Siyasət

Bakı-Moskva əlaqələrində Soçi mərhələsi: düşmənlər təlaşda

22 İyul 2017 16:24
Baxış: 6 684

Dünən Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putinin görüşü olub.

Görüş bir sıra məqamlar baxımından maraqlı olduğu qədər, indiki situasiyada müstəsna əhəmiyyət kəsb edir.

Üstəlik, Soçi təmasları barədə ilkin xəbərlər verilmədiyindən, danışıqlar haqqında anonslar olmadığından Əliyev-Putin görüşünə postsovet məkanı ilə yanaşı, dünyanın bir sıra ölkələrində də hədsiz maraq vardı.

Rəsmi məlumatda deyilir ki...

İyulun 21-də Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdü.  Rəsmi məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivi, habelə regional və beynəlxalq məsələləri geniş müzakirə olunub.

Görüşdə Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu bir daha təsdiqlənib, ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulanıb.

Dövlət başçıları strateji tərəfdaşlığın daha da dərinləşdirlməsi istiqamətində görülməsi zəruri olan işlər, yeni yolların müəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı bəzi regional qüvvələri (Ermənistan) və beynəlxalq dairələri narahat edir və bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaq münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq belə cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir.

Bildirilib ki, ikitərəfli münasibətlərə kənardan müdaxilə cəhdləri bu günə kimi baş tutmamış və qarşıdan gələn dövrdə hə heç bir nəticə verməyəcək.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bunun üçün yolların tapılması çox geniş müzakirə olunub, mövcud status-kvonun bundan sonra davam edə bilməyəcəyi xüsusi vurğulanıb.

Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıblar.

Prezident İlham Əliyevin Rusiyaya səfəri və Prezident Vladimir Putinlə görüşü iki ölkə arasında bütün sahələr üzrə məhsuldar əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edir.

İ.Əliyev və V.Putin arasında görüşü şərtləndirən bir sıra nüanslar vardı. Çünki son vaxtlar iki dövlət arasındakı münasibətlərdə xeyli məsələlərin təhlilə və nəzərdən keçirilməyə ehtiyacı vardı.

Həmin geosiyasi, iqtisadi və s. məsələlər mütləq bağlı qapılar arxasında, səmimi söhbət əsnasında nəzərdən keçirilməliydi, iki dövlət başçısı bir-birlərinin mövqelərini öyrənməliydilər.

Soçi görüşü həm də iki ölkənin lideri arasındakı münasibətlərin mahiyyətini ortaya qoydu.

Həmin mahiyyət inam, etibar, sayğı, qarşı tərəfin mövqelərinə və maraqlarına hörmətdir. Eyni zamanda Azərbaycanla Rusiyanın dövlət başçıları bir sıra beynəlxalq və regional problemlərlə bağlı durumu aydınlaşdırdılar, ikitərəfli münasibətlərin daha da intensiv inkişaf yolunu araşdırdılar və ən başlıcası, Azərbaycanla Rusiya arasında əsrlərdən bəri gələn bağların güclü olduğunu bir daha təsdiqlədilər.

Təbii, ölkələrimiz arasındakı münasibətlərin intişarı və miqyasın genişlənməsi baxımından müzakirə olunası, nəzərdən keçiriləsi hələ çox məsələ var.

Soçi görüşü ərəfəsində dövlət başçılarının bəyanatlarında da bəhs etdiyimiz nüanslar vurğulanmışdı.

Əsas budur ki, Soçidə bütün dünyaya aşkar, konkret və dəqiq mesaj verildi: Azərbaycanla Rusiya ikitərəfli münasibətləri ən geniş aspektlərdə inkişaf etdirmək niyyətindədirlər və qərarlıdırlar.

"İkitərəfli münasibətlərimiz barədə, habelə regionda heç də sadə olmayan vəziyyət haqqında sizinlə danışmaq imkanına şadam", - Azərbaycanın dövlət başçısı İlham Əliyevə xitabında Rusiya Prezidenti Vladimir Putin söylədi.

Daha sonra o, vurğuladı ki, Soçi görüşü qarşılıqlı münasibətlərdəki bütün problemlərin həll yollarının aranmasına yönəlib.

V.Putinin sözlərinə görə, iki ölkənin gələcəklə bağlı çoxsaylı birgə planları var.

Prezident İlham Əliyev də Azərbaycanla Rusiyanın ikitərəfli münasibətlərini çoxşaxəli, yaşamın praktiki olaraq bütün sahələrini əhatə edən təmaslar və bağlar kimi dəyərləndirdi.

Dağlıq Qarabağ məsələsi

Rəsmi açıqlamadan da göründüyü kimi, Soçidə iki dövlət başçısı arasındakı danışıqlarda əsas mövzulardan biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Ermənistanın aqressiv siyasəti oldu.

Təbii ki, olmalıydı da.

Münaqişə zonasındakı vəziyyət işğalçı Ermənistanın sərsəm hakimiyyətinin yürütdüyü siyasət nəticəsində, İrəvanın bitmək bilməyən təxribatları ucbatından gərgin olaraq qalır.

Ermənistan danışıqlar prosesini darmadağın etməyə, təhlükəli status-kvonu qoruyub saxlamağa çalışır. Dağlıq Qarabağ münaqişəsinin çözülməsinə yönəlmiş vasitəçilik prosesində Rusiya ən önəmli roll oynayır və həlldə maraqlı olan ölkələrdən biridir.

Nədən ki, münaqişə bilavasitə Rusiya sərhədlərinin yaxınlığındadır.

Bu ayın əvvəlində erməni hərbçilərinin növbəti təxribatı, Fizuli rayonunun Alxanlı kəndində iki dinc sakinin həlak olması ilə sonuclanan vəhşiliyindən sonra münaqişə zonasında gərginliyin dəfələrlə artmasından sonra Rusiyanın dövlət başçısının vəziyyəti ilk olaraq məhz Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etməsi də çox mətləblərdən xəbər verir.

Adi görüş deyildi

Soçi görüşü rutin, adi protokol proseduru deyildi və əslində, ola da bilməzdi.

Postsovet məkanının geosiyasi və iqtisadi lideri olan Rusiya ilə Cənubi Qafqazda bütün sahələrdə lokomotivə çevrilmiş Azərbayxan arasında belə müzakirələr qaçılmaz, labüd və gərəklidir. Dünya siyasəti və regional münasibətlər, ikitərəfli əlaqələr, xüsusilə də Cənubi Qafqaz bölgəsində təhlükəsizliyə nail olmaq, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması yollarının aranması, effektiv vasitələrin hazırlanması və reallaşdırılması baxımından Soçi görüşü dövlət başçıları arasındakı səmimi təmasların sadəcə, bir formatıdır.

Eyni zamanda Soçi görüşü həm də Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığını mövcudluğunu göstərdi. Konkret məzmuna, real mahiyyətə malik bu əlaqələr istənilən formalı, kuluar danışıqlarla nizamlanan formal, rəsmi müttəfiqlik münasibətlərindən qat-qat üstün, dəfələrlə güclüdür.

Yalnız strateji tərəfdaşlar ən mürəkkəb məsələləri və ağır problemləri açıq müzakirə edir, müşküllərin həll yollarını birgə arayır, qlobal siyasətin və beynəlxalq situasiyanın aktual gəlişmələriylə bağlı məsləhətləşmələr aparırlar.

Görüş həm də İlham Əliyevlə Vladimir Putin arasındakı səmimi, səbatlı şəxsi münasibətlərin göstəricisi sayıla bilər.

O münasibətlərin ki, dövlətlərimiz arasındakı əlaqələrin indiki durumunu, perspektivlərini və mahiyyətini önəmli dərəcədə bəlirləyir.

Düşmənlərə cavab

"Azərbaycanla Rusiya arasındakı münasibətlər əvvəlki kimi deyil", "Bakı-Moskva təmaslarında sərinlik var" deyənlərə Soçi görüşü dəqiq və layiqli cavab oldu.

Ölkələrimiz arasındakı əlaqələrin fasiləsiz inkişafından, Azərbaycanın bölgədə regional gücə çevrilməsini Rusiyanın da etiraf etməsindən təlaşa düşən, xoflanan, münasibətlərə zərbə vurmaq istəyən qüvvələr və dövlətlər var ki, onlar əsl vəziyyəti bir daha gördülər.

Düşmənlərin həşiri, təlaşı, səyləri bicadır. Nədən ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq möhkəmdir, dayanıqlıdır, üstəlik sürətlə inkişaf edir. Çünki sağlam özüllüdür, möhkəm rəşnlidir, hər iki tərəfin bu münasibətləri daha da möhkəmləndirmək və dərinləşdirmək üçün istəyi, əlaqələri genişləndirmək üçün siyasi iradəsi var.

Azərbaycanla Rusiya arasındakı bütün məsələlər konstruktiv, sağlam müzakirələr əsnasında həllini tapır.

Və ən nəhayət, Soçi görüşü prezidentlər İlham Əliyevlə Vladimir Putinin dövlətlərimiz arasında ikitərəfli əlaqələrin inkişafına necə diqqət yetirdiklərini göstərdi.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.