Siyasət

ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olundu

13 İyul 2017 17:43
0 Şərh     Baxış: 608

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Görüşdə Azərbaycanla ABŞ arasında hərbi, hərbi-texniki, hərbi təhsil, mütəxəssislər səviyyəsində qarşılıqlı səfərlərin təşkili və treninqlərin keçirilməsi, həmçinin müdafiə, terrorizmə qarşı birgə mübarizə və sülhməramlı əməliyyatlar sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan müdafiə naziri bildirib ki, Ermənistan separatizmin, terrorizmin və ekstremizmin mənbəyidir. Bunun təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükə olduğunu qeyd edən nazir, bu təhlükənin qarşısının alınması üçün bütün beynəlxalq qurumların birgə fəaliyyət göstərmələrini diqqətə çatdırıb.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin Cənubi Qafqaz bölgəsinin inkişafı və təhlükəsizliyinin təmin edilməsi üçün vacib olduğunu bildirən amerikalı diplomat münaqişə nəticəsində həyatını itirən bütün insanların, xüsusilə də Alxanlı kəndində qətlə yetirilən mülki şəxslərin yaxınlarına dərin hüznlə başsağlığı verib.

Səfir ABŞ ilə Azərbaycan arasında ikitərəfli formatda və NATO proqramları çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyinin bildirərək Azərbaycanın Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlara verdiyi töhfəyə görə minnətdarlığını ifadə edib.

Sonra səfir ölkəsinin Azərbaycanda yeni təyin olunan hərbi attaşesi polkovnik Adam Kavliki müdafiə nazirinə təqdim edib.

Hərbi attaşeni Azərbaycanda missiyasına başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimizin Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.