Siyasət

Müxalifətin "Məhsul" fiaskosu: "nə kütlə" vardı, nə translyasiya

7 Oktyabr 2017 16:58
Baxış: 8 745

Özünü "Demokratik Qüvvələrin Milli Şurası" və ya  qısaca, "Milli Şura" adlandıran erzas-təşkilatla bahəm, Azərbaycan müxalifətinin tarixində bu gün bir ilk oldu.

AXCP sədri Əli Kərimli ilə "Milli Şura"nın rəhbəri Cəmil Həsənli "qara rekord"a imza atdılar, çünki "Məhsul" stadionunda saat 15.00-a təyin edilmiş mitinq vaxtından gec başladı. Üstəlik, başda "həm də" müxalifət liderlərinin ruporuna çevrilmiş "Meydan TV" mitinq başlayan kimi sosial şəbəkələrdə canlı yayıma start vermədi.

"Hal-hazırda müxalifət "Məhsul" stadionunda aksiya keçirir. Ancaq mitinq ərazisində internet əngəlləndiyindən canlı yayım etmək mümkün olmur", - "Meydan TV" belə açıqlama ilə özünə haqq qazandırmağa çalışsa da, iddia həddən ziyadə primitivdir.

Azərbaycanda fəaliyyət göstərən 3 mobil rabitə operatorunun və ya Bakıdakı onlarla provayder şirkətlərinin hamısının "Məhsul" stadionunu blokadaya alması texniki baxımdan mümkünsüz olduğundan, belə iddia yalandır.

"Məhsul" yenə radikal müxalifətin mahiyyətini göstərən test məkanına çevrildi.

Səbəb banal, hətta trivial və gözləniləndi.

Sentyabrın 23-də "Məhsul" stadionundakı mitinqə əgər təxminən 1500 nəfər gəlmişdisə, bu dəfə meydandakıların sayı 600 nəfərə çatmadı.

Müxalifətin mediası da mitinqə maraq göstərmədiyindən, "Milli Şura"nı dəstəkləyənlərin say azlığını sosial şəbəkələrdə göstərib rüsvay olmamaq üçün translyasiya təki həmişə qürrələndikləri vasitədən yararlanmayan "lider"lər vətəndaşların onlara olan münasibətlərini bu dəfə də anlamasalar, deməli, AXCP-"Milli Şura" tandeminin reallıq hissinin cüzi də olsa, bərpasına əsla ümid yoxdur.

Sosial şəbəkələrdəki aktivliyi ilə siyasət meydanındakı zəifliyini pərdələməyə çalışan AXCP sədri Əli Kərimliyə gəldikdə isə, onun durumu tragikomikdir

İş o yerə çatıb ki, bu gün "Məhsul"a toplaşanların sayı Əli Kərimlinin Facebook-dakı səhifəsindəki statuslarını bəyənənlərin (bu "like"lərin çoxunun saxta profillərin təqdiri olması da bəlli) sayından dəfələrlə az olması AXCP-nin populist sədrinin siyasi ölümünün də göstəricisi sayıla bilər.

Nominal olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri sayılan Əli Kərimli və müxalifət qüvvələrini birləşdirdiyi iddia edilən "Milli Şura"nın rəhbəri Cəmil Həsənlinin iki həftədən bəri davam edən sürəkli, fasiləsiz çağırışlarından sonra bu gün Bakıda keçirdiyi mitinqində, sanki, dejavyu yaşanırdı.

Çünki məkan, tribunada və meydandakı insanlar, səslənən çağırışlar, deyilən şüarlar, edilən çıxışlar, çəpiklər və qışqırtılar sentyabrın 23-dəki mitinqin eynisi sayıla bilərdi.

"Məhsul" stadionuna sentyabrın 23-də yığışanların sayı təqribən 1500 nəfərdisə, bugünkü statistika radikal müxlifətin pərişanlığına və təlaşına səbəb sayıla bilər. Səbəb bəlli: ötən mitinqdən fərqli olaraq, bu dəfəki yığıntıya qatılanların sayı daha da azdı.

Son illərdəki volüntarist davranışı, reallıqdan və şəraitin məntiqi dəyərləndirilməsindən çox kənar siyasətinin, xüsusilə də bir zamanlar ölkə müxalifətinin aparıcı qüvvəsi olmuş AXCP-ni xaricdəki bəlli strukturların Azərbaycandakı bəsit oyuncağına çevirməsinin nəticəsində rəhbəri olduğu təşkilatın, sadəcə, adının qalmasına "nail" olan Əli Kərimli Facebook-da statuslar paylaşmaq intensivliyini, demaqoji çağırışlar məhsuldarlığını siyasət sayan marginal siyasətçiyə çevrilib.

O, siyasət meydanında tamamən yoxa çıxmamaq üçün ən paradoksal, ən absurd ittifaqlar yaradır, liberallıq və dünyəvilik şüarları ilə dinlə pərdələnmiş ekstremistlərlə radikalları müdafiə edir və bununla da son şansını dəyərləndirən uğursuz sələmçi təki davranır.

Son mitinqlərdə olduğu kimi, bu gün də meydandakıların çoxu "dindarlar" kimi təqdim edilən, əslində isə dindarların adından danışmağı özlərinə könüllü səlahiyyət sayan radikallar idilər.

Onları "radikal" adlandıranda inciyən şəxslər dinc, adi və normal vətəndaşlar olduqlarını, yalnız ibadət edərək "iman əhli" olmalarını ön plana çəksələr də, səslənən tələblər və edilən çağırışlar bunun tam tərsini göstərdi.

İndiyədək bütün mitinqlərdə olduğu kimi.

Meydanda yelləndirilən plakatlarda "dərhal" azadlığa buraxılması tələb olunanların əksəriyyəti dinlə pərdələnmiş radikallıq və ekstremizm ideyalarının daşıyıcıları, yaxud da tam təsbitlənmiş konkret cinayətlərinə görə məsuliyyətə cəlb olunaraq azadlıqdan məhrum edilmiş adamlardı.

Məsuliyyət məsələsinin AXCP və "Milli Şura" üçün çoxdan bəri ikici dərəcəli anlayış olduğunu nəzərə alsaq, meydanda Avropa Birliyinin bayrağının yellənməsi ilə Azərbaycanın "Şəriət qaydaları ilə idarə olunan möminlər ölkəsi"nə çevrilməsini arzulayanların çağırışlarının dissonans təşkil etməsinin fərqində idi Əli Kərimli.

Fəqət, özlərini "islamçı" adlandıranlarla siyasi ittifaq yaradan və bununla da potensial elektoratının həcmini böyütdüyünü düşünən AXCP sədri həmin şəxslərin gerçək rəhbərləri qarşısındakı öhdəliklərin çərçivəsindən çıxa bilmir.

O rəhbərlər isə sıravi AXCP-çilərin gümanlarının tam tərsinə olaraq, Azərbaycanda deyillər.

Faktlar az deyil.

Məsələn, Əli Kərimlinin portreti ilə bəzədilmiş təbliğat plakatında bildirilirdi: "7 oktyabr mitinqində Hacı Abgül, Tale Bağırzadə, Elçin Qasımov, Hacı Zülfüqar, Abbas Hüseyn, Mövsüm Səmədov, Ruhulla Axundzadə, Eldəniz Məmmədov, Hacı Sərdar Hacıhəsənli, Səid Dadaşbəyli və digər çoxsaylı dindar məhbuslara, o cümlədən siyasi məhbuslara azadlıq tələb edəcəyik. 7 oktyabr mitinqinə gəlin!"

"Azadlıq aşiqi" kimi təqdim olunanlar arasında yer alan Eldəniz Lazım oğlu Məmmədov, əslində, cəllad, əli qana bulaşmış birisidir. Vətəndən kənarda "müqəddəs torpaq" taparaq onun uğrunda İŞİD terror təşkilatının sıralarında döyüşmüş E.Məmmədov "Əbu Cihad" ləqəbi ilə tanınırdı. O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

İŞİD-in sabiq üzvünün azadlığa buraxılmasını tələb edən Əli Kərimli bununla da E.Məmmədova bəraət qazandırdığının fərqindədir, amma özünü o yerə qoymur, "Əbu Cihad"ı çox əminliklə "siyasi məhbus", "dindar məhbus" kimi meydandakı kütləyə təqdim edir.

Belə manipulyasiyalarınsa siyasi mənəviyyat bir yana - məntiqdən kənar olduğunu söyləmək artıqdır.

Əbu Reyhan əl Biruni uğursuzluqlardan nəticə çıxarmayıb yeni cəhdləri ilə növbəti pərişanlığına düçar olan şəxsləri "dəvənin hörgücündən alnınadək mənasız fikirlərinin və bacarığından böyük arzularının dəvə karvanı ilə yollanan binəsib"lər adlandırmışdı.

Nəsibsizlik, perspektivsizlik, məğlubiyyətlər artıq AXCP və "Milli Şura"nın ticari nişanına, tanınma simvoluna çevrilməklə yanaşı, bu strukturların rəhbərlərinin hər vəchlə pərdələməyə çalışdıqları yükünə çevrilib.

Bugünkü mitinqdə tribunada duran Əli Kərimli və onu dəstəkləyən dəstə meydana yığışanların sayının fotolarda çox görünməsi üçün "doğma" fotoqraflarla jurnalistlərə əvvəlcədən verdikləri təlimatları mimik jestlərlə təkrarlayır, kameraların obyektivlərinin hansı tərəfə, nə zaman tuşlanmasına işarə verirdilər.

Tösmərək insanın dikdaban ayaqqabı ilə ucaboy görünməyə çalışmasının kökündə duran natamamlıq kompleksi bugünkü mitinqin təşkilatçılarının jestlərində aşkar hiss olunurdu.

Beləcə, "Məhsul"da mühacir biznesinin növbəti siyasi artistizm şousu alınmadı.

Onlarla "müxalifətçi" selfi çəkdirib işini bitmiş saydılar və çıxıb getdilər.

Siyasi və dini radikalizmi təbliğ edən liderlərsə "qələbə" açıqlamaları hazırlayırlar yəqin...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.