Siyasət

İlham Əliyev: "Azərbaycanın Avropa İttifaqının üzvü olan on bir ölkə ilə strateji tərəfdaşlıq üzrə əməkdaşlıq formatı var"

17 İyul 2017 21:04
Baxış: 578

https://az.trend.az/azerbaijan/politics/2778354.html

Azərbaycanın Avropa İttifaqının üzvü olan on bir ölkə ilə strateji tərəfdaşlıq üzrə əməkdaşlıq formatı var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Latviya-Azərbaycan biznes forumunda çıxışında deyib.

Dövlət başçısı bildirib: "Əvvəlcə Latviya Prezidentinə bu gözəl ölkəyə məni səfərə dəvət etdiyi üçün bir daha təşəkkürümü bildirmək istəyirəm. Mənim səfərim ikitərəfli münasibətlərimizin inkişafında çox mühüm addımdır. Bu gündən etibarən Latviya və Azərbaycan strateji tərəfdaş hesab olunurlar. Bu gün biz ölkələrimiz arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannaməni imzaladıq. Bu, çox yüksək səviyyəli əməkdaşlıqdır və bəyannamədə bir çox sahələr, o, cümlədən iqtisadi və ticari əməkdaşlıq əhatə olunur. Prezident, Baş nazir və parlamentin sədri ilə aparılan danışıqların bir qismi ticari və iqtisadi əməkdaşlığımıza həsr olunmuşdur. Böyük potensial mövcuddur. Cənab Prezident bizim ticarət dövriyyəsini çox asanlıqla artıra biləcəyimiz mühüm əhəmiyyət kəsb edən sahələri artıq qeyd etmişdir. Hesab edirəm ki, növbəti illərdə ticarət dövriyyəsinin artırılması prioritet məsələlərdən biri olacaqdır".

Azərbaycan Prezidenti qeyd edib: "Bilirəm, biznes forum zamanı bir neçə biznes müqaviləsi imzalanacaqdır. Bu müqavilələr isə bizim bu səhər cənab Prezidentlə müzakirə etdiklərimizi əks etdirəcəkdir. İqlim şəraitimizin müxtəlifliyinə görə bizim iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparan iqtisadiyyatlar deyil. Bunlar bir-birini müxtəlif mallarla təmin edə bilən iqtisadiyyatlardır. Bizim Latviyaya ixracımızı və Latviyadan Azərbaycana idxalı artırmaq üçün yaxşı fürsətlər var. Biz əsasən sizin istehsal və ixrac etdiyinizi idxal edirik, siz də bizim istehsal və ixrac etdiyimizi idxal edirsiniz. Bu, ticarət dövriyyəsini artırmaqla bağlı konkret layihələr üzərində işləmək üçün fəaliyyəti Hökumətlərarası Komissiya tərəfindən əlaqələndirilən biznes qruplarının işidir. İqtisadi əməkdaşlığımızın digər vacib hissəsi qarşılıqlı sərmayə qoyuluşu ola bilər. Beləliklə, biz çox vacib məqama gəlib çatırıq. Bu barədə daha çox informasiyaya malik olmaq lazımdır. Çünki yaxşı investisiya portfelinə malik olmaq üçün bizim bütün əsas ilkin şərtlərimiz var. Bu isə güclü siyasi əlaqələrdir. Biznes çox həssasdır və biznesmenlər adətən sabit mühitə investisiya qoyurlar. Buna görə də ölkələrimiz arasında güclü siyasi və dost münasibətlər investisiyaların qoyuluşunu çox cəlbedici edir. İndi biz potensial investisiya sahələrini müəyyənləşdirməli və biznes qruplarının yerli tələbata uyğun planlarını koordinasiya etməliyik. Zənnimcə, bu böyük auditoriyanı nəzərə alaraq bunu etmək asan olacaqdır. Əminəm ki, bu gün bir çox yeni biznes əlaqələri qurulacaqdır".

İlham Əliyev vurğulayıb ki, əlbəttə, mən Latviya şirkətlərini Azərbaycanda podratçı qismində işləməyə bir daha dəvət etmək istəyirəm: "Azərbaycanda müxtəlif layihələri icra etmiş bir neçə Latviya şirkəti olmuşdur. Bu layihələr çox uğurlu və yüksək səviyyədə icra edilmişdir. Buna görə də şirkətlərinizin yaxşı ekspert biliyi, nüfuzu və peşəkar səviyyəsi var. Biz Azərbaycanda sizin şirkətlər üçün maraqlı ola biləcək bir çox infrastruktur layihələrini həyata keçiririk. Ümumiyyətlə, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Son iyirmi il ərzində Azərbaycana 200 milyon dollardan çox investisiya qoyulmuşdur. İqtisadiyyatımız rəqabətqabiliyyətlidir. Davos Dünya İqtisadi Forumuna əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətlilik indeksinə görə 37-ci yerdə qərarlaşıb. Ölkə siyasi və iqtisadi cəhətdən sabitdir. Bir çox infrastruktur layihələri həyata keçirilməkdədir. Avropada və dünyanın digər yerlərində olan bir çox şirkətlər bu layihələrin icrasında bizim tərəfdaşlarımız qismində çıxış edirlər. Enerji amilindən asılılığı azaltmaq üçün Azərbaycanın iqtisadi gündəliyi indi iqtisadiyyatın şaxələnməsinə yönəlib. Bu, artıq baş verir. Ümumi daxili məhsulun ən böyük hissəsi qeyri-enerji sektorunun payına düşür. Bu, bizə qeyri-enerji sektorumuzu 27 faizdən daha çox artırmağa, idxalı isə 50 faiz azaltmağa imkan verdi".

Dövlət başçısı deyib ki, bizim iqtisadiyyatı sabit və proqnozlaşdırılan edə bilən əsaslı maliyyə resurslarımız var və maliyyə resursları xarici borcdan 5 dəfə çoxdur: "Buna görə də ölkəmiz Latviyaya, Avropaya dost ölkədir. Avropa ölkələri ilə çoxlu biznes əlaqələri var və bu gün imzalanan strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə bu qəbildən olan on birinci bəyannamədir. Azərbaycanın Avropa İttifaqının üzvü olan on bir ölkə ilə strateji tərəfdaşlıq üzrə əməkdaşlıq formatı var. Bu gün biz əsasən meqalayihə olan Şimal-Cənub nəqliyyat şəbəkəsinin həyata keçirilməsi ilə yaranacaq imkanları müzakirə etdik. Bu layihə nəinki təkcə inşaat zamanı iş yerlərini yaradacaq, eyni zamanda, Cənubdan Şimala və Şimaldan Cənuba gedən, ərazilərimizdən keçən yükdaşımalarının həcmini əhəmiyyətli dərəcədə artıracaqdır. Biz tranzit üçün daha önəmli ölkələrə çevrilərək daha çox faydalar qazanacağıq və əlbəttə ki, bu, biznes şirkətləri üçün çoxlu fürsətlər yaradacaqdır. Həmçinin Azərbaycanın hazırda icra etdiyi vacib layihə və birbaşa Avropa maraqlarına və əlbəttə ki, bizim maraqlara yönələn enerji şaxələnməsi layihəsi olan Cənub Qaz Dəhlizidir. Bu, indi ola bilsin ki, Avropada icra edilməkdə olan ən böyük infrastruktur layihəsidir. Layihənin ümumi dəyəri 40 milyard dollardır. Bu, Avropa İttifaqı bazarını yeni marşrutla və yeni mənbədən Azərbaycan qazı ilə təchiz edəcək layihədir. Bu, həqiqi şaxələnmədir. Çünki enerjinin şaxələnməsi təkcə marşrutların şaxələnməsi demək deyil, bu, əsasən mənbələrin şaxələnməsi deməkdir. Bizim layihədə bu, məhz belədir. Enerji təhlükəsizliyi bizim hamımızın bildiyi kimi, hər bir ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycanda icra etdiyimiz bir çox layihələr sərhədlərimizin hüdudlarından çox kənara uzanır".

Azərbaycan Prezidenti əlavə edib ki, bizim Latviya ilə elə güclü əməkdaşlıq formatımız var ki, daha geniş tərəfdaşlığa başlamaq təbii olardı: "Bu gün biz, həmçinin biznes, turistlər, xalqlar arasında əlaqələr üçün çox vacib məsələni müzakirə etdik. Söhbət il ərzində fəaliyyət göstərəcək Bakı və Riqa arasında birbaşa uçuş reysindən gedir. İndi bizim mövsümi reysimiz var, biz onu daimi etmək istəyirik. Bu, əlbəttə ki, əlavə fürsətlər yaradacaq və eyni zamanda, biznes ictimaiyyətinin nümayəndələri bir-birini ziyarət etmək üçün bu reysdən daha müntəzəm istifadə edərlərsə bu, həmin reysi kommersiya cəhətdən çox cəlbedici edəcəkdir. Beləliklə, reys təkcə ölkə rəhbərliyinin qərarı ilə deyil, eyni zamanda, kommersiya cəhətdən də əsaslandırılmış olardı.

Sizin diqqətinizi yönəltmək istədiyim sonuncu məsələ turizmdir. Bizim iqlimlərimiz və hava şəraitimiz də çox fərqlidir. Hesab edirəm ki, bu, bir üstünlükdür. Çünki bizim insanlar ola bilsin qızmar yayda sərinləməyə üstünlük verir, latviyalılar isə çox güman ki, qış və digər mövsümlərdə daha çox günəşli havaya can atırlar. Buna görə də turizmə investisiya qoymaq və bizim məkanları turizm şirkətlərinə çox cəlbedici etmək üçün böyük potensial mövcuddur. Lakin bunun üçün bizim əlbəttə ki, daha çox əlaqələrimiz olmalıdır. Biz bir-birimizi daha yaxşı tanımalıyıq, daha çox təqdimatlar, daha çox belə forumlar keçirməliyik və bu, bizim münasibətlərimizi gücləndirəcəkdir. Bizim etdiklərimizin hamısı Latviya və Azərbaycan arasında münasibətlərin gücləndirilməsinə yönəlib və mənim bu səfərim buna çox vacib bir töhfədir".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.