Siyasət

Azərbaycanlı deputat Parisdə məruzə ilə çıxış edəcək

18 Sentyabr 2017 10:02
Baxış: 419

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvləri qurumun müxtəlif komitələrinin iclasında iştirak edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Avropa Sosial Xartiyası üzrə Alt komitənin sədri Sevinc Fətəliyeva sentyabrın 18-dən 20-dək Fransa paytaxtında səfərdə olacaq, Sosial komitənin iclasında iştirak edəcək.

İclasda "2016-2017-ci illər üzrə ATƏT-in fəaliyyəti" müzakirə olunacaq, miqrant problemi ilə əlaqədar millətlərarası münaqişələrə nəzər salınacaq, iqlim dəyişikliyi, işdə stress və digər məsələlərə baxılacaq.

Sevinc Fətəliyeva komitədə "Silahlı münaqişələrdə yaralanan uşaqların qorunması" mövzusunda məruzə ilə çıxış edəcək.

Həmçinin Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun Mədəniyyət, elm, təhsil və media Komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 21-dən 24-dək Parisdə səfərdə olacaq.

Komitə iclasında bir sıra aktual məsələlərə baxılacaq. Mediada redaktənin dəqiqliyinə, beynəlxalq səviyyədə idmanda, o cümlədən futbolda yaxşı idarəetmənin vacibliyinə diqqət yönəldiləcək. Bu ilin payızında Strasburqda keçiriləcək "Dünya Demokratik Forumu"na hazırlıqla bağlı müzakirələr aparılacaq.

Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun komitə iclaslarında iştirak etmək üçün sentyabrın 17-dən 20-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.