Siyasət

Putin-Sarkisyan görüşündə Qarabağa dair güzəştlər müzakirə edilib?

24 Avqust 2017 07:00
0 Şərh     Baxış: 2 995

"Artıq Azərbaycanın Ermənistana güzəştə gedəsi heç nəyi yoxdur, amma Ermənistan Azərbaycana güzəştə getməli, işğal etdiyi əraziləri boşaltmalıdır. Bütün hallarda ermənilər məcburən bu güzəştləri nəzərdən keçirməlidirlər. Ona görə də ola bilər ki, Putinlə Sarkisyanın Soçi görüşündə bu güzəştlərlə bağlı məsələlər müzakirə olunsun. Çünki Qarabağ probleminin tənzimlənməsindən digər məsələlərin də həlli asılıdır. Rusiya ilə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində əməkdaşlığı, Ermənistanın Avrasiya İqtisadi Birliyi (AİB) ilə bağlı mövqeyinin dəyişməsi, yaxud da möhkəmlənməsi kimi məsələlərin hamısı bu və ya digər şəkildə bundan asılıdır".

Bunu Milli.Az-a beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri İlqar Vəlizadə avqustun 23-də Rusiya prezidenti Vladimir Putinin Soçidə Ermənistan prezidenti Serj Sarkisyanla görüşünün mümkün nəticələri ilə bağlı fikirlərini bölüşərkən bildirib.

Politoloq xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev də 2 ay əvvəl, iyulun 21-də Soçiyə səfər etmiş və Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli münasibətlər çərçivəsində bir sıra məsələləri müzakirə etmişdi: "Müzakirə edilən məsələlərin siyahısı olduqca çox böyük olub. Çünki Azərbaycan regionda kifayət qədər mühüm rol oynayır və Rusiya üçün burada müəyyən strateji məsələlərdə çox yaxın tərəfdaş ölkə hesab edilir. Xüsusilə, ortalıqda Şimal-Cənub dəhlizinin reallaşması, regionda birgə enerji layihələrinin həyata keçirilməsi, regiondakı deestruktiv proseslərlə birgə mübarizə aparılması, Xəzər dənizi və digər məsələlələr var. Bu uzun siyahıdakı vacib mövzulardan biri də Qarabağ məsələsidir.

İndi də gəlin baxaq, Rusiya Ermənistanla hansı mövzuları müzakirə edə bilər? Bunlar cəmi 3-4 məsələdir. Ona görə də onların arasında Qarabağ probleminin həllinin olması təbiidir və bu məsələ xüsusi çəkiyə malikdir. Düşünürəm ki, Putin-Sarkisyan görüşündə bu məsələyə daha çox diqqət yetiriləcək".



İ.Vəlizadənin fikrincə, hazırda Ermənistanın sərgilədiyi mövqe Rusiyanın maraqlarına ziddir: "Qarabağ probleminin həllinə gəldikdə çox güman ki, Ermənistan tərəfi yenə də Rusiya ilə Azərbaycan arasındakı hərbi-texniki əməkdaşlıqdan narahatlığını bildirəcək. Bu kontekstdən Rusiya, çox güman ki, yenə də Ermənistana tövsiyə edəcək ki, yaxşı olar ki, Ermənistan özü öz siyasətinə, Qarabağ münaqişəsi ilə bağlı son mövqeyinə göz gəzdirsin və müəyyən güzəştlər haqqında predmetli düşünsün. Çünki Rusiya regionda çoxlu strateji layihələr həyata keçirmək niyyətindədir. Əlbəttə ki, Rusiya onların reallaşması və öz nüfuzunu artırmaq üçün regionda müharibənin olmasını istəmir. Əksinə, o, rabitələrin açılmasında və cənub qonşuları ilə əməkdaşlıqda problemlərin olmamasında maraqlıdır. Təbii ki, Qarabağda müharibə başlasa və şiddətli mərhələyə keçsə, bu, Rusiyanın maraqlarına birbaşa zidd olacaq. Çünki belə olduqda iqtisadi layihələrin taleyi sual altında qala, eyni zamanda regionda digər siyasi qüvvələr nüfuz qazana, mürəkkəb siyasi vəziyyət yarana bilər. Ona görə də, onsuz da, çoxlu iqtisadi və siyasi problemlərlə üzləşən Rusiya əlavə problem istəmir. Ermənistanın 20 ildən artıqdır yürütdüyü və dəyişməyən siyasəti isə indiki mərhələdə, əslində, Rusiyanın maraqlarına cavab vermir".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.