Siyasət

Prezidentin köməkçisi Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini ədalətsiz adlandırdı

19 İyun 2017 14:24
Baxış: 1 806

"Azərbaycan dövləti öz siyasətini öz əhalisinin, xalqının maraqları üzərində qurur. Azərbaycan xalqının, Azərbaycan ictimaiyyətinin rəyi bizim üçün əsasdır. Əlbəttə, beynəlxalq təşkilatlar da bu və ya digər məsələlərə münasibət bildirir, bu, onların işi, onların mövqeyidir. Biz ona etiraz edə bilmərik. Amma, əlbəttə, bu məsələdə də ədalətsizlik var, ona da Azərbaycan hakimiyyətinin münasibəti bildirilib və biz bunu yetərli hesab edirik".

Milli.Az xəbər verir ki, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Avropa Parlamentinin iyunun 15-də Azərbaycanın əleyhinə qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

Ə.Həsənovun sözlərinə görə, artıq Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov tərəfindən Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə münasibət bildirilib: "Parlament sədrinin 1-ci müavini Ziyafət Əsgərov tərəfindən qətnaməyə münasibət bildirilib. Bu münasibəti yetərli hesab edirik, bundan artığına ehtiyac görmürük".

Qeyd edək ki, 2017-ci il iyunun 15-də Avropa Parlamenti tərəfindən Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul edilib. Lakin sözügedən sənəd AP-nin özündə də birmənalı qarşılanmayıb. Belə ki, deputatların 272 nəfəri sənədin təxirə salınması təklifi ilə çıxış edib, 27-si isə səsvermədə bitərəf qalıb.

Xatırladaq ki, Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun yaydığı birgə məlumata əsasən, Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Muxtarlı Əfqan Sabir oğlu 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmiş və xidmətin əməkdaşları tərəfindən saxlanılıb.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.