Siyasət

"Ermənistan bundan sonra Azərbaycan torpaqlarını işğal altında saxlaya bilməz"

22 Avqust 2017 18:18
Baxış: 3 472

Soçi görüşü Dağlıq Qarabağ probleminin həllində yeni imkanlar yarada bilər.

"Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ probleminin regionda Azərbaycan faktoru, onun hərbi-siyasi gücü nə qədər çox nəzərə alınaraq gözdən keçirilərsə, onun daha obyektiv və daha real həll variantlarını bir o qədər çox tapmaq mümkün olar. Ümid edək ki, işğalçı dövlət daha yaxşı dərk edəcək və işğalçılıq niyyətindən əl çəkəcəkdir. Üstəlik, nəzərə alsaq ki, Azərbaycanın Rusiya Federasiyası ilə həm siyasi, həm iqtisadi sahədə, həm ikitərəfli, həm də yeni üçtərəfli diplomatik müstəvidə çox yaxşı münasibətləri var, onda belə qənaətə gəlmək olar ki, Rusiya və Ermənistan prezidentlərinin Soçidəki görüşü bu problemin həlli üçün müəyyən yeni imkanlar, yeni şərtlər yarada bilər".

Bu barədə Milli.Az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, politoloq Hikmət Babaoğlu avqustun 23-də Rusiya Prezidenti Vladimir Putinin Soçidə Ermənistan prezidenti Serj Sarkisyanla görüşü ilə bağlı fikirlərini bölüşərkən bildirib. Millət vəkilinin fikrincə, prezidentlərin görüşü 2016-cı ildə sonra yaranmış yeni reallıqlar fonunda keçəcək: 

"Hazırda beynəlxalq münasibətlər sistemində çox mürəkkəb hadisələr baş verir və bu hadisələr çox sürətlə cərəyan edir. Ona görə də hər keçən gün regionda yeni şərtlər formalaşır. Onların içində ən bariz reallıq budur ki, hər ötən gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində siyasi-hərbi nüfuzu daha da artır. Mövcud mərhələri təhlil edən və onu proqnozlaşdırmağı bacaran beyin mərkəzləri görürlər ki, yaxın gələcəkdə regionda elə vəziyyət vəziyyət yaranacaq ki, Azərbaycanın vasitəçilərə ehtiyac olmadan belə öz ərazilərini Ermənistanın işğalından azad etməsi üçün yeni şərtlər formalaşa bilər. Ona görə də işğalçı Ermənistanı dəstəkləyən, onu himayə edən və müttəfiq kimi görən bəzi mərkəzlər bu yeni reallıq və perspektivləri bir daha götür-qoy edib dəyərləndirməyi bacarmalıdırlar. Fikrimcə, Azərbaycanın yaratdığı bu yeni gerçəkliklər beynəlxalq münasibətlər kontekstində yenidən qiymətləndirilərkən o zaman ortaya belə bir reallıq çıxır ki, Ermənistan bundan sonra Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlaya bilməz. Düşünürəm ki, Rusiya və Ermənistan prezidentlərinin görüşü də məhz bu yeni yaranmış siyasi reallıqlar fonunda baş tutacaq".

Qeyd edək ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, Putinlə Sarkisyanın görüşündə Avrasiya İqtisadi Birliyi (AİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində əməkdaşlıq, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, Rusiya prezidenti V.Putin 2 ay əvvəl, iyulun 21-də eyni məkanda Azərbaycan prezidenti İlham Əliyevlə görüşərək danışıqlar aparmışdı. O zaman prezidentlərin görüşündə danışıqların əsas müzakirə mövzularından birinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olduğu bildirilmişdi.
 

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.