Siyasət

İran XİN: "Son qarşıdurma zamanı 2 yaşlı uşağın ölməsi çox ağrılıdır"

10 İyul 2017 13:37
5 Şərh     Baxış: 1 082

"Dağlıq Qarabağda qarşıdurma və gərginliyin artması nə bölgə xalqlarının, nə də bizim xeyrimizədir".

Milli.Az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında APA-nın 2 yaşlı Zəhranın ermənilərin atəşi nəticəsində qətlə yetirilməsi ilə bağlı sualına cavabında deyib.

B. Qasimi xatırladıb ki, İran bu bölgəyə ən yaxın ölkədir: "90-cı illərdə Sovet İttifaqı dağıldıqdan sonra, Qarabağda gərginliyin başlandığı ilk günlərdə,  İran vasitəçi kimi çıxış etdi və bir neçə ay bölgədə sabitliyin yaranmasına çalışdı. Bu gün gərginliyin artması və qarşıdurmaların baş verməsi nə Azərbaycanın, nə də Ermənistanın xeyrinədir. Təəssüflər olsun ki, əcnəbi ünsürlər müəyyən vaxtlar bölgədə gərginliyi artırmağa çalışır və ixtilafları dərinləşdirməyə yardım edirlər. Son baş verən hadisələrə görə təəssüflənirik və ümid edirik ki, bölgədə gərginliyin azalmasına və sabitliyin təmin edilməsinə şahid olacağıq. Biz də bunun üçün çalışacağıq".
 
B. Qasimi ümid etdiyini bildirib ki, Minsk qrupu öz öhdəliyini daha ciddi şəkildə yerinə yetirəcək: "Təəssüflər olsun ki, son qarşıdurmalar zamanı iki yaşlı uşaq və digər dinc sakin öldürüldü. Bu, çox ağrılıdır. İranın Azərbaycandakı səfirliyi bu hadisə ilə bağlı ölkəmizin mövqeyini elan edib. Bizim mövqeyimiz aydındır. Biz gərginliyi artıracaq hər hansı addıma qarşıyıq. Ümid edirik ki, tövsiyələrimizə əməl olunacaq. Əgər gərginliyin azalması üçün nəsə edə biləriksə, biz əlbəttə ki, bunu etməyə hazırıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.