Siyasət

Azərbaycan Ermənistana qarşı beynəlxalq sanksiyalara nail ola bilər

22 Sentyabr 2017 07:07
Baxış: 2 237

"Bəzi aparıcı dövlətlər Ermənistanın başına sığal çəkir".

Azərbaycan Ermənistana qarşı hücum xarakterli diplomatiyasında daha israrlı olsa və bu istiqamətdə daha sərt addımlar atsa, BMT-də işğalçıya qarşı beynəlxalq sanksiyaların qəbuluna nail ola bilər.

Bunu Milli.Az-a açıqlamasında politoloq, professor Fikrət Sadıxov prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında BMT-də mövcud qətnamələrin olmasına baxmayaraq, işğalçı Ermənistana qarşı hələ də sanksiyaların tətbiq olunmaması və bu məsələdə ikili standartlarla bağlı fikirlərini dəyərləndirərkən deyib.

Politoloqun fikrincə, işğalçı Ermənistana qarşı hələ də beynəlxalq sanksiyaların tətbiq olunmamasının səbəbi bəzi aparıcı dövlətlərin onu himayə etməsidir:

"Dağlıq Qarabağ məsələsi bizim ən ağrılı problemimizdir və təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev də BMT Baş Аssambleyasının sessiyasındakı çıxışını məhz bu məsələdən başladı. Qeyd edilənlər - 25 ildən çoxdur davam edən işğal, aparıcı dövlətlərin seyrçi mövqeyi, Ermənistanın torpaqlarımızda törətdikləri vəhşiliklər, beynəlxalq hüquq normalarına əməl etməməsi - hamısı həqiqətdir. Dövlət başçısı dünya ictimaiyyətinin nümayəndələrinə konkret inandırıcı faktlarla, rəqəmlərlə sübut etdi ki, əgər siz ikili standartları aradan qaldırmasanız, bu regionda təhlükəsizlik təmin olunmayacaq. Regional təhlükəsizlik isə təkcə bizə yox, bütün dünyaya lazımdır. Çünki müxtəlif neft, qaz, nəqliyyat layihələrinin hamısı Qərb dövlətləri tərəfindən də imzalanıb.

Prezident İlham Əliyev Ermənistana qarşı sanksiyaların tətbiq olunması ilə bağlı mühüm ifadə işlətdi. Bu sanksiyaların tətbiq olunmasının vaxtı çoxdan keçib. Bu, olmalıdır.




Lakin sanksiyaların tətbiq edilməsi BMT-dəki müəyyən mexanizmlərdən asılıdır. Artıq bu icra mexanizmləri işləməlidir. Təəssüf ki, bu sanksiyalar ona görə tətbiq olunmur ki, bir sıra aparıcı dairələr hələ də Ermənistanın başını sığallayır və qoymur ki, burnundan bir damla qan tökülsün. Biz Ermənistana qarşı hansısa addım atanda dərhal səs-küy qaldırırlar. Ona görə də həmin sanksiyaların tətbiqi və qəbul olunmuş qətnamələrin icrasına başlanması üçün Azərbaycanın ciddi hücum xarakterli ciddi diplomatik addımlara ehtiyacı var.

Hesab edirəm ki, əgər biz bu istiqamətdə sərt şəkildə, israrla, fəal işləsək, bəlkə də Ermənistana qarşı bu sanksiyalar tətbiq oluna bilər. Bizim buna nail olmağımız mümkündür. Artıq bizim başqa yolumuz yoxdur. Biz həm hücum xarakterli diplomatik addımlarımızı atmalıyıq, həm hərb gücünə onları qorxu altında saxlamalı və vaxtaşırı göstərməliyik ki, biz torpaqlarımızı azad etməyə hazırıq".

Xatırladaq ki, prezident İlham Əliyev BMT-dəki çıxışı zamanı deyib: "Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir.

İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.

Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir.

Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır.

Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.