Siyasət

Neftçalada çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat ayrılıb

25 Sentyabr 2017 18:14
Baxış: 694

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Neftçala şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Neftçala rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, Neftçala Sənaye Məhəlləsi yaradılmış, iri istehsal və emal müəssisələri açılmış, Rayon Mərkəzi Xəstəxanası, Şəhər Mədəniyyət və İncəsənət Sarayı, Uşaq-Gənclər Şahmat Məktəbi əsaslı təmir olunmuş, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 64 mənzilli 3 yaşayış binası inşa edilmiş, təhsil ocaqları və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, 31 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılmış, yeni yollar çəkilmiş, Kür çayı sahilində bulvar salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Sərəncamda qeyd edilir ki, Neftçala şəhərində 35 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Neftçala Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.