Siyasət

TBNM və Çin Nəqliyyat və Kommunikasiya Assosiasiyası arasında memorandum imzalanıb - FOTO

16 İyun 2017 12:37
Baxış: 551

Astanada "Nəqliyyat infrastrukturunun inkişafı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların səmərəliliyinin və rəqabətə davamlılığının artırılması" mövzusunda dəyirmi masa keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

"Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu" Beynəlxalq Assosiasiyasının təşkil etdiyi müzakirələrdə Qazaxıstan, Azərbaycan, Gürcüstan, Ukrayna, Çin, Türkiyə, Polşa, Latviya, Litva, Rumıniya, Bolqarıstan və Moldovanın 80-dən çox dəmir yolu, liman administrasiyası, nəqliyyat assosiasiyası, gəmi və nəqliyyat-logistik şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Dəyirmi masada qazaxıstanlı və xarici mütəxəssislər mütəmadi konteyner servisinin inkişafını, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların imkanlarını və perspektivlərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin icra vəziyyətini, eləcə də liman infrastrukturunun genişləndirilməsini müzakirə ediblər.

"Arkas Logistics Services Group" şirkətinin vitse-prezidenti M.Çiper yüklərin TBNM vasitəsilə, intermodal nəqliyyat və liman əlaqələrindən istifadə etməklə, Türkiyəyə daşınma imkanlarını yüksək qiymətləndirib.

Dəyirmi masanın yekunlarına dair "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasıyla Çinin Nəqliyyat və Kommunikasiya Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Həmin gün "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası təsisçilərinin ümumi yığıncağı keçirilib. Yığıncaq zamanı TBNM üzrə əvvəlki tariflərə yenidən baxılması və yeni tariflərin (o cümlədən, Ukrayna, Qara Dəniz limanlarının istifadəsi nəzərə alınmaqla) təsdiqlənməsi məsələləri müzakirə olunub. Ümumi yığıncağın qərarı ilə Assosiasiyaya "PKP Genişizli metallurgik yol" MMC (Polşa) yeni assosiativ üzv kimi qəbul edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.