki, sosioloji və psixoloji baxımdan maraq doğururlar, axı yanlış ideyanın, çoxdan nüfuzunu itirmiş və siyasətə təsir imkanlarına görə total sıfıra enmiş insanın arxasınca getmək, onun mənasız söz yığınından ibarət çıxışını bəyənmək, yumşaq desək, sadəlövhlükdür.

Uğursuz Əli Kərimli bu binəvalığında hakimiyyəti suçladı yenə və həmişə olduğu kimi, bu gün də aldatdığı, boş vədlər verdiyi insanların həyatlarını puç etdiyinə görə üzr istəmədi.

Halbuki siyasi əddalət prinsipi AXCP sədrinin istefasını ehtiva edir.

Necə ki, Müsavatın sədri Ariff Hacılı da ciddi, nüfuzlu, intellektli və adekvat siyasətçi olsaydı, "siyasi meyit" statusundan könüllü imtina edərdi.

Amma bu gün tam əksini gördük. Siyasətə karikaturaya çevrilən, Azərbaycanda siyasətlə maraqlanan istənilən gənc üçün "Belə olmayın!" tipli plakat qəhrəmanı təsiri bağışlayan Arif Hacılı hikkəli, isterik, marazmatik ifadələri ilə yenə də onun barəsində elə müxalifət düşərgəsindəki opponentlərin dediklərini təsdiqlədi.

Siyasətdə ölçü hissini çoxdan itirən və reallığı dəyərləndirə bilməyib ifrat radikallaşan sözügedən şəxslər gerçəkdən də, çox zavallı təsir bağışlayırdılar. Onlar ən aqressiv dini sekta rəhbərlərinə, özlərini "Tanrı" elan etmiş kəslərə bənzəyirdilər ki, bu da Qərbdə Əli Kərimliyə, Arif Hacılıya, Cəmil Həsənliyə bel bağlayan, bu oyuncaqlar vasitəsilə hansısa oyun qurmağı düşünənlərin primitiv zəkasını ortaya qoydu.

Ən azı ona görə ki, din ilə pərdələnmiş radikallarla ittifaq quran "Məhsul"dakı "natiq"lər hələ də dərk edə bilmirlər ki, Azərbaycanın Şəriət qanunları ilə idarə olunmasını, dünyəvi sistemin "fiqh"lə əvəzlənməsini arzulayanlar əsla normal cəmiyyət postulatlarına can atmırlar.

"Lider"lər "Məhsul"a qara bayraqlarla gələnləri, alınlarına qara və yaşıl lent bağlayanları öz tərəflərinə çəkdiklərini, onlardan yararlanacaqlarını düşünürlər.

Halbuki istifadə olunan da AXCP və "Milli Şura"dır, mitinqdən sonra məsxərəyə qoyularaq "hələlik bizə lazımsınız, sonrasına baxarıq" deyilib ələ salınan da binəva Kərimli-Həsənli duetidir.

"Məhsul" meydanındakı mitinqdə müxalifətin konkret fəaliyyət proqramının və iqtisadi platformasının olduğu da deyildi. Di gəl, həmin nəsnələr yox təsiri bağışlayır.

AXCP sədrindən daha çox qeyzli bloqer təsiri bağışlayan, fəaliyyəti Facebook profilində  pətərən sözlər inkubasiyasına çevrilən Əli Kərimli "Belə olmaz!" isteriyasını davam etdirir, amma "Nə etməli?!" sualını cavablamır.

Çünki həmin sualın cavabını formalaşdıran məqamlar radikal müxalifətin xəstə orqanizminin üçölçülü rentgen fotosunu ortaya qoyur. Axı nə edəsən ki, Azərbaycanda yürüdülən iqtisadi siyasəti tənqid edən AXCP sədri və "Milli Şura" lideri ölkənin başqa dövlətlərdəki layihələrə istiqamətləndirdiyi investisiyalarla Azərbaycana gələn yatırımları özlərini xarici təşkilatlardan aldıqları qrantlarla səhv salırlar.

Oktyabrın 25-də, "Məhsul"da bu gün keçirilən mitinqdən üç gün əvvəl Dövlət Təhlükəsizlik Xidməti uğurlu antiterror əməliyyatı keçirərək terrorçu dəstəni zərərsizləşdirdi. Xırdalanda İŞİD-ə rəğbət bəsləyən terrorçularla DTX-nın xüsusi təyinatlı dəstəsinin əməkdaşları arasında Bakıda qanlı terror aktlarını gerçəkləşdirmək istəyənlərin fəaliyyətinə son qoyuldu.

Bəxtiyar Məmmədsadıq oğlu Ələkbərov, "Əbu Yunis" ləqəbli Anar Mehman oğlu Məsimli və Cavid Şüseyn oğlu Hüseynlidən ibarət bu dəstə bloqer Əli Kərimlinin rəhbərlik etdiyi AXCP ilə "alim" Cəmil Həsənlinin sədr səlahiyyətlərini birtəhər icra etdiyi "Milli Şura"nın oktyabrın 28-dəki mitinqində partlayışlar törətmək, "Məhsul"da ağaclardan birinə İŞİD bayrağı bağlamaq, ölkədə təşvişq və  təlaş yaratmaq istəyirdi.

Dəstə "Məhsul"dakı partlayışdan sonra bir neçə terakt törətmək, sonra neft-kimya müəssisələrində təxribatları gerçəkləşdirmək, hərbi hissələrdən birinə hücum etmək istəyirdi.

Alınmadı. Terror aktlarının qarşısı alınıb, İŞİD-ə "biət" edən dəstə zərərsizləşdirilib, yüzlərlə, minlərlə insanın həyatı xilas olunub, AXCP və "Milli Şura" da bu gün rahatlıqla mitinq keçirib.

Ölkədə hər hansı formada etimad və həmrəylik bazasından bilmərrə məhrum olan, siyasətin kənarına atılmış marginallar bu gün də çağırışlar etdilər. Onlar hakimiyyətin daxili və xarici siyasətdən narazı olduğunu həmişəki isteriya, çılğınlaqla söylədilər - amma alternativ olaraq real, konkret heç nə demədilər.

Bu bir yana: hakimiyyətə dinc gəlişi yox, inqilabı, qiyamı, üsyanı arzulayan bu marginallar sələfi fanatiklərin dəstəsinin məkrli planlarının qarşısının alındığı üçün pislədikləri, hədəfə aldıqları hakimiyyətə minnətdarlıq etdilərmi?

Əsla. Əksinə, Əli Kərimli eynən Əbdürrəhim bəy Haqverdiyevin əsərlərindəki "eynəkli" personajlar kimi "hücuma keçdi", isteriyasını davam etdirdi və Bakı Şəhər İcra Hakimiyyətinin icazə verdiyi, təhlükəsizliyin tam təmin olunduğu mitinqdə konstitusion hüquqlarını gerçəkləşdirdikləri üçün kimə minnətdar olduğunu demədi. O, hakimiyyəti "mitinq ərəfəsində təxribat"da suçladı. Əli Kərimlinin sosial şəbəkələrdəki "trol"ları və Cəmil Həsənlinin "mürid"ləri bir qədər də irəli getdilər. Bu qüsurlu məntiqə maliklərin yazdıqlarına və dediklərinə görə, DTX-nın əməliyyatı, sən demə, "Məhsul"dakı bugünkü mitinqə yol verməmək məqsədi güdürmüş.

Yəni radikal müxalifətdə hər şey həmişə olduğu kimi qeyri-adekvat, psixoz səviyyəsində, absurd.

Ən azı ona görə ki, hakimiyyətin "Məhsul" meydanındakı bu günkü "pərişan və qəmli" şounun qarşısını almağa əsla ehtiyacı yoxdu. Son iki həftə ərzində fasiləsiz dəvətlərinə, Facebook-dakı çağırışlarına rəğmən meydana maksimum 1000 nəfəri yığa bilən Əli Kərimli və Cəmil Həsənli uğursuz aksiyaların növbəti nümayişini ortaya qoya bildilər.

Səbəb çox sadədir: Ə.Kərimli, C.Həsənli və onları guya "dəstəkləyən", "təqdir edən", dinlə pərdələnən fiqurların meydana yığdıqları müxalifətin odu yanıb qalan külü, sistemsiz və sosial bazadan məhrum psevdoelektoratdır.

Ən başlıcası isə, Əli Kərimlinin "trol"larının şüurunun hələ də kəsb edə bilmədiyi, qavraya bilmədiyi gerçək var: müxalifətin ambisioz və intriqan "lider"lərinin iddialarından fərqli olaraq"Məhsul" meydanındakı mitinq ölkədəki radikalların real durumunu dəqiq əks etdirdi.

"Məhsul"dakı əvvəlki aksiyalarda olduğu kimi, bugünkü mitinq də bariz göstərdi ki, Əli Kərimli və Cəmil Həsənlinin isterik bəyanatlarına rəğmən, ölkədə nə kütləvi narazılıq var, nə də AXCP və "Milli Şura"nı dəstəkləyən geniş xalq kütləsi.

"Məhsul"dakı hər aksiya radikal müxalifətin can verən orqanizminə daha bir zərbə, Əli Kərimli və Cəmil Həsənlinin bilərəkdən sürəyini uzatdıqları siyasi intihar prosesidir.

Çünki Arif Hacılı qismində digər "lider"lər təki, bu duet ölkədəki müxalifət düşərgəsini parçaladılar, məhv etdilər, siyasəti burleskə və kafe-şantana çevirdilər, çarəsizlik həddini o şəddə çatdırdılar ki, Azərbaycanın "fiqh və Şəriətlə idarə olunan məmləkətə" çevirməyi arzuyan "dindar" marginallarla ekstremizm həddində ləngər vuran, dinlə pərdələnən radikallarla ittifaq yaratdılar.

Əli Kərimli son günlər Facebook-dakı profilində aramsız bir məqamı ön plana çəkir: "DTX-nın əməliyyatının məqsədi insanları oktyabrın 28-də "Məhsul"da keçiriləcək mitinqə getməkdən çəkindirmək idi".

Bu, artıq marazmdır, cənablar.

"Məhsul"a yığışan, sayı ən uzağı 1000 nəfər olan şəxslər toplusu ölkədəki siyasi situasiyanı dəyişmək, sosial proseslərin yönlərini fərqləndirmək gücündə olan olaydır?! Buna inanırsınız?!

Radikal müxalifət artıq 8 ildir ki, "Məhsul"a yığışır, amma həmin aksiyalar ən yaxşı halda özlərini "müxalifət lideri" sayanların natamamlıq komplekslərinin izharıdır.

Həddən ziyadə sadə həqiqəti anlamağın vaxtı çatmadımı?

Elçin Alıoğlu
Milli,Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.