Siyasət

Ukrayna telekanalında Ermənistanın işğalçılıq siyasətindən bəhs edən veriliş yayımlandı

15 İyul 2017 14:26
0 Şərh     Baxış: 729

Ukraynanın tanınmış ATR telekanalında Ermənistanın işğalçılıq siyasətindən bəhs edən veriliş yayımlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, verilişə dəvət alan Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev ukraynalı aparıcıların Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki şəxslərinin - iki yaşlı Zəhra Quliyeva və onun nənəsinin öldürülməsinə dair sualına cavabında Azərbaycanın mülki şəxslərinin müxtəlif zamanlarda Ermənistan silahlı birləşmələri tərəfindən qətlə yetirildiyini, bunun terrorizm aktı və beynəlxalq hüquqa zidd olduğunu qeyd edib:

"2016-cı ilin aprelin 1-də də Ermənistan silahlı birləşmələri Azərbaycanın mülki şəxslərini qətlə yetirdilər. Azərbaycan Milli Ordusu buna cavab olaraq hərbi əməliyyatlar keçirdi və iki strateji yüksəkliyi işğalçılardan azad etdi. Bunun nəticəsində cəbhə bölgəsində olan bir çox kəndlərdə Azərbaycanın mülki şəxslərinin təhlükəsizliyinə təminat yarandı, eyni zamanda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən quruldu və yerli əhali artıq ora köçməyə başlayıb".

Ukraynalı aparıcıların ermənilərin Xocalıda soyqırım aktı törətməsi və Azərbaycanın 20 faizdən artıq ərazisinin işğal altında olması ilə bağlı sualına cavab olaraq diplomat Xocalı soyqırımının XX əsrin ən dəhşətli insan faciəsi olduğunu bildirib.

A.Xudiyev qeyd edib ki, 25 ildən artıqdır Azərbaycanın əraziləri Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib:

"ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həllinə sülh yolu ilə çalışılsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində problem hələ də həllini tapmır. Azərbaycanın rəsmi mövqeyi odur ki, işğal altındakı bütün torpaqlarımız belə işğaldan azad edilməlidir. Erməni tərəfi təxribatlar törətməklə status-kvonu saxlamağa çalışır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı güzəştdən söhbət gedə bilməz. Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında bəyan edib ki, problemin ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli mümkündür".

Milli.Az 

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.