Siyasət

Venediktov: "Rusiya-Azərbaycan münasibətlərini təsadüfi minalardan təmizləmək lazımdır"

15 İyul 2017 12:20
Baxış: 699

Rusiyanın tanınmış jurnalisti, "Exo Moskvı" radiosunun baş redaktoru Aleksey Venediktov APA-ya müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- Aleksey Alekseyeviç, Rusiya-Azərbaycan münasibətlərində nə baş verir? Yəqin ki, Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatı ilə tanışsınız?
 
- Rusiyanın hazırda Cənubi Qafqaz regionunda vəziyyəti çox mürəkkəbdir. Bir tərəfdən Rusiya Ermənistanla hərbi müttəfiqlik edir, hansı ki, bu ölkədə hərbi bazası mövcuddur. Digər tərəfdən isə Azərbaycana silah satır. Azərbaycanla Ermənistan arasında isə Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Hansı ki, bu münaqişə dondurulmayıb. Gələn xəbərlərə görə, münaqişə bölgəsində mütəmadi qan tökülür. Ona görə də Rusiya üçün çox çətin vəziyyət yaranıb. Bildiyiniz kimi, Rusiyanın vətəndaşları arasında erməni əsillilər çoxdur. Həmin ermənilər Rusiya üçün digər vətəndaşlardan heç də fərqlənmirlər. Son baş verən hadisənin Rusiyanın narazılığına səbəb olmasını başa düşmək olar.

- Gəlin belə danışaq. Rusiyada doğulan yox, bir müddət öncə Rusiya vətəndaşlığını alan ermənilər necə, onların Azərbaycana gəlməsini nə dərəcədə düzgün qəbul edirsiz? Həmin şəxslərin Azərbaycana hansı məqsədlə getdiyi bəlli deyil axı... Nəzərə alaq ki, iki ölkə arasında münaqişə davam edir.
 
- Fikrimcə, bunu Azərbaycana getmək istəyən erməni özü fikirləşməlidir. Azərbaycanın xüsusi xidmət orqanları var. Azərbaycan xüsusi xidmət orqanları peşəkarlıq baxımından heç də rusiyalı həmkarlarından geri qalmır.  Onlar Rusiya vətəndaşı adı altında ölkəyə girən ermənidən şübhələnirlərsə, onun törədə biləcəyi təxribatının qarşısını ala bilərlər.
 
-  Niyə məhz indi rəsmi Moskva məlum məsələyə bu tonda reaksiya verir?
 
- Rusiyanın hazırda belə reaksiya verməsinin çox səbəbləri ola bilər. Fikrimcə, bizim də bilmədiyimiz məqamlar var. Bu, prinsipal mövqedir. Rusiya Xarici İşlər Nazirliyi etnik mənsubiyyətindən asılı olmayaraq, öz vətəndaşlarını müdafiə edir. Hesab edirəm ki, bu vəziyyət daha da gərginləşəcək. Əgər yenidən siyasi müstəviyə qayıtsaq, mümkündür ki, bu gərginləşmə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların yeni raundu öncəsi baş verir. Görürük ki, regionda vəziyyət yenidən gərginləşib. Təmas xəttində atəş səsləri eşidilir, itkilər var. Anlaşılandır ki, hər hansı münaqişənin haçansa donu açılır. Ona görə də, bu gərginliyin əsas səbəblərindən biri də danışıqların növbəti raundu öncəsi tərəflərin əllərinə əsaslar yığmasıdır. Mümkündür ki, Ermənistan danışıqlar öncəsi Rusiyanın diqqətini məhz bu məqama, erməni əsilli Rusiya vətəndaşlarına qarşı Azərbaycanın diskriminasiya siyasətinə yönəldib.   
 
- Qeyd etdiniz ki, Rusiya etnik mənsubiyyətindən asılı olmayaraq öz vətəndaşlarını müdafiə edir. Yaxşı, bəs niyə Rusiya digər vətəndaşı olan Dilqəm Əsgərovu müdafiə etmir? Azərbaycan əsilli Rusiya vətəndaşı olan Dilqəm Əsgərov üç ildən çoxdur ki, öz ata-baba yurdu olan Dağlıq Qarabağda erməni separatçıları tərəfindən ömürlük azadlıqdan məhrum edilib. İşgəncələr altında hazırda həbsdə yatır. Niyə Rusiya XİN bu vətəndaşının taleyi ilə maraqlanmır?
 
- Mən, Rusiya XİN-in nümayəndəsi deyiləm. Əgər Dilqəm Əsgərov Rusiya vətəndaşıdırsa, təbii ki, Rusiya XİN onunla bağlı da bəyanat verməlidir. Burda bir vacib məsələ də var - çox vətəndaşlığın olması məsələsi. Blogger Aleksandr Lapşinlə bağlı məsələni xatırlatmaq istəyirəm. Lapşinin Rusiya vətəndaşlığından başqa Ukrayna və İsrail vətəndaşlığı var. Anladığım qədər Rusiya Lapşini Belarusdan tələb etməyib. Ukrayna və İsrail də həmçinin. Baxmayaraq ki, Rusiya XİN Belarusdan Lapşini tələb etdiyini bəyan edir, mən buna inanmıram. Çünki Belarus XİN-də həmin tələblə bağlı heç bir sənəd yoxdur.
 
Mənim iki müavinimi, "Exo Moskvı" radiosunun baş redaktorunun müavinləri Sergey Buntman və Vladimir Varfolomeyevi Dağlıq Qarabağa Ermənistandan səfər etdiklərinə görə Azərbaycana buraxmırlar. Təbii ki, mən bu qərarla razı deyiləm. Bu barədə sizin prezidentə, cənab İlham Əliyevə də demişəm. Lakin Azərbaycanın bu məntiqini anlayıram. Qayda var, qanun var. Azərbaycan bu qaydanı qoyub. Həmin qaydaya görə, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etmək qadağandır. Azərbaycanın nöqteyi-nəzərindən Buntman və Varfolomeyev cinayət törədiblər, həmin qanunu pozublar. Mən bununla razılaşmasam da, rəsmi Bakının bu məntiqli siyasətini anlayıram. Əgər Buntmanı babası erməni olduğuna görə Azərbaycana buraxmasaydılar, o zaman mən daha sərt mövqe tutardım. Rusiya XİN siyasi təşkilatdır. Burada siyasətin elementləri var, həqiqət onların tərəfindədir. Avropada bunu etmək olmaz. Bu, hamı üçün çox pis qurtara bilər.
 
Sizə onu da deyim ki,  XİN-in məlum bəyanatı Rusiya cəmiyyətində nəzərə çarpmadan keçdi. Mənim bu bəyanatdan ona görə xəbərim var ki, xəbər adamıyam. Biz də radio efirində iki dəfə bu xəbəri verdik. Lakin bu xəbər Rusiya vətəndaşlarının diqqətini cəlb etmədi. Bu məsələ mənim fikrimcə, çox təhlükəlidir. Ona görə ki, bu, Azərbaycan-Rusiya münasibətlərini zəhərləmək üçün bəhanə olacaq. Mən gizlətmirəm ki, Rusiyada Ermənistanın çoxlu lobbiçiləri var və onlar bu məsələdən Ermənistanın xeyrinə istifadə edəcəklər. Həmin insanlar Dağlıq Qarabağ münaqişəsində Ermənistanın tərəfini tuturlar və onlar heç də erməni əsilli Rusiya vətəndaşları deyillər.            
 
- Azərbaycan XİN-in "qara siyahı"sına düşən bir çox əcnəbi jurnalist sonradan üzr istəməklə bağlı Azərbaycan tərəfinə müraciət edib. Onların müraciətinə müsbət baxılıb. Siz müavinlərinizlə bağlı Azərbaycan XİN-ə müraciət etmisinizmi?
 
- Bəli, müraciət etmişəm. Mənə bildiriblər ki, müavinlərin Azərbaycan qanunlarını pozub, ona görə də Azərbaycana girişlərinə qadağa qoyulub. Mən, Azərbaycan tərəfinin vəziyyətini çox yaxşı anlayıram. Müavinlərim və erməni əsilli Rusiya vətəndaşları ilə bağlı məsələ bir-birindən fərqlənir. Müavinlərim Dağlıq Qarabağa Azərbaycandan icazəsiz səfər etməyin qadağan olunduğunu əvvəlcədən bilirdilər. Lakin çox istəyərdim ki, onları bu "qara siyahı"dan çıxartsınlar. Çünki "Exo Moskvı" kimi bir radionun baş redaktorunun iki müavininin Azərbaycana gedə bilməməsi böyük məsələdir. Bir daha qeyd edirəm ki, qəbul etməsəm də, Azərbaycanın bu mövqeyini çox yaxşı anlayıram. 
 
Mənim burada çoxlu azərbaycanlı dostlarım var. Misal üçün Qusman qardaşları. Onlar Azərbaycanın Rusiyadakı böyük lobbistləridirlər. Onlar Azərbaycan həqiqətlərini mənə çatdırırlar. Sizin səfir Polad Bülbüloğlu ilə çox yaxşı münasibətlərim var. Rəsmi qəbullarınızda iştirak edirəm, baxmayaraq ki, iki müavinim ölkənizin "qara siyahı"sındadır (gülür). Məni Azərbaycanın müstəqillik günü ilə bağlı rəsmi qəbula çağıranda, redaksiyada mənim ora gedib-getməməyim müzakirə olundu. Müavinlərimə dedim ki, Azərbaycanın müstəqillik günü ilə bağlı qəbula getməyə bilmərəm: "Siz, Dağlıq Qarabağ səfər etməmişdən qabaq Azərbaycanın "qara siyahı"sına düşəcəyinizi bilirdiniz".
 
- Rusiya XİN məlum bəyanatının son abzasında rəsmi Moskvanın məlum vəziyyətdən nəticə çıxaracağı qeyd olunur. Sizcə, Rusiya Azərbaycanın bu addımına qarşı nə kimi addımlar ata bilər?
 
- Bilmirəm Rusiya XİN Azərbaycanın bu addımına qarşı müvafiq hansı tədbiri görə bilər. Təəssüflər olsun ki, Rusiya XİN-in, ümumilikdə bizim dövlətin gözə-göz, başa-baş siyasəti qalmaqda davam edir. Mən, qətiyyən Rusiya XİN-in bu siyasəti ilə razı deyiləm. Yadınızdadırsa, Prezident Putin ABŞ-ın diplomatlarımızı ölkədən çıxarmasına qarşı eyni addımla cavab vermədi. Putin başqa yollar axtardı. Bu, əsl kişi addımı idi, əsl dövlət yanaşması idi. Günahsız insanları, diplomatları ölkədən çıxarmaq olmaz. Əgər onların casus olduğu sübut olunubsa, bu başqa məsələ. İndi təsəvvür edin, Rusiya Azərbaycan vətəndaşlarının ölkəyə girişində əngəllər yaradacaq. O zaman da mənim buna münasibətim olduqca mənfi olacaq. Mən, cavab tədbirlərinin görülməsinə qarşıyam. Heç ağlıma gəlmir ki, Rusiya nə kimi cavab tədbiri görə bilər. Bu, dalana dirənən vəziyyətdir. Məncə, ölkə başçıları bu gərginliyi öz yoluna qoyacaqlar. İki ölkə arasındakı şəxsi münasibətlər bunu deməyə rəvac verir.
 
- Sizcə, münasibətlər bundan sonra necə inkişaf edəcək?
 
- Rusiya və Azərbaycan arasındakı münasibətlərdə gərginliyin iki mərkəz var. Bunlardan birincisi Qarabağdır. Hansı ki, inanıram ki, yaxın gələcəkdə Dağlıq Qarabağ problemini həll etmək artıq Rusiya və onun prezidenti üçün şərəf məsələsi olacaq. Rusiya bu problemin həllindən qaça bilməyəcək. İkinci mərkəz isə Rusiyanın Qərblə-ABŞ, Avropa və Türkiyə ilə münasibətlərindəki gərginlikdir. Rusiya-Azərbaycan münasibətləri Rusiyanın Qərblə və Türkiyə ilə münasibətlərində açar rolunu oynayır. Rusiya-Azərbaycan münasibətləri Rusiyanın Türkiyə və Qərblə münasibətlərinin əsiri ola bilər. Bu, heç də asan məsələ deyil. Ona görə də, təsadüfi minaları Rusiya-Azərbaycan münasibətlərindən təmizləmək lazımdır.
 
- Rusiya ilə Qərbin Cənubi Qafqaz regionunda, xüsusi ilə də Azərbaycanda maraqları toqquşur. Bu barədə nə deyə bilərsiz?
 
- Bu gün Rusiya üçün önəmli olan məsələ sərhədləri yanında sabitliyin olmasıdır. Rusiya birmənalı olaraq Cənubi Qafqaz regionunda sabitliyin qorunmasının tərəfdarıdır. Cənubi Qafqazda müharibə Rusiyaya sərf etmir. Çünki bu müharibənin Rusiyaya sıçrayacağı şübhəsizdir. Rusiyaya Yaxın Şərqdəki terrorçulardan gələn təhlükə bəs edir. Ona görə də, Azərbaycanla-Ermənistan arasında müharibə Rusiyaya lazım deyil. Əksinə, bu regionda Moskvaya sement kimi bərk təhlükəsizlik lazımdır. Qərbə də müharibə sərf etmir. Çünki Qərbin bu regionda böyük enerji layihələri var.
 
- 2018-ci il həm Rusiya, həm də Azərbaycan üçün önəmli il olacaq. Hər iki ölkədə prezident seçkiləri ilidir? Sizin proqnozlarınızı bilmək istərdik
 
- Rusiyada nəyinsə dəyişəcəyinə şübhə edirəm. Hesab edirəm ki, Rusiyada 2018-dən sonra da heç nə dəyişməyəcək. Bizim ölkədə artıq hər şey məlumdur. Azərbaycanla bağlı isə heç nə deyə bilmərəm. Hələlik heç nə izləməmişəm. Seçki ilini təbii ki, izləyəcəm.
 
- Siz Azərbaycan prezidentindən də müsahibə almısınız. Onun Rusiya-Azərbaycan münasibətlərinə münasibəti ilə də tanışsınız...
 
- Ondan başlayım ki, mənim prezident İlham Əliyevin atası, Heydər Əliyevlə dəfələrlə təmaslarım olub, müsahibələr etmişəm. O, sözün əsl mənasında çox böyük siyasətçi idi. Onunla bağlı çoxlu xatirələrim var.
 
İlham Əliyevi isə mən prezident olanda görmüşəm. Onunla müsahibəyə gedəndə təbii ki, haqqında əvvəlcədən brifinqlər aldım. Mən cənab İlham Əliyevlə müsahibəyə gedəndə Rusiya ilə Azərbaycan arasında vəziyyət heç də yaxşı deyildi. Azərbaycanlı miqrantlar Rusiyada sıxışdırılırdı. Məhz bu səbəblə Azərbaycan prezidentinə müsahibə ilə bağlı müraciət etmişdim. Prezident Əliyev mənim qarşıma heç bir kağız-dəftər olmadan çıxdı. Verdiyim suallara birbaşa cavab verirdi, heç bir kağıza, dəftərə baxmadan. Bu, məni çox heyran etdi. Və mənim İlham Əliyev haqqında təəssüratlarım dəyişdi. Mən, sadəcə Heydər Əliyevin oğlunu deyil, əsl siyasətçini gördüm. İlham Əliyev sözün əsl mənasında böyük siyasətçidir. Rusiya-Azərbaycan münasibətlərinin yoluna qoyulmasında məhz İlham Əliyevin əvəzolunmaz rolu var. Dediyim kimi, həmin dövrdə iki ölkə arasında münasibətlərdə gərginlik vardı. Məndən qabaq  İlham Əliyevin qəbulunda Rusiyanın o zamankı daxili işlər naziri Rəşid Nurqaliyev olmuşdu. Nurqaliyevin Bakıya niyə gəldiyini bilirdim. Belə başa düşdüm ki, İlham Əliyev öz dediyində qalıb və baş verən problemin öhdəsindən gələ bilib.
 
Mən Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə də görüşmüşəm, o, çox müdrik insandır. Biz onunla görüşəndə onun bizi necə diqqətlə dinlədiyinin şahidi oldum. Ona çox böyük hörmətlə yanaşıram. Hər zaman böyük insanların xeyriyyəçiliklə məşğul olmasını məmnuniyyətlə izləyirəm. Çünki, postsovet respublikalarında bu cür fəaliyyət göstərən insanlar çatışmır. Mehriban Əliyevə haqqında rusiyalı xeyriyyəçilərdən də eşitmişəm. Mehriban Əliyevanın xeyriyyəçiliklə bağlı etdiklərini postsovet məkanında heç kəs etmir. Onun mədəni irsin qorunması və xeyriyyəçiliklə bağlı fəaliyyəti yüksək qiymətə layiqdir.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.