Siyasət

"Azərbaycan Prezidenti BMT-nin ali tribunasından dünya ictimaiyyətinə mühüm mesajlar verdi"

21 Sentyabr 2017 18:50
Baxış: 810

"Bu gün ölkəmizin sürətli inkişafı, həyata keçirdiyimiz regional və qlobal layihələr, ümumiyyətlə, Azərbaycan həqiqətləri dünyanın bir çox ölkələrində ali tribunalardan beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Bu mənada Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışını xüsusi olaraq vurğulamaq lazımdır. Ümumiyyətlə, ölkəmizin başçısının ABŞ-a səfəri, bu mötəbər tədbirdə iştirak və çıxış etməsi, eyni zamanda, keçirdiyi bir sıra mühüm görüşlər Azərbaycanın artan nüfuzundan xəbər verir".

Bu fikirləri Milli.Az-a YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadənin sözlərinə görə, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı Dağlıq Qarabağla bağlı səsləndirdiyi əsaslı və mühüm fikirlər dünya ictimaiyyətinə bir daha dəqiq mesaj oldu: "Cənab Prezidentimizin qeyd etdiyi kimi, Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Nə qədər ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmayıb, Ermənistanın təcavüzü nəticəsində işğal altında olan 20 faiz torpağımız azad edilməyib Azərbaycan həm hərb, həm də informasiya məkanında öz mübarizəsini və haqlı təbliğat siyasətini davam etdirəcək. Möhtərəm Prezidentimizin bu sahədə yürütdüyü siyasət təqdirəlayiqdir və xalqımız tərəfindən dəstəklənir".

YAP Siyasi Şurasının üzvü vurğuladı ki, Azərbaycan Prezidentinin sessiyada çıxışı zamanı Xocalı faciəsi ilə bağlı toxunduğu məqamlar bir daha dünya ictimaiyyətində Ermənistanın terrorçuluq siyasəti ilə bağlı aydın fikir formalaşdırdı: "Hər kəsə məlumdur ki, ermənilər Xocalıda azərbaycanlılara qarşı böyük soyqırımı törədiblər. Bu soyqırımı artıq dünyanın bir sıra ölkələrində rəsmi şəkildə tanınıb. Möhtərəm Prezidentimiz "bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir" fikirləri isə Sarkisyanın bir daha beynəlxalq birlik qarşısında dəqiq faktlarla ifşa edilməsidir".

"İki sahil" qəzetinin baş redaktoru əlavə etdi ki, Prezident İlham Əliyev cəsarətli şəkildə BMT tribunasından dünyanın beynəlxalq təşkilatlarına çağırış edərək ikili standartlara son qoyulmasını tələb etdi: "Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. BMT-nin Təhlükəsizlik Şurası bununla bağlı 4 qətnamə qəbul edib. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti bununla bağlı qərar və qətnamələr qəbul ediblər. Bizim isə tələbimiz odur ki, Ermənistan bu qətnamələri icra etsin. Əgər etmirsə Ermənistana təzyiq edilsin və cəzalandırılsın. Təəssüf ki, sadaladıqlarımızın heç biri baş vermir. Əvəzində işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilir. Bunun isə bir adı var-ikili standartlar. Ölkəmizin başçısı isə haqlı olaraq bəyan edir ki, bu yanaşma qəbuledilməzdir".

Vüqar Rəhimzadə onu da bildirdi ki, Azərbaycan Prezidentinin BMT-nin ali tribunasından ölkəmizin beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığı, Azərbaycanın dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biri olması, sosial və iqtisadi sahələrdə nail olduğumuz böyük inkişaf, dövlətimizin beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı kimi tanınması ilə bağlı səsləndirdiyi dəyərli fikirlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan regionun ən qüdrətli ölkəsidir və böyük güclərin əsas tərəfdaşlarındandır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.