Siyasət

İŞİD niyə turistləri vurdu? - VİDEO - FOTO

18 Avqust 2017 12:02
1 Şərh     Baxış: 2 744

Avropada avtomobillərdən istifadə olunmaqla törədilən terror aktlarının siyahısına dünən biri də əlavə olundu. İspaniyanın Barselona şəhərinin mərkəzindəki Las-Ramblas piyada küçəsində mikroavtobus insanları əzib. 13 nəfər həlak olub, 119 nəfər yaralanıb.

Terakta görə, "İraq və Şam İslam Dövləti" (İŞİD) məsuliyyəti üzərinə götürüb.

Nə baş verdi?

Qanlı terakt dünən Las-Ramblasda, Barselonaya yollanan turistlərin mütləq şəkildə baş çəkdikləri küçədə törədilib. Yerli vaxtla 17 radələrində ağ rəngli FİAT mikroavtbusu insanların gəzişdikləri bulvara çıxıb, sonra da 80 km/saat sürətlə təxminən 530 metr gedərək Bokeriya bazarında kioska dəyib.

Teraktı törədənlər qaçıblar. Boyu təqribən 170 sm olan kişi axtarışa verilib. Furqonu icarəyə götürmüş şəxsin 2012-ci ilədək Kataloniyadakı Fiqeras həbsxanasında cəza çəkmiş Driss Ukabir adlı birisi olduğu aşkarlanıb.

Bir qədər sonra isə Barselonadan 64 km aralıdakı Vik şəhərində terrorçuların icarəyə götürdükləri avtomobil tapılıb.

Barselonadakı "El Prat" aeroportunun əməkdaşları fasiləsiz etiraz aksiyalarını teraktdan sonra dayandırıblar.

Əslən Fransadan olan Driss Ukabir isə bildirib ki, fotosunu internetdə və telekanallarda görəndən sonra özü polisə gedib. O, pasportunun oğurlandığını deyib. Polisin fikrincə, Drissin sənədlərini 18 yaşlı kiçik qardaşı Mussa oğurlayıb.

Furqonun sükanı arxasında olan terrorçu hələ də azadlıqdadır.

Las-Ramblasdakı teraktdan sonra Ford Focus markalı avtomobil polis postunda "Dayan!" əmrini yerinə yetirməyib. 3 kilometr gedəndən sonra maşından düşənlər polisə atəş açaraq qaçıblar. Bu avtomobilin polisin üzərinə sürülməsi nəticəsində 3 polis əməkdaşı yaralanıb.

Hadisə Avinguda Diagonal rayonunda baş verib, Ford Focus-dakı terrorçular isə San Just Desvern bələdiyyəsində zərərsizləşdirilib.

Dünən terrorçular Kataloniyadakı Kambrils şəhərində də hücum hazırlamaq istəyiblər. Polislə atışmada 4 terrorçu qətlə yetirilib, biri yaralanıb. Yaralı terrorçu iki saat sonra hospitalda keçinib.

Kambrils limanında da atışma səsləri eşidilib. Ümumilikdə Kambrilsdə 5 terrorçu öldürülüb, 7 nəfər yaralanıb. Yaralılar arasında 1 polis zabiti var.

Alkanara şəhərində isə yaşayış evi partlayıb. Partlayışda bir nəfər həlak olub, 11 nəfər yaralanıb. Polisdən verilən məlumata görə, terrorçular bu evdə partldacı qurğular hazırlayıblar.

İspaniya polisi hesab edir ki, Kataloniyadakı teraktları 8 nəfərlik qrup törədib.

Niyə məhz Barselona?

İspaniyanın Kataloniya bölgəsindəki teraktlar indi, turizm mövsümünün ən gur vaxtında törədilib və Barselonadakı turistlərə qarşı yönəlib. Las-Ramblasda turistlərin sayı həmişə şəhər sakinlərinin sayından çox olur.

Barselonanın hədəf seçilməsinin digər səbəbi yerli hüquq-mühafizə strukturlarını antiterror hazırlıq səviyyəsinin aşağı olmasıdır.

İŞİD isə teraktlarını həmişə sonrakı rezonansı nəzərə alaraq reallaşdırmağa çalışır.

Və ən nəhayət, Barselonadakı teraktların ideoloji zəmini də var. İspaniyanın Kataloniya bölgəsi orta əsrlərdə müsəlmanların yaşadıqları, dövlət qurduqları Əndəlüsün tərkibində idi.

İŞİD niyə furqon və mikroavtobusu seçdi?

Son vaxtlarda icarəyə götürülmüş avtomobillərdən hücumlar üçün istifadə olunması Avropada İŞİD-in terror fəaliyyətinin sürətlə yayılan metoduna çevrilməyə başlayıb.

Barselonadakı teraktın oxşarları əvvəllər Nitsa, Berlin, Stokholm, Parisin həndəvərlərində və üç dəfə Londonda törədilmişdi.

Belə teraktların "populyar"laşmasının əsas səbəbi terrorçular üçün çox asan, hüquq-mühafizə strukturları üçünsə qarşısının alınması çox çətin əməl olmasıdır.

İŞİD hər belə terakt barədə məlumatları sürətlə tirajlayır. Bu terror təşkilatı hesab edir ki, əgər 2016-cı ilin iyulun 14-də Nitsanı "avtoterakt"la qana bulaya bildisə, başqa yerlərdə də təkrarlaya bilər.

Əslində, Yaxın Şərqdə və Asiyada avtomobilləri piyadaların üzərinə sürməkdən ibarət teraktlar illərdir ki, reallaşdırılır. Qərbi Avropa asiyalıların yaşamı ilə, gerçəkdən, maraqlanmadığı üçün belə təhlükəni də qulaqardına vurmuşdu.

Nitsadakı teraktdan sonra Avropa Birliyi ölkələrindəki iri şəhərlərdə, turistlər arasında populyar məkanlarda piyada zonalarında mütləq yerə basdırılmış gödək dirəklərdən ibarət "sipər"lər olmalıydı.

Belə sipərlər bütün dünyada səfirliklərin, dövlət qurumlarının binalarının önündə var.

Di gəl, Avropa Birliyi ölkələrinin hakimiyyət dairələri, siyasətçilər və media hesab edirlər ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi insan haqlarına, vətəndaş cəmiyyətinə, demokratiyaya təhdid yarada bilər. Halbuki, əsla belə deyil.

Bundan başqa, teraktların bilavasitə icraçı ilə mübarizə, onların öldürülməsi və ya həbsi gözlənilən effekti verməyəcək.

Terrorla mübarizədə beynəlxaq əməkdaşlıq, intensiv tərəfdaşlıq gərəkdir. Nədən ki, terror aktlarını həmişə və hər yerdə "piyada"lar reallaşdırır. Belə "piyada"ların arxasında isə ideoloji mərkəzlər, mənhus olsa da, fəlsəfə və ideologiya, böyük maliyyə imkanları durur.

Elçin Alıoğlu
Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Barselonadakı terakt9

Barselonadakı terakt8

Barselonadakı terakt7

Barselonadakı terakt6

Barselonadakı terakt5

Barselonadakı terakt4

Barselonadakı terakt3

Barselonadakı terakt2

Barselonadakı terakt

Barselonadakı terakt1

На Эйфелевой башне погасили огни в память о жертвах теракта в Барселоне

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.