Siyasət

Kvirikaşvili: "Gürcüstan və Azərbaycan daha sabit və inkişaf etmiş region yaradır" - FOTO

29 Sentyabr 2017 17:34
Baxış: 1 363

"Gürcüstan və Azərbaycan strateji tərəfdaş olmaqla yanaşı, həm də bir sıra layihələrdə birgə əməkdaşlıq vasitəsilə daha sabit və inkişaf etmiş region yaradır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili "Caspian Energy Georgia" şirkətinin fəaliyyətə başlaması ilə əlaqədar "CEO Lunch Tbilisi" tədbirində bildirib. O deyib ki, iki ölkə Avropanın enerji təhlükəsizliyinə töhfə verir, region və bazarları birləşdirir: "Əlaqələrin və əməkdaşlığın gücləndirilməsi iqtisadi canlanma və sabitliyə zəmin yaradır. Biz Azərbaycan şirkətlərinin Gürcüstandakı biznes uğurlarını alqışlayırıq. Qarşılıqlı investisiyaların artırılması, birgə kiçik və orta biznesin inkişafı və əməkdaşlığımızın yeni səviyyəyə qaldırılması ilə bağlı gələcək planlarımız çoxdur".
 
İki ölkə arasında nümunəvi qonşuluq münasibətlərinə toxunan G. Kvirikaşvili Borjomi regionunda meşə yanğınları zamanı Azərbaycanın köməyini xüsusilə qeyd edib: "Gürcüstan xalqı Azərbaycan xalqının yanğınların söndürülməsində göstərdiyi köməyi heç zaman unutmayacaq. Prezident Əliyevin tapşırığı ilə Azərbaycan yanğınsöndürənləri, helikopterləri və xüsusi texnika bizimlə birgə yanğınla mübarizə apardı. Mən gürcü xalqı adından bir daha təşəkkür etmək istəyirəm".
 
Baş nazir Gürcüstandakı investisiya mühitindən söz açaraq hökumətin ölkəyə daha çox investisiya cəlb olunması üçün maksimum şərait yaratdığını söyləyib. O, "Caspian Energy Georgia" şirkətinin Gürcüstan və Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin inkişafında vacib rol oynayacağına ümidvar olduğunu vurğulayıb.
 
Qeyd edək ki, "CEO Lunch Tbilisi" tədbirində Gürcüstanda fəaliyyət göstərən 50 Azərbaycan və Türkiyə şirkəti, eləcə də yerli şirkətlər iştirak edib. Tədbirə Gürcüstanın maliyyə naziri Dmitri Kumsişvili, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxariya, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər də qatılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.