Siyasət

"Ermənistan kimi monoetnik dövlət Dayanıqlı İnkişaf Məqsədlərini necə həyata keçirə bilər?"

16 İyun 2017 13:51
Baxış: 575

Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün bu gün monoetnik dövlətlərin yaranmasının qarşısı alınmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda "Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq" mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

M.Qurbanlı bildirib ki, bu gün planetimiz çox ciddi problemlərə üz-üzədir: "Beynəlxalq təşkilatlar bu problemlərin həlli üzərində çalışırlar. Bu gün dünyada hələ də nüvə müharibəsi təhlükəsi qalır. Bu gün terrorizm, demoqrafiya, ekologiya, sosial bərabərsizlik, qida çatışmazlığı və digər problemlər mövcuddur. Bu problemlərin həlli üçün dünyanın dayanıqlı inkişaf məqsədlərini hazırlamaq lazım idi".

Komitə sədri qeyd edib ki, dayanıqlı inkişafı təmin etmək üçün dünyada silahlanmanın qarşısı alınmalıdır: "Dünyada hər il silahlanmaya 1 trilyon 600 milyard dollar vəsait sərf edilir və çox qəribədir ki, bunun 1 milyardı NATO ölkələrinin payına düşür. Dünyada 3 milyard insan gündəlik cəmi 2 dollar civarında vəsaitlə yaşamağa məcburdur. Dünyada əhalinin 48 faizi yoxsulluq səviyyəsində yaşayır, yəni dünyanın demək olar ki, 3 milyard əhalisi yoxsulluq içərisindədir. Hər il dünyada 5 milyon körpə aclıqdan ölür. Lakin bunun müqabilində dünyada hər il silahlanmaya 1 trilyon 600 milyard dollar vəsait sərf edilir. Bütün bunlar onu göstərir ki, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün bütün dünya ölkələri bir araya gəlməlidir".

M.Qurbanlı əlavə edib ki, bu gün dünyada 160-a yaxın münaqişə ocağı var: "Heç kim terrorizmdən sığorta olunmayıb. Dünyada ölkələrin qeyri-bərabər inkişafını aradan qaldırmaq və dayanıqlı inkişafı təmin etmək lazımdır. Bu məqsədlərin həyata keçirilməsi külli miqdarda vəsait tələb edir. Yalnız Afrika ölkələrində bu məqsədlər üçün ildə 500 milyard dollar sərf etmək lazımdır".

Komitə sədri vurğulayıb ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində yaxından iştirak edir, həm də bu istiqamətdə əldə etdiyi naliyyətləri digər ölkələrlə bölüşməyə hazır olduğunu bəyan edir:

"Azərbaycanda multikulturalizmin, İslam həmrəyliyinin inkişafı, ümumilikdə Azərbaycanın dünyada həmrəyliyin inkişafına dəstəyi ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə bir töhfəsidir. Azərbaycanda 10 milyona yaxın əhali var. Bunun 96 faizi müsəlman, 4 faizə qədəri isə qeyri-müsəlman əhalidir. Bütün dinlərin nümayəndələri Azərbaycanda sülh və tolerant şəraitdə yaşayır. Ölkəmizdə məscidlərlə yanaşı, sinaqoqlar, həm katolik, həm də pravoslav kilsələri fəaliyyət göstərir. Azərbaycan bütün dinlərin sülh və tolerant şəraitdə birgə yaşaması üçün lazımi dəstək göstərir, hətta maliyyə dəstəyi verir. Bütün bunlar Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün vacib amillərdir. Eyni zamanda, dayanıqlı inkişafa nail olmaq üçün sabitlik olmalıdır, münaqişələr aradan qaldırılmalıdır. Məsələn, bizim regionda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Əgər münaqiələr varsa, biz Dayanıqlı İnkişaf Məqsədlərini necə həyata keçirə bilərik? Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün bu gün monoetnik dövlətlərin yaranmasının qarşısı alınmalıdır. Bu gün Ermənistan monoetnik bir dövlətdir. Monoenik dövlət Dayanıqlı İnkişaf Məqsədlərini necə həyata keçirə bilər?".

Komitə sədri bildirib ki, dünyada dinlərarası qarşıdurmanı aradan qalırmaq üçün təşviqatı artırmaq lazımdır, ayrı-ayrı xalqların mədəniyyətinə hörmətlə yanaşmaq vacibdir: "Bu baxımdan Azərbaycan böyük uğurlara nail olub. Dayanıqlı İnkişaf Məqsədləri üçün dünya dövlətlərinin hərtərəfli əməkdaşlığına ehtiyac var".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.