Siyasət

"Kürdüstan" referendumu: kürdlər "hə", dünya "yox" dedi

26 Sentyabr 2017 10:27
7 Şərh     Baxış: 7 106

İraqın Kürdüstan bölgəsində seçicilər ziddiyyətli müstəqillik referendumu üçün səsvermə məntəqələrinə gedib.

Səsvermə İraq Kürdüstan Regional Hökumətini (İKRH) təşkil edən üç şimali rayon və Bağdadla mübahisəli ərazilərdə keçirilib.

Dünən axşam saat 22 radələrində referendumun ilkin nəticələri bəlli olub.

Referendumda səs vermiş 3,2 milyon nəfərin 93,29 faizi İraq Kürdüstanının dövlət müstəqilliyinin lehinə, 6,71 faiz isə əleyhinə səs verib.

Referendumu dəstəkləyənlərin şəhərlər üzrə bölgüsü belədir:

Erbil - 86 faiz

Ninova - 80

Duhok - 90

Kərkük - 78

Zaho - 94

Süleymaniyyə - 67

Rəvanduz - 90

Çoman - 91

Akre - 94

Şeyhan - 90

Tuzhurmatu - 67

BBC-nin məlumatına görə, İraqın baş naziri referendumun "konstitusiyaya ziddiyətli" olduğunu deyib və xəbərdarlıq edib ki, o, "ölkənin birliyini saxlamaq üçün lazımi tədbirlər" görəcək.

Kürd liderləri gözlənilən "bəli" seçiminin qələbəsinin onlara müstəqillik üzrə danışıqlara başlamağa səlahiyyət verəcəyini deyirlər.

Qərb ölkələri yeni münaqişənin yaranması və özünü İslam Dövləti (İD) adlandıran qruplaşma ilə mübarizədən yayınmaq ehtimalı ilə referendum barədə narahatlıqlarını ifadə ediblər.

Kürdlər Yaxın Şərqdə dövlətsiz olan ən böyük etnik qruplardan biridir. 1991-ci ildə muxtariyyat qazanmadan əvvəl, İraqın 37 milyonluq əhalisinin 15-20 faizini təşkil edən kürdlər onilliklərlə repressiya ilə üzləşmişdilər.

İKRH və İraqın İKRH-ın nəzarəti altında olan şimal ərazilərində keçirilən referendumda 5,2 milyon şəxsin səsvermə üçün qeydiyyatdan keçdiyi bildirilib.

Referendumun "Bəli" ilə nəticələnəcəyi gözlənilirdi.

Seçki məntəqələri yerli vaxtla saat 18:00 qədər açıq qalıb və ilkin nəticələrin 24 saat ərzində, yekun nəticənin isə bu həftənin sonunacan bəyan ediləcəyi gözlənilir.

Ərbil şəhərində bir məktəbdə yerləşən seçki məntəqəsində səs vermək üçün növbədə gözləyən bir kişi Reuters agentliyinə "100 ildir ki, bu günü gözləyirik" deyib: "Biz dövlətimizin olmasını istəyirik, inşallah. Bu gün bütün kürdlər üçün bayramdır. Allah qoysa, biz bəli deyəcəyik, əziz Kürdüstana bəli deyəcəyik".

Böyük ərəb və türkmən əhalisi olan Kərkük şəhərində seçkidən əvvəl bir neçə xırda qarşıdurmalar baş verib.

Səsvermədən öncə baş nazir Heydər əl Əbadi bildirib ki, səsvermə, konstitusiyaya ziddir və sülh prosesini hədələyir: "Biz ölkənin birliyini saxlamaq üçün lazımi tədbirlər görəcəyik".

Lakin o, hansı tədbirləri həyata keçirmək niyyətində olduğunu açıqlamayıb.

Bundan sonra İraq hökuməti Kürdüstan bölgəsindən beynəlxalq sərhəd məntəqələrində nəzarətin verilməsini tələb edib.

İraq, həmçinin digər ölkələrdən Kürdüstan regionundan neft almamağa və "neft və sərhədlər"ə görə danışıqları yalnız hökumətlə aparmağa çağırış edib.

Neft Kürdüstan regionunun əsas ixrac məhsullarından biridir.

İsrail müstəqillik referendumunu açıq dəstəkləyən yeganə ölkə olub.

"Bir gecə gözlənilmədən gələ bilərik"

Müstəqillik üzrə referenduma cavab olaraq Türkiyə bu həftə görəcəyi yeni tədbirləri təqdim etməyi planlaşdırır. İran isə artıq İKRH ilə sərhədini bağlayıb.

Prezident Rəcəp Tayyib Ərdoğan referendumu sərt sözlərlə tənqid edərək, bununla bağlı lazımi tədbirlərin bu həftə içində bəyan ediləcəyini deyib.

Ərdoğan İstanbulda bir çıxışında bildirib ki, "Sərhəddə bu an, sadəcə, İraq tərəfinə keçidə müşahidə var. Bu həftə içərisində digər tədbirləri də bəyan edəcəyik. Və o addımlar da atılacaq. Və artıq giriş-çıxış, bunlar da bağlanacaq. Müxtəlif tədbirlərimiz var. Onları da ayrıca icra edəcəyik. Və bütün bunlarla birlikdə, Şimal İraq Regional Hökuməti görək, neftini hansı kanallarla haraya axıdıb və ya satacaq. Kran bizdədir. Kranı bağladığımız anda o iş də bitdi. Dövləti idarə edən bütün bunları nəzərə almalıdır".

Türkiyə prezidenti siyasi, iqtisadi, ticarət və təhlükəsizlik sahələrində lazımi addımların atıldığını və heç bir şəkildə güzəşt edilməyəcəyini bildirib.

Şimali İraq Kürdistan Regional Hökümətinin müstəqillik referendumunda səs vermə prosesi davam etdiyi bir vaxtda, Türkiyənin baş naziri Binalı Yıldırım da bu səsvermənin regionda xoşagəlməz, narahatedici hadisələrin başlanğıcı ola biləcəyini söyləyib.

Televiziyaların ortaq canlı yayımında jurnalistlərin suallarına cavab verən Yıldırım müstəqillik referendumunun iqtisadi, siyasi, diplomatik, təhlükəsizlik və hərbi də daxil olmaqla, üç ölçüdə olduğunu bildirib.

Yıldırım deyib ki, böhran yüksək həddə çatıb:

"Dönülməz bir vəziyyətə gəldiyi üçün, bundan sonrası xoşagəlməz, narahatedici hadisələrin də olacağı bir prosesin başlanğıcı olacaq. Ancaq təkidlə Kərkük kimi, Mosul kimi konstitusiya ilə tanınan sərhədlərin xaricində, bu referendumu həyata keçirmək təkidi, yeni münaqişənin təməlini qoyub. Bunun əvəzi günahsız, mülki insanlar olacaq".

Yıldırım türkmənlərə qarşı şiddətin artacağı təqdirdə buna laqeyd qalmayacaqlarını və görüləcək hərbi işlərin də, İraq mərkəzi höküməti ilə razılaşdırılacağını bildirib.

Baş nazir istər Suriya, istərsə də İraqda, Türkiyənin cənub sərhədlərində yeni bir quruluşun meydana gəlməsinin "qəbul olunmaz" olduğunu bəyan edib.

"Bu, tam yekun bir müharibə deyil. Biz sərhəd xarici ilə bağlı tədbir görürük. Firat qalxanında da etdiyimiz budur. İraq tərəfdən də gördüyümüz tədbirlər, bu sözdə olan referendum qərarından sonra oradakı terror ünsürlərinin daha da cəsarətlənərək fəaliyyətlərini artırmaqlarının qarşısını almaq üçündür. Bunları müharibə adı altında bəyan etmək düzgün deyil. Vətəndaşlarımız rahat olsun, müharibəyə başlamırıq", - Yıldırım bildirib.

İKRH "bəli" cavablarının qalib olacağını gözlədiyi referendumdan sonra Bağdadla müstəqillik danışıqlarına başlamaq istəyir.

Ancaq mərkəzi İraq rəhbərliyi bu referendumu qəbul etməyəcəyini deyib.

Referendum nəticələri "yox" hökmündədir

Türkiyənin Xarici İşlər Nazirliyinin səhər radələrində yayılan açıqlamasında referendum nəticələrinin "yox" hökmündə olduğu və bu təşəbbüsün qəbul olunmadığı bildirilib.

Açıqlamada deyilib ki, bütün beynəlxalq ictimaiyyətin və xüsusilə regional ölkələrin referendum barəsində olan ardıcıl yanaşmanı davam etdirmələri və bu qeyri-qanuni təşəbbüsün nəticələrini qəbul etməkdən imtina etməkləri vacibdir.

Həmçinin açıqlamada İKRH rəhbərliyinin "sağlam düşünməsi"nin və İraq xalqının sülh və rifahına xidmət edən bir siyasət qəbul edilməsinin vacib olduğu vurğulanıb.

Xarici İşlər Nazirliyi açıqlamasında deyilir: "Referendum dövründə mövcud şəraiti istismar etmək istəyəcək bəzi radikal ünsürlərin və terroristlərin milli təhlükəsizliyimizi hədəf alan işlərə cəhd etdikləri təqdirdə və İraqda milli təhlükəsizliyimiz ilə bağlı olan hər cür təhdidlərə qarşı beynəlxalq hüquqdan və Türkiyə Böyük Millət Məclisinin (TBMM) verdiyi səlahiyyətlərdən irəli gələn bütün tədbirləri görəcəyimizi bir də vurğulayırıq".

İran sərhədi bağlayıb

İran Xarici İşlər Nazirliyi İKRH ilə olan sərhəddi bağladığını bildirib.

Nazirliyin rəsmisi Bəhram Qasımi bildirib ki, İraq hökümətinin tələbinə görə, quru və havadan olan sərhədlərimizi bağladıq.

Qasımi referendumu qanunsuz və qeyri-qanuni olaraq vurğulayıb.

İran prezidenti Həsən Ruhani və İraq baş naziri Heydər əl İbadi bazar günü axşam telefonla əlaqə saxlayıb.

Ruhani telefon danışığında İranın İraqdakı mərkəzi hökümətinə dəstəyini təkrarlayıb.

Müzakirə olmayacaq

İraqın baş naziri Heydar əl Əbadi İraq hökumətinin Kürdüstan Regional Hökuməti ilə heç bir danışığa getməyəcəyini açıqlayıb.

Reuters-in verdiyi məlumata görə, Əbadi bazar ertəsi axşamı dövlət televiziyasında çıxış edərək deyib: "Referendum konstitusiyaya zidd olduğu üçün referendumun nəticələrini müzakirə etməyə və ya dialoqa getməyə hazır deyilik".

İraqla yanaşı, İran və Türkiyə də referenduma qarşı çıxıb.

Referendumdan sonra İraq ordusu sərhəddə Türkiyə ilə birgə təlimlərə başlayıblar.

İraq Kürdüstan Regional Hökumətinin rəhbəri Məsud Bərzani referendumda müstəqillik qərarının olması vəziyyətində İraqla müstəqillik mövzusunda danışıqlara başlamaq istədiklərini söyləyib.

"Müstəqil Kürdüstan" dünyanın neft xəritəsini necə dəyişəcək?

"Financial Times" qəzeti yazır ki, İraqın şimalında keçirilmiş müstəqillik referendumunun ən mürəkkəb perspektivlərindən biri də kürdlərin neftlə zəngin Kərkük əyalətinə iddialı olmalarıdır.

Kərkük günə 400 min barrel neft hasil edir və bu toplam İraq neft hasilatının 10 faizi deməkdir.

Beləliklə, Kürdüstan, həqiqətən də, müstəqil olarsa, İraq hökuməti OPEC-də ən böyük ikinci hasilatçı statusunu İrana təhvil verməli olacaq.

Bundan başqa İraqın şimalındakı Kürd Muxtar Regionunun 45 milyard barrel neft ehtiyatına malik olduğu məlumdur. Bu, İraqın bütün neft ehtiyatlarının üçdə biri deməkdir. Burada hazırda günə 650 min barrel neft hasil olunur ki, bunun da 550 min barreli Türkiyə ərazisi ilə Aralıq dənizi limanlarına çıxarılır.

Neft bazarı narahat deyil

Elə isə dünya neft bazarı OPEC-in ikinci ən böyük hasilatçısı olan bir ölkəni potensial baxımdan parçalayacaq ziddiyyətli referendumdan niyə bu qədər də narahat olmayıb?

Birincisi ona görə ki, referendumda Kürdüstanın müstəqilliyinə hətta "hə" deyilsə də, bu, avtomatik olaraq dərhal müstəqil Kürdüstanın yaranması ilə nəticələnməyəcək.

Kürdüstan rəsmiləri referendumun nəticələrinin icbari olduğunu desələr də, onlar bunu da qeyd ediblər ki, müstəqillyin rəsmi bəyanına qədər Bağdadla ciddi danışıqlara girəcəklər. Bu isə illərlə davam edə bilər.

Beynəlxalq dəstək və tanıma olmadan Kürdüstan yaxın gələcəkdə özünün müstəqilliyini elan edə bilməyəcək.

Lakin ən maraqlısı budur ki, Bağdad və İranın, indi isə həm də Türkiyənin hərbi müdaxilə barədə hədələrinə baxmayaraq burada tammiqyaslı müharibənin başlayacağı ağlabatan görünmür. Belə ki, kürdlər İŞİD-ə qarşı müharibədə həlledici rol oynadıqlarını iddia edirlər və İraq Kürdüstanında nəzərəçarpacaq anti-İŞİD koalisiyasının yaranması ilə nəticələnib.

Burada, xüsusilə də Kərkükdə və onun ərafında yaxşı möhkəmləndirilmiş müdafiə xətləri yaradılıb.

Bəzi mübahisəli ərazilərdə şiə silahlılarla xırda toqquşmalar istisna edilməsə də, neft infrastrukturunu təsirləndirəcək tammiqyaslı müharibə real görünmür.

Bundan başqa mərkəzi İraq hökuməti bütün xarici dövlətləri Kürdüstan regionu ilə ticarətdən çəkinməyə çağırıb.

Beləliklə, Türkiyə buradan gedən neft kəmərini bağlamasaydı, Bağdadın yeganə çarəsi Kürdüstan neftini daşıyan tankeləri məhkəməyə vermək olacaq. Keçmişdə vəziyyət elə bu cür olub.

Kürdüstan və iri neft şirkətləri

Buna baxmayaraq Kürdüstan Regional Hökuməti (KRH) "Vitol", "Trafigura", "Petraco" və "Glencore" kimi neft ticarəti firmalarından istifadə edir və Bağdadın qara siyahısına baxmayaraq kürd nefti dünya bazarında özünə alıcı tapır.

Baş verən hadisələr beynəlxalq neft şirkətlərini narahat etməyib. Geosiyasi risklərə və qeyri-sabitliyə baxmayaraq bu şirkətlər Kürdüstan neftinə marağı itirməkdənsə, əksinə bura axıdılan investisiyaları artırırlar.

Referendumdan bircə həftə əvvəl ABŞ neft nəhəngi "Chevron" iki illik fasiələdən sonra Kürdüstandakı qazma işlərini bərpa edib. Üstəlik, son iki həftədə Kürdüstan Regional Hökuməti böyük neft şirkətlərini onlara olan borclarını qaytaracağına inandıra bilib.

Lap bu yaxınlarda Rusiya dövlət neft nəhəngi "Rosneft" bir milyard dollardan artıq kredit də daxil KRH ilə bir neçə enerji sazişləri bağlayıb.

Kürdüstan "Rosneft"ə olan borclarının ödənməsinə, əslində, başlayıb. "Rosneft"in Almaniyadakı emal zavodlarına xam neft göndərilir. Beləliklə, kürdlər borclarını elə neftlə ödəyirlər.

"Rosneft" habelə Kürdüstanın neft kəmərinə böyük investiyalar qoymaqla onun tutumunu günə 700 min barreldən 1 milyion barrelə çatdırmaq niyyətini bildirib. Həm də bu, elə bu ilin sonlarınadək baş verə bilər.

Bundan başqa "Rosneft" Kürdüstanın yerli KAR şirkəti ilə birlikdə ildə 30 milyard kubmetr keçiriciliyi olan qaz boru kəmərini tikməyə hazırlaşır.

Bu qaz kəmərinin tikintisi 2019-cu ildə başa çatacaq və bu boru ilə qazın Türkiyəyə nəqlinə 2020-ci ildə başlanacaq.

Kürdüstanın "Rosneft"in köməyi ilə beynəlxalq bazara çıxaracağı qazın həcmi Avropanın qaza ehtiyacının 6 faizini verə bilər.

Bütün bunlara görə də Türkiyənin bu qədər gəlirdən imtina edərək kəməri bağlaması ağlabatan deyil.

Beləliklə, Kürdüstanın müstəqilliyindən beynəlxalq narahatlıqlara baxmayaraq, neft bazarı buradan axan neftin yaxın vaxtlarda kəsiləcəyinə inanmır.

Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.