Siyasət

Bu Saziş Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünü daha da artıracaq

15 Sentyabr 2017 07:07
Baxış: 2 654

"Azərbaycan dövlətinin bütün sahələrdə - dövlətin ümumi tərəqqisi, iqtisadi inkişafı, təhlükəsizlik və s. istiqamətlərdə strateji kursu var. Hər şey ölüb-biçilir və müəyyən nəticələrə gəlib çıxılır. "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının işlənməsinə dair yeni imzalanan Saziş də Azərbaycanın yenidən müstəqillik əldə etməsindən sonra yürütdüyü iqtisadi siyasət çərçivəsində iqtisadi məsələlərin həlli yolunda atılan müsbət addımlardan, ölkəmizin ümumi inkişafına, onun beynəlxalq aləmdə tanınmasına, digər dövlətlərlə əməkdaşlığının genişlənməsinə təkan verən anlaşmalardan biridir".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, professor Fəzail İbrahimli Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasının əhəmiyyətini şərh edərkən bildirib.

Millət vəkili hesab edir ki, yeni Saziş 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ilə müqayisədə Azərbaycan üçün daha çox gəlir vəd edir: "Lakin "Əsrin müqaviləsi" imzalanan zaman Azərbaycan indiki gücdə və onun öhdəsindən gələn səviyyədə deyildi. O vaxt müstəqilliyin ilk illərini yaşayan Azərbaycanın xarici investorlar üçün nə qədər etibarlı tərəfdaş olması da qeyri-müəyyən idi. Azərbaycan özünü hələ tam təsdiq etməmişdi. Bugünkü Azərbaycan isə deyərdim ki, məhz həmin o müqavilənin ifadəsidir ki, artıq dünyaya yeni libasda təqdim olunur. İqtisadi, siyasi, hərbi qüdrəti və s. hamısı, əsasən, həmin müqavilənin icrasının qanunauyğun nəticəsi əsasında, oradan əldən olunan mənfəətlə mümkün olub. İndi isə Azərbaycan artıq etibarlılığı sınaqdan çıxmış ölkədir. Eyni zamanda indi o, özü diktə edir, mənfəətini düzgün hesablayır və daha sərfəli şərtlərlə müqavilənin imzalanmasına nail olur. Amma 23 il əvvəl bu cür şərtlərin irəli sürülməsi o dövrün ictimai-siyasi vəziyyətinə görə mümkün deyildi. Bu baxımdan yeni Saziş ölkəmiz üçün çox sərfəlidir və kifayət qədər gəlir gətirəcək. Eyni zamanda Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünün daha artmasına müsbət təsiri olacaq".

Qeyd edək ki, əgər 1994-cü ildəki imzalanmış "Əsrin müqaviləsi"ndə SOCAR-ın payı 11,6 faiz idisə, yeni Sazişdə bu, 2 dəfədən çox, yəni 25 faizə qaldırılıb. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Üstəlik, xarici investorlar Azərbaycana 3,6 milyard dollar həcmində bonus ödəyəcəklər.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.