Siyasət

"Gözəl Bayramlı və Əfqan Muxtarlı bu qədər pulu haradan alıb?"

2 İyun 2017 17:14
Baxış: 1 997

"Gözəl Bayramlı və Əfqan Muxtarlının maliyyə maxinasiyalarına və Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması hallarına görə, bu iki şəxslə yanaşı onların təmsil etdiyi siyasi partiyalar, təşkilatlar cavab verməlidir".

Milli.Az xəbər verir ki bu fikirləri azvision.az-a hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə AXCP sədrinin müavini Gözəl Bayramlı və Əfqan Muxtarlının saxlanılmasının radikal müxalifət tərəfindən siyasiləşdirilməsi cəhdlərinə münasibət bildirərkən deyib. 

YAP funksioneri qeyd edib ki, müxalifət təmsilçiləri Gözəl Bayramlı və Əfqan Muxtarlının həbsinin mahiyyətini təhrif etməyə çalışır.

"Həm Gözəl Bayramlı, həm də Əfqan Muxtarlıya konkret ittiham irəli sürülüb. Müxalif düşərgə öz fəallarının xarici ölkə banklarında hansı yollarla vəsait topladığını cəmiyyətə açıqlamaq əvəzinə, absurd fikirlər səsləndirir və faktdan yayınmağa çalışırlar. Hesab edirəm ki, ümumilikdə cəmiyyət onların qiymətini kifayət qədər yaxşı bilir. Bu gün cəmiyyətlə işləmək, onun maraqlarına uyğun təkliflər irəli sürmək, vətənpərvər olmaq, Azərbaycanın milli maraqlarından irəli gələrək çıxış etmək əvəzinə, ölkə müxalifəti bir qayda olaraq böhtan atmaqla, xarici ölkələri Azərbaycanın daxili işlərinə qarışmağa çağırmaqla məşğuldur. Göründüyü kimi müxalifətin iki nümayəndəsi maliyyə maxinasiyalarında, eyni zamanda Azərbaycan qanunvericiliyini ciddi surətdə pozmaqda maraqlıdırlar. Bu suallara hər iki şəxs, eyni zamanda onların təmsil etdiyi siyasi partiyalar da cavab verməlidir". 

A.Mirzəzadə AXCP sədrinin müavininin maliyyə maxinasiyalarından danışarkən vurğulayıb ki, maliyyə hesabatı verməyən, hesabatları boş olan siyasi partiyalar bağlanmalıdır: 

"Bu necə ola bilər ki, siyasi partiya bir il ərzində heç bir üzvündən üzvlük haqqı almasın, ianə toplamasın? Həmin partiya öz siyasi prinsiplərini necə təbliğ edir, partiya saxlayır, qəzet buraxır, sayt təsis edir? Axı, bu işlərin hər biri maliyyə vəsaiti tələb edir. Ancaq, heç bir maliyyə vəsaiti olmadığını iddia edən siyasi partiyanın funksionerlərinin evindən bank hesabları, xaricdən gələrkən isə üzərlərindən külli miqdarda pul çıxır. Bu pullar onlarda haradandır? Müxalifət bu suala cavab verməlidir. Hesab edirəm ki, "Siyasi partiyalar haqqında" qanunda müəyyən düzəlişlər edilərək heç bir maliyyə hesabatı göstərməyən partiyalar sadəcə olaraq qapadılmalıdır. Siyasi Partiya fəal olmalıdır, cəmiyyətlə işləməlidir, ətrafına insanlar toplamalıdır. Sadəcə partiya möhürünə sahib olmaq üçün partiya yaratmaq cəmiyyətin başını aldatmaqdır". 

Bu məsələdə radikal müxalifətin daha çox Gözəl Bayramlı və Əfqan Muxtarlının statusunu qabartmasından danışan YAP funksioneri bildirib ki, cinayətkarın və qanunu pozanın peşəsi, vətəndaşlığı, milliyəti olmur: 

"Qanun hamı üçündür və ona mütləq riayət etmək lazımdır. Müəyyən müxalif partiyalar hesab edirlər ki, hakimiyyətə müxalif olduqlarına görə, onlara hər şey olar. Bu zaman özlərinin müxalifliyini, bu və ya digər fəalın jurnalist olmasını qabartmağa çalışırlar. Hesab edirəm ki, insanı peşəsinə və siyasi baxışına görə deyil, ilk növbədə qanuna münasibətinə görə qiymətləndirmək lazımdır. Adı çəkilən hər iki şəxs qanunu pozduqlarına görə saxlanılıblar və buna görə də qanun qarşısında cavab verəcəklər". 

Müxalifətin radikal qanadının həbslərdən istifadə edərək Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmə cəhdlərin gəlincə A. Mirzəzadə deyib: "Bu gün cinayətkarlıq və qanun pozuntusu ancaq milli sərhədlərlə məhdudlaşmır. Eləcə də başqa ölkələrin hüquq-mühafizə orqanları vaxtaşırı Azərbaycan ərazisində öz ölkələrinin hüquq-mühafizə orqanlarından gizlənən insanların yaxalanması üçün əməliyyat aparırlar və bu zaman Azərbaycan hüquq-mühafizə orqanlarından razılıq alınır. Yəni, bu əvvəldən iki ölkənin razılığı əsasında həyata keçirilən məsələlərdir. Kimlərinsə vətəndaşı olduğu ölkənin qanunlarını pozmasının iki qonşu ölkənin münasibətlərinə hər hansı bir aidiyyatı yoxdur". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.