Siyasət

Nazim İbrahimov: "Düşünürəm ki, gələn ay ÜAK barəsində düzgün qərar veriləcək"

21 Avqust 2017 12:12
Baxış: 577

Ümumrusiya Azərbaycan Konqresinin ləğvi Rusiyada azərbaycanlılar arasında narazılıqla qarşılandı. Güman edirəm ki, sentyabrda düzgün qərar veriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

N.İbrahimov bildirib ki, bununla bağlı indidən fikir söyləmək tezdir: "Sentyabrda Rusiyada bununla bağlı məhkəmənin müvafiq qərarını gözləmək lazımdır. Bu istiqamətdə müvafiq iş aparılır. Qərardan sonra müəyyən fikirlər söyləmək olar. ÜAK-ın hər hansı bir məhkəmə qərarı ilə ləğvi heç də yaxşı hal deyil. Bu, Rusiyada yaşayan milyonlarla azərbaycanlı tərəfindən mənfi qarşılanan bir haldır. Biz düşünürük ki, bu məsələni yumşaq yolla həll etmək mümkündür".

Komitə sədri qeyd edib ki, hər bir təşkilatın idarə olunmasında müəyyən nöqsanlar ola bilər: "İstək olduğu halda bu çatışmazlıqları aradan qaldırmaq və məsələni həll etmək mümkündür. Belə radikal qərarların verilməsi azərbaycanlılar arasında narazılığa səbəb olur. Güman edirəm ki, sentyabrda düzgün qərar veriləcək. Hər hansı neqativ qərar olarsa, biz fikrimizi bildirəcəyik".

Xatırladaq ki, iyunun 15-də ÜAK Rusiya Ali Məhkəməsinin 15 may tarixli qərarından Ali Məhkəmənin Apelyasiya kollegiyasına apellyasiya şikayəti verib.

Bundan əvvəl, mayın 15-də isə Rusiya Ədliyyə Nazirliyinin müraciəti əsasında bu ölkənin Ali Məhkəməsinin qərarı ilə ÜAK-ın qeydiyyatı ləğv edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.