Siyasət

"Ermənistan azyaşlı uşağın həyatına son qoymaqla, müharibə qaydalarını pozub" - FOTO

13 İyul 2017 15:25
Baxış: 485

Füzuli rayonunun Alxanlı kəndinə səfər edən Milli Məclis sədrinin müavini Bahar Muradova və bir qrup millət vəkili iyulun 4-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində həlak olan kənd sakinləri Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 18 aylıq Quliyeva Zəhra Elnur qızının qəbrini ziyarət edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sonra millət vəkilləri Zovcuq-5 qəsəbəsində erməni təxribatının qurbanlarının yas mərasimində iştirak ediblər, onların yaxınlarına başsağlığı veriblər.
 
Deputatlar erməni təxribatı nəticəsində yaralanan Sərvinaz Quliyevaya da baş çəkiblər. S. Quliyeva hazırda Horadiz xəstəxanasında müalicə alır.
 
B. Muradova Ermənistan hərbçilərinin niyyətinin cəbhə xətti yaxınlığındakı yaşayış məntəqələrində yaşayan mülki əhalini qorxutmaq olduğunu deyib. "Ermənistan hərbi-siyasi rəhbərliyinin məqsədi ondan ibarət idi ki, cəbhə kəndlərində yaşayan əhalinin gözünü qorxutsun və bu ərazilərdən köçsün. Üstəlik bu ərəfədə Cocuq Mərcanlıya qayıdış başlayıb, bir sözlə təxribatın məqsədi aydın olub. Ermənistan azyaşlı uşağın və yaşlı qadının həyatına son qoymaqla beynəlxalq hüquqları, müharibə qaydalarını pozdu və bir daha güddüyü hədəflərə nail olmadı. Ermənistanın təcavüzkar bir dövlət olduğu sübut edilib".
 
Görüşdə iştirak edən millət vəkili Azay Quliyev ermənilərin törətdiyi təxribatların ATƏT Parlament Assambleyasının sessiyasında müzakirə olunduğunu diqqətə çatdırıb. "Ermənilər tamamilə ifşa olundular. Sizi əmin edirik ki, ATƏT-in 57 üzv ölkəsinin nümayəndələri ermənilərə açıq şəkildə nifrətlərini ifadə etdilər. Bu, insanlıq əleyhinə olan bir cinayətdir. Milliyyətindən asılı olmayaraq iki yaşlı körpə uşağa atəş açmaq alçaqlıqdır, cinayətdir. Ermənilərin maskası yırtıldı və bu hadisə bütün dünya ictimaiyyətinə çatdırıldı", - deyə o vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.