Siyasət

"Prezidentin siyasətinin ləngiməsinə şərait yaradan şəxslər vəzifədən uzaqlaşdırılacaq"

11 Oktyabr 2017 21:03
Baxış: 1 667

"Prezident İlham Əliyevin Strateji Yol Xəritələrinin icrasını təmin etməyən və bu məsələdə gecikməyə yol verən dövlət qurumlarının işlərində tezliklə dönüş yaratması ilə bağlı dedikləri həmin dövlət qurumlarına ciddi xəbərdarlıqdır". 

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirib.

Millət vəkilinin sözlərinə görə, bu xəbərdarlıq bir neçə aydan sonra bəzi yüksək vəzifəli şəxslərin işdən qovulması ilə nəticələnə bilər:

"Müşavirədə qeyd edildiyi kimi, Strateji Yol Xəritələrinin əksəriyyətinin icrası 2020-ci ilədək yerinə yetirilməlidir və buna uyğun olaraq da hər il üçün plan və normalar müəyyən olunub. Amma dövlət başçısı qeyd elədi ki, monitorinqin nəticələrinə görə, bəzi sahələrdə müvafiq qurumlar tərəfindən bu layihələrin icra faizi cəmi 10-15 faiz təşkil edir. Cənab prezident xəbərdarlıq edərək ilin sonunadək onlara birbaşa tapşırıq verdi ki, bu məsələlər sürətləndirilməli, ləngimələr aradan götürülməlidir.

Mən belə hesab edirəm ki, ilin sonuna həsr olunmuş növbəti yekun toplantıda cənab prezidentin bu siyasətinin ləngiməsinə şərait yaradan, onun icrasında səhlənkarlıq edən müəyyən vəzifəli şəxslər vəzifələrindən uzaqlaşmalı olacaqlar".

Qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib ki, Strateji Yol Xəritələrinin icrasında gecikməyə yol verən qurumlar tezliklə işlərində dönüş yaratmalıdırlar:

"Strateji Yol Xəritələrinin icrası ilə bağlı monitorinq aparılır. Monitorinqin nəticələri mənə məruzə edildi. Monitorinq göstərir ki, bəzi hallarda nəzərdə tutulan tədbirlərin icrası gecikir. Buna yol vermək olmaz. Bütün dövlət qurumları qarşısında vəzifə qoyulmuşdur. Hər bir dövlət qurumu bilir nə etməlidir. Ona görə, bəzi qurumlarda Strateji Yol Xəritələrinin icrası 50 faizdir, 70 faizdir, bəzi qurumlarda isə 10 faizdir, 15 faizdir. Bunun izahatı tələb olunmalıdır. Mən göstəriş verirəm ki, gecikməyə yol verən qurumlar tezliklə işlərində dönüş yaratsınlar. Bütövlükdə Strateji Yol Xəritələrinin qəbulu və elan edilməsi çox ciddi islahatdır - 164 prioritet və 683 tədbir nəzərdə tutulmuşdur. Onların hamısı 2020-ci ilə qədər öz həllini tapmalıdır. Ona görə, bu məsələ ilə bağlı monitorinqin nəticələri təhlil olunmalı və burada qüsurlara yol verən qurumlar tezliklə düzəlişlər etməlidirlər. Mənə mütəmadi olaraq məlumat veriləcək. Yubanma aradan qaldırılmalıdır. Aidiyyəti dövlət qurumları nəticə çıxarsınlar".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.