Siyasət

Komitə sədrindən sərt bəyanat - Bu qərar Azərbaycan-Rusiya münasibətlərinin ruhuna qətiyyən uyğun deyil

19 Sentyabr 2017 17:34
1 Şərh     Baxış: 1 290

"Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyasının birinci instansiya məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi barədə qərarını qüvvədə saxlaması böyük təəssüf hissi doğurur. Ümumrusiya Azərbaycan Konqresi rəhbərliyinin öz hüquqlarını sonadək müdafiə edəcəyinə əminliyimizi bildirməklə yanaşı, xüsusi olaraq vurğulamağı vacib hesab edirik ki, beynəlxalq münasibətlərin son dərəcə həssas və mürəkkəb bir dövründə qəbul olunan bu qərar iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna qətiyyən uyğun deyil".

Milli.Az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Nazim İbrahimov açıqlamasında bildirib.

Komitə sədrinin sözlərinə görə, Rusiyanın müxtəlif dövlət orqanlarının nümayəndələri ilə ən müxtəlif səviyyələrdə danışıqlar aparılıb, ayrı-ayrı görüşlər zamanı mövzu dəfələrlə müzakirə olunub, Azərbaycan dövlətinin və ictimaiyyətinin məsələyə son dərəcə həssas yanaşması diqqətə çatdırılıb. Bütün bunlara baxmayaraq, Apellyasiya Kollegiyasının Konqresin ləğvi barədə qərarı qüvvədə saxlaması ölkələrimizin inkişaf edən münasibətlərinə kölgə salmaqda maraqlı olan qüvvələrin mövcudluğunu bir daha təsdiqləyir: "Hesab edirik ki, ötən müddət ərzində ÜAK-ın iki ölkə arasında əlaqələrin möhkəmlənməsi, xalqlarımızı bir-birinə bağlayan mədəni dəyərlərin, tarixi ənənələrin təbliği istiqamətindəki fəaliyyətini nəzərə almadan qəbul olunmuş bu qərar çoxmillətli Rusiyanın milli siyasətinin əsas prinsiplərinə, qədim dostluq münasibətlərinə malik xalqlarımızın qarşılıqlı mənafelərinə cavab vermir".

N.İbrahimov qeyd edib ki, Azərbaycana qarşı bir sıra xarici dairələr, müxtəlif şəbəkələrin sifarişi əsasında qeyri-şəffaf məqsədlər üçün yaradılmış qurumlar tərəfindən qərəzli iddialar əsasında böhtan kampaniyalarının intensivləşdiyi bir vaxtda strateji tərəfdaş hesab etdiyimiz Rusiyada ən böyük diaspor təşkilatının fəaliyyətinin dayandırılması yalnız acı təəssüf hissi doğura bilər: "Yaxın tarix göstərir ki, müəyyən dövrlərdə, xüsusilə Azərbaycan qlobal əhəmiyyətli layihələrə imza atarkən ciddi təzyiqlərə və təhdidlərə məruz qalır, ölkəmizə qarşı təxribat xarakterli addımlar atılır, dünyanın aparıcı güc mərkəzləri ilə münasibətlərin gərginləşdirilməsinə yönəlmiş ssenarilər həyata keçirilir. Bu baxımdan, heç şübhə yoxdur ki, ÜAK-ın ləğvi yalnız iki ölkə arasındakı qarşılıqlı etimadı zəiflətmək, dövlətlərarası münasibətləri zədələmək məqsədi güdən qüvvələrin maraqlarına xidmət edə bilər".
 

Bununla belə DQİDK sədri əmin olduğunu deyib ki, ÜAK-la bağlı qəbul olunmuş qərar Rusiyada, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı ruhdan salmayacaq, diaspor təşkilatlarının fəaliyyətinin zəifləməsinə səbəb olmayacaq, əksinə həmvətənlərimizi milli-mədəni birlik, xalqlararası dostluq və əməkdaşlıq ideyası ətrafında daha sıx birləşməyə sövq edəcəkdir: "Eyni zamanda, ümid edirik ki, yuxarı instansiya məhkəməsi Rusiyanın azərbaycanlı vətəndaşlarının ictimai mənafelərini, iki ölkənin qarşılıqlı münasibətlərinin inkişafındakı rolunu, strateji tərəfdaşlıq münasibətlərini, xalqlarımızı birləşdirən çoxəsrlik dostluq ənənələrini nəzərə alaraq, Ümumrusiya Azərbaycan Konqresi haqqında ədalətli qərar qəbul edəcəkdir".

Qeyd edək ki, bu gün Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası ÜAK-ın apelyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
 

İlkin İzzət
Milli.Az
 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.