Siyasət

Gürcüstan Azərbaycanlılarının Milli Konqresi erməni hərbçilərin mülki azərbaycanlıları öldürməsi ilə bağlı bəyanat yaydı

7 İyul 2017 13:43
0 Şərh     Baxış: 1 786

Gürcüstan Azərbaycanlılarının Milli Konqresi Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, bəyanat  BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə,  ATƏT-in Minsk Qrupunun Rusiyalı həmsədri  İqor Popova, amerikalı həmsədri Ceyms Uorlikə, fransalı həmsədri Pier Andreuya  və Avropa Parlamentinə göndərilib.

Bəyanatda Ermənistan ordusunun növbəti təxribatının Gürcüstanda yaşayan azərbaycanlılarının narahatlığına səbəb olduğu bildirilib.

Bəyanatda deyilir: "Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir".
 

Qeyd olunub ki, dünyanın aparıcı, sülhpərvər dövlətləri, beynəlxalq təşkilatlar, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmalıdır. "Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır," - deyə bəyanatın sonunda bildirilir.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.