Siyasət

Azərbaycan səfiri ermənini susdurdu

14 İyul 2017 13:37
Baxış: 2 089

İtaliyanın bir qrup deputat və senatorlarının Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinə hücumunu və mülki azərbaycanlı əhalisinə qarşı təcavüzünü pisləyən bəyanatlar verməsi Ermənistanın İtaliyadakı səfiri Viktoriya Baqdasaryanı hiddətləndirib. O, İtaliyanın "Formiche" onlayn qəzetində italyan parlamentarilərinin ünvanına tənqidi fikirlər səsləndirib, habelə Ermənistan ordusunun dinc azərbaycanlı əhalisinə qarşı törətdiyi cinayətlərə haqq qazandırmağa çalışıb.

Milli.Az-ın məlumatına görə, buna cavab olaraq "Formiche" onlayın qəzetində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin qəzetin redaksiyasına ünvanladığı məktubu dərc olunub.

Məktubda Azərbaycan səfiri bildirir ki, 25 ildən çoxdur Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 20 faiz ərazisini hərbi işğal altında saxlayan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, minlərlə insanın ölümü, bir milyondan çox azərbaycanlıların qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olan, müasir dövrün ən dəhşətli aktlarından biri olan Xocalı soyqırımını törədən bir ölkənin səfiri olaraq Viktoriya Baqdasaryanın dedikləri çox gülüncdür.

"Əgər xanım Baqdasaryan vəziyyətdən narahatdırsa, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində zərər çəkmiş mülki əhali ilə öz həmrəyliyini nümayiş etdirən və heç bir günahı olmayan ikiyaşlı Zəhranın qətlini pisləyən italyan parlamentarilərinə hiddətlənmək əvəzinə, ölkəsinə rəhbərlik edən hərbi kriminal rejimindən BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsi də daxil olmaqla, beynəlxalq təşkilatların sənədlərində göstərildiyi kimi, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməli, körpənin həyatını vaxtsız itirməsi ilə bağlı kədərini ifadə etməli idi. Həmişə qeyd etdiyimiz kimi, regionda gərginliyin başlıca mənbəyi, əsas hədəfi mülki azərbaycanlı əhali olan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur", - deyə Azərbaycan diplomatı fikirlərinə davam edir.

Səfir Məmməd Əhmədzadə erməni səfirinə xatırladır ki, Zəhra münaqişənin gedişində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən 193 azərbaycanlı uşaqdan biridir və onlardan 63-ü Ermənistan silahlı qüvvələrinin bir gecə içərisində mülki azərbaycanlı əhaliyə qarşı qanlı qırğın həyata keçirdikləri Xocalıda qətlə yetirilib.

"Hələ nə qədər günahsız insanların qanı axıdılmalıdır, nə qədər körpə qətlə yetirilməlidir ki, Ermənistan öz təcavüzkar siyasətindən əl çəksin? Erməni həmkarıma heç olmasa belə bir həssas vaxtda insanlıq nümayiş etdirməyi və bu günahsız uşaqların xatirəsinə hörmət etməyi məsləhət görərdim", - deyə Azərbaycan səfiri fikirlərini tamamlayır.

Məktubun tam mətnini aşağıda qeyd edilən linkdən oxumaq olar: http://formiche.net/blog/2017/07/13/cosa-succede-davvero-in-armenia/

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.