Siyasət

Akademik Nərgiz Paşayevanın ABŞ səfiri Robert Sekuta ilə görüşü olub

13 İyul 2017 17:55
Baxış: 1 198

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında bu ali təhsil ocağının rektoru akademik Nərgiz Paşayevanın iyulun 12-də ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşü olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, rektor akademik Nərgiz Paşayeva universitetin fəaliyyəti, fakültə və ixtisaslar, həmçinin burada yaradılmış tədris laboratoriyaları haqqında qonağa ətraflı məlumat verib, Filialın gələcək inkişafı və yaxın illərdə əməkdaşlıq perspektivlərinin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə edib.

Görüşdə Filialın nüfuzlu xarici universitetlərlə hazırkı əlaqələri və gələcək planları ilə bağlı, o cümlədən Böyük Britaniyanın Oksford Universiteti ilə əməkdaşlıq məsələlərinə toxunulub.

Akademik Nərgiz Paşayeva 2013-cü ildə Oksford Universitetində yaradılmış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyəti haqqında danışıb.

Qeyd olunub ki, Nizami Gəncəvi adına Elmi Mərkəz Azərbaycanın mədəniyyəti və tarixi irsi ilə bağlı ciddi və əhəmiyyətli elmi-tədqiqat layihələri həyata keçirir, müxtəlif beynəlxalq elmi konfranslar və seminarlar təşkil edir.

Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bərdədə qazıntılar aparan alim və mütəxəssislərindən ibarət arxeoloji ekspedisiyanın fəaliyyəti haqqında səfirə ətraflı məlumat verib.

Bu il iyunun 5-də Londonda Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin şərqşünas-alim Yevgeni Bertelsin "Böyük Azərbaycan şairi Nizami" ("The Great Azerbaijani Poet, Nizami") kitabının ingilis dilinə ilk akademik tərcüməsinin təqdimat mərasiminin keçirildiyini diqqətə çatdıran M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru həmin kitabın bir nüsxəsini qonağa təqdim edib.

Səfir Robert Sekuta akademik Nərgiz Paşayevaya təşəkkür edərək bildirib ki, Oksford Universitetinin Nizami Gəncəvi adına Mərkəzinin fəaliyyəti və orada görülən işlər onda böyük maraq doğurub.

Nizami Gəncəvi adına Elmi Mərkəzin fəaliyyətini bundan sonra da diqqətdə saxlayacağını vurğulayan səfir, bu Mərkəzin gələcəkdə daha böyük layihələr həyata keçirəcəyinə əmin olduğunu deyib və akademik Nərgiz Paşayevaya uğurlar arzulayıb.

Sonra görüş iştirakçıları daha bir uğurlu başlanğıc və layihə haqqında söhbət açıblar. Akademik Nərgiz Paşayeva bu yaxınlarda Böyük Britaniyada yaradılmış və rəsmi qeydiyyatdan keçmiş "Britaniya Fondu" haqqında da səfir R.Sekutaya məlumat verib.

Səfir Robert Sekuta İngiltərədə yeni yaradılmış "Britaniya Fondu"nun Azərbaycanı və Qafqaz bölgəsini hərtərəfli öyrənməkdə mühüm vasitəyə çevriləcəyinə ümidvar olduğunu deyib və bu cür qurumların, xüsusilə də humanitar sahədəki əlaqələrin yeni, daha yüksək səviyyəyə qaldırılmasında önəmli rolunu qeyd edib.

Görüşün sonunda səfir Robert Sekuta akademik Nərgiz Paşayevaya səmimi görüşə, maraqlı söhbətə və aparılan fikir mübadiləsinə görə təşəkkür edərək deyib ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında bir çox sahələrdə əlaqələr dinamik şəkildə inkişaf edir və genişlənir. Səfir Filialda görülən işləri yüksək qiymətləndirərək, gələcəkdə ABŞ-ın elm və təhsil strukturlarının Moskva Dövlət Universitetinin Bakı filialı ilə sıx əməkdaşlıqda maraqlı olacaqlarına əminliyini bildirib.

MDU-nun Bakı filialının rektoru akademik Nərgiz Paşayeva da rəhbəri olduğu ali təhsil ocağına gəldiyinə, gələcək əməkdaşlıqda maraqlı olduğuna və Filialın ünvanına söylədiyi xoş sözlərə görə səfir Robert Sekutaya minnətdarlığını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.